Boyuvuza qəmiş ölçüm

Mən uşaq olanda kəndimizdə Soli mamu adlı bir pirani kişi vardı, əsəbiləşəndə başqaları kimi 7 mərtəbə söyüş verməzdi, bircə onu deyərdi:

– Boyuvuza qəmiş ölçüm a balaya, bunu niyə belə eləmisiz?

Böyüyəndə öyrəndim ki, Talışıstanda ölən adam üçün qəbr qazanda onun boyunu qəmişlə ölçürmüşlər.

Bunu niyə yazdım, heç özüm də bilmədim. Hə, yadıma düşdü, o gün getmişdim Sverdlovsk vilayətinin Şalya kənd-stansiyasına. Əvvəl onu deyim ki, Şalya stansiyası Sverdlovsk-Moskva dəmir yolu üzərində yerləşir və Sverdlovsk vilayətinin o istiqamətdə sonuncu yaşayış məntəqəsidir, sonra başqa vilayətin ərazisi gəlir. Şalyada bir kəndçim var, meşə işi ilə məşğuldur, sosial şəbəkələrdə də çox aktivdir. Uşaq vaxtlarımızda bircə o yalan danışmağı bacarmadığı üçün biz ona Hacı deyirdik, indi desəm ki, əsl adını bəlkə də uşaqlıq yoldaşlarımızdan heç kəs bilmir, inanmazsız. Nə isə, Hacı məni çox xoş qarşıladı, ordan-burdan danışıb, keçdik talış məsələsinə. Hacı ilk olaraq Fəxrəddin Əboszodənin durumunu soruşdu, mən də Azərbaycanda dərc olunan “Tolışon Sədo” qəzetində Fəxrəddin müəllim haqqında xəbərin getdiyini, həmin xəbərə əsasən onun vəziyyətinin qənaətbəxş olduğunu dedim. Hacının rəngi birdən-birə dəyişdi, rənginin niyə dəyişdiyini soruşdum. O bir müddət susdu, sonra qayıtdı ki, “o qəzet Tolışon Sədo deyil, Rafiqi Sədodur, Tolışon Sədojdur. Rafiq o qəzeti dərc etməklə Talış Milli Hərakatına xəyanət edir, əgər o qəzetə yardım istəməyə gəlmisənsə – çox nahaq, mən düşmən mövqedə olan qəzetə ianə edə bilmərəm.” Mən ilk əvvəl duruxdum, zatən mən o qəzetə görə gəlməmişdim, Hacı ilə başqa qulluğum var idi, amma ilk olaraq Hacıya belə bir sual verdim:

– Hacı, sən niyə guman etdin ki, mən qəzetə yardım etməyin üçün gəlmişəm?

Hacı zatən yalan danışmağı sevmədiyi üçün bütün həqiqətləri açıb, qoydu ortalığa. Sən demə “russki” talışlarından “filankəs” (adını dedi, amma belə bir avantüristin adını hallandırmamağı qərar verdim) Hacıya zəng edib ki, bəs Sverdlovsk talışları hər ay Talış Milli Hərakatının düşməni Rafiq Cəlilova maddi dəstək olurlar, Azərbaycan hakimiyyətinin sifarişini yerinə yetirən Rafiq də onların pulu hesabına hər ay qəzet dərc edir və onlar da Rafiqin qəzetini dünyaya təqdim edib, talışlara qarşı hər hansı bir təzyiqin olmamasından danışırlar. Rafiq qəzet çıxartmasa hakimiyyət xaricə nəyi təqdim edəcək? Üstəlik Rusiya FSB-si də Rafiqə pul göndərənləri sorğu-suala çəkərək, onlara bir daha Rafiqə pul göndərməməyi tapşırırlar, artıq neçə ildir ki, Rusiyada yaşayan talışlar Rafiqə dəstək olmurlar, ümumiyyətlə Rusiyanın heç yerindən Rafiqə dəstək yoxdur, bircə Sverdlovskdan başqa.

Qayıtdım ki, ay Hacı, vallah heç Sverdlovsk talışları da Rafiqə dəstək olmurlar, Sverdlovskda bizim kimi bir-iki nəfər var ki, arada Rafiqə kiçik dəstək oluruq ki, o pulnan da qəzet çıxartmaq qeyri-mümkündür. Üstəlik heç FSB də bizi sorğu-suala çəkmir. Əgər Sverdlovskda qəzet üçün pul yığılsaydı, mənim xəbərim olardı, iki il əvvəl yığmağa cəhd elədik, pul verən olmadı – deyə biz də o işi saxladıq, filankəsə de ki, rahat yatsın, Sverdlovsk talışları, bir-iki nəfəri çıxmaq şərti ilə, qəzetə pul vermirlər. Amma əslində qəzetə dəstək olmalıyıq, çünki Azərbaycanda talışın problemlərini qorxmadan işıqlandıran yeganə mətbu orqan məhz həmin qəzetdir. Rusiyada şir olan o “filankəs” və onun havadarı olan başqa “filankəslər” Azərbaycana gedəndə quzuya dönürlər, heç səsləri çıxmır, üstəlik Rafiqin Bakıda yazdığının yarısını onlar Rusiyada deməyə qorxurlarsa, demək elə onlar özləri Azərbaycan hakimiyyətinin “Tolışon Sədo” qəzetini çökdürmək sifarişini yerinə yetirirlər, necə ki, “Tolışi Sədo”nu çökdürdülər. Birdə ki,ay Hacı, Azərbaycanda “Tolışon Sədo” qəzetindən başqa iki qəzet və bir jurnal çıxıre, hansılar ki, manşetlərində Heydər Əliyevin sözlərini yazıb, talışın hər hansı bir problemini işıqlandırmırlar, nə əcəb o filankəslər həmin jurnal və qəzetlərlə mübarizə aparmırlar? Hacı nə desə yaxşıdır? “Samit, bunlar mənə konkret tapşırdılare, hesab nömrəm nəzarətdə olacaq, mən Rafiq üçün pul göndərə bilmərəm”. İstədim deyim ki, ay Hacı, heç kopəyoğlu sənin hesabına nəzarət edə bilməz, üstəlik pul göndərməyin 100 dənə yolu var, bədəbəddə başqasının adı ilə göndər, amma demədim, zatən Hacı mənən qorxaqdır, mənən qorxaqların mənəviyyatını öldürmək üçünsə bircə hədə-qorxu bəsdir….

….Şalyadan qayıdanda “filənkəslərin” niyə Rafiq ilə düşmənçilik etmələri barədə çox düşündüm, zatən Rafiqin onlarla işi yoxdur, bəs onların Rafiqlə nə ədavətləri? Azərbaycanda talış haqqında həqiqətləri çılpaqlığı ilə deyən bir mətbu orqanın susdurulması üçün çalışan “talışlar”a Soli mamunun bir sözü yaraşır: boyuvuza qəmiş ölçüm…

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP