«Lider» Azərbaycan

Azərbaycanın İqtisadi İnkişaf naziri bəyan edib ki, son 4 ildə, yəni 2014-2018-ci illərdə regionların iqtisadi inkişafı üçün 24.2 milyard (uyirmi dörd milyard iki yüz milyon) manat vəsait xərclənib. Bu rəqəmə uyğun olaraq biz bir il üçün orta-statistik göstəricini çıxartsaq, məlum olacaq ki, bu rəqəm 6 milyard 50 milyon manata bərabərdir. İndi biz bu orta statistik rəqəmi 2000-ci ildən üzü bəri hesablasaq, reqionların iqtisadi inkişafına 18 ildə 110 milyard manatdan çox vəsaitin “xərcləndiyinin” şahidi olarıq.

Əslində bu vəsait yüksək dövlət məmurları tərəfindən mənimsənilib, daha dəqiq olsaq bu vəsait faktiki korrupsiyalaşmış sistem tərəfindən dövlət büdcəsindən silinib və “batmış pullar” kateqoriyasına aid edilib, yəni bu vəsait bir daha büdcəyə qayıtmayacaq. Biz bu korrupsiya şəbəkəsinin bəzi üzvləri haqqında yazmamışdan əvvəl 110 milyard manatın həcmini, yəni nəyə qadir olduğunu özümüz üçün müəyyənləşdirək. Bunu bilmək üçün həmin məbləğin 1\6 hissəsini, təqribən 18 milyard manatı götürmək kifayətdir.

Həmin məbləğə bir milyon ailə üçün sosial təyinatlı mənzillər tikmək olardı ki, həmin vəsait müəyyən bir dövrdən sonra, həmin mənzillərdə yaşayan şəxslərin ödənişi hesabına, büdcəyə qayıdacaqdı. Bir milyon mənzil isə Azərbaycan kimi kiçik dövlətlər üçün böyük rəqəmdir və biz bir ailədə ortalama 4 nəfər ailə üzvü götürsək, bu rəqəm Azərbaycan əhalisinin 2\5-ni ehtiva edir. “Dövlət niyə sosial mənzil layihələrinin icrasında maraqlı deyil?” sualına da gələcək yazılarımın birində qayıdacağam, amma gəlin ilk əvvəl bu 110 milyard manatın aqibəti ilə maraqlanaq. Həmin məbləğin 100 faiz həcmində alındığına imza edən “regional” məmurа məbləğin 90%-i verilir, 10 faiz Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın “xərclərinə” çıxılır, həmin məbləğin ” təqribən 70%-i birbaşa prezident aparatına “təhvil verilir” və orada “məsuliyyət payı” sistemi üzrə bölünür. Yerdə qalan 20%-in də 10%-i yerli məmurlar tərəfindən mənimsənilir, qalan məbləğ isə mərkəzi küçələrin təzə dəyişilmiş bardur və işıq dirəklərinin yenidən dəyişdirilməsinə, lazımsız hasarların çəkilməsinə “xərclənir” və sonda hamı, yəni bu korrupsiya maşınının bütün üzvləri razı qalırlar.

Azərbaycan ilə tanışlığı olmayan şəxs deyə bilər ki, korrupsiya faktı ancaq prezident aparatını öz ağuşuna alıb və elə burdaca həmin şəxsi məyus edim: Azərbaycanda korrupsiya və rüşvətxorluq bütün dövlət strukturlarını əhatə edir. Götürək elə Rövnəq Abdullayevin dədə mülkünü – uzun illərdir ziyan ilə işləyən dövlət neft şirkətini. Gəlin ilk əvvəl bu suala cavab tapaq: Dövlət neft şirkəti niyə ziyanla işləyir? Bu suala cavab tapmaq üçün dövlət neft şirkətinin aldığı avadanlıqların qaimələrinə baxmaq kifayətdir. Dövlət neft şirkəti üçün alınmış avadanlıqların hamısının qiyməti 100-dəfəyəcən şişirdilib və aradakı fərq, təbii ki, prezident aparatının payı veriləndən sonra, rəhbərlik arasında bölünür. Bundan əlavə dövlət neft şirkəti xaricdə özünün ofşor şirkətini yaradıb ki, nefti həmin şirkətə, hər barelində 7 dollar olmaqla ucuz satır və həmin şirkət də dərhal həmin nefti bazar qiymətinə sataraq, dövlət neft şirkəti ilə həmin o 7 dollarları öz aralarında bölürlər.

Necə ola bilər ki, ziyan ilə işləyən dövlət neft şirkətinin əməkdaşları yağ-bal içində üzürlər? Bu arada dövlət neft şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun ancaq Bakıda 1000 ədəd evinin olduğu aşkara çıxıb. Təbii ki, hələ Rövnəq Abdullayevin milyardlıq mülklərinin siyahısı dərc edilməyib, amma gedişat göstərir ki, o gün uzaqda deyil. Çünki artıq Kəmaləddin Heydərovun İngiltərədəki mülkləri, AzTV-nin keçmiş sədri Alışanovun Ukraynadakı əmlakları ictimaiyyətə təqdim edilib. Atalar yaxşı deyib: suda batan meymun balasını ayağının altına qoyar. İndi beynəlxalq korrupsiya reytinqində daha 30 pillə “mənfiyə tərəf” irəliləyən və korrupsiya faklarına görə dünyanın lider dövlətləri sırasında yer alan Azərbaycanın öz məmurlarının korrupsiya faktlarını yavaş-yavaş ifşa etməsi özünü qorumaqdan başqa bir şey deyil.

Gələn yazılarımın birində, yuxarıda söz verdiyim kimi, Azərbaycan hakimiyyətinin sosial layihəli evlərin tikilməsində niyə maraqsız olduğunu araşdırmağa çalışacam.

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP