Bu yazını 10 il öncə yazmışam. Görün bugünkü halımızla səsləşirmi?

31 may 2009-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT • 31.05.2009, 11:23

– Amma, mən gedəcəm. Bu il orta məktəbi qurtaran qızım ”Son zəng” üçün elə gözəl çıxış yazıb ki, eşidənlər hamısı dərin xəyala dalacaq.

– O çıxışın surəti səndə var?

– Əlbəttə, var. Qızım da çıxışını elə “kədərlənirik, sevinirik” kəlmələri ilə başlayır. Ancaq onun kədərləndikləri və sevindikləri tamam başqa şeylərdir. – Daha ürəyimizi çəkmə də, o çıxışı oxu görək.

– Beləliklə, qızım yazıb: “Bu gün axır ki, bu məktəbi bitiririk və buna görə olduqca sevinir və kədərlənirik. Sevinirik ona görə ki, bumbuz, pəncərəsiz, uçuq-sökük otaqlarda dərs oxumaqdan canımız axır ki, qurtardı. Yədin ki, bir də daimi sinfə üzü tüklü, pinti geyimdə, burnunu eşə-eşə gələn bəzi müəllimlərin sifətini görməyəcək, hər gün dərviş kimi 4-5 müəllimin qapısında böyun büküb “ev məktəblərindən” dərs öyrənmyəcək, 2 gündən bir gündəlik pulu adı ilə məktəbə pul aparmayacağıq. Sevinirik ona görə ki,…” – Nənəli, bir az da nəyə kədərlənir, həmin yerlərdən oxu.

– Qızım çixışının “Kədərlənirik” bölümündə yazır: ”Kədərlənirəm ona görə ki, bu gün məktəbi bitirdikdən sonra müstəqil həyata qədəm qoycaq, amma müstəqil həyatda başıma nə daş tökəcəyimi özüm də bilmirəm. Tutaq ki, pis-yaxşı ali məktəbə qəbul olundum. O qədər təhsil haqqını, semestrlərdə imtahan, zaçot pulunu dədəm 100 manat məvaçibi ilə necə ödəyəcək? Heç qardaşıma kirayə ev tapa bilmirik, mən, qız uşağı üçün o yataqxanasız ali məktəblərdə necə ev tapacam? Daha sonra Ali məktəbi qurtarandan sonra harada iş tapacam, çüzi maaşla cehiz pulunu necə düzəldəcəyəm? Bir də kədərlənirəm ona görə ki, son zəngin təşkili üçün faizə götürdüyümüz pulu atam necə aya verib qurtaracaq. Kədərlənirəm ki,…“

– Nənəli, saxla. Lap ürəyimi partlatdın. Bu ki, mərsiyədir. Belə şeyləri “Son zəng” yox, “Əcəl zəng”i zamanı oxuyarlar.

– “Əcəl zəng”i dedin, 1-2 həftə öncə icra hakimiyyətində çalınan “kadr zəng”i yadıma düşdü. Təzə kadrlardan gözün nə su içir?

– Cavan uşaqlardır da, yəqin ki, yaxşı işləyərlər. Eşitdiyimə görə, onlardan biri Dərnəgüldəki taxta–şalban bazarının zəmanəti ilə gəlib.

– Elə yaxşıdır da. Yoxsa, kasıb–kusubu gətirirlər vəzifəyə, onlar da hər icra hakimiyyətinə işi düşənlərin birindən toy pulu, birindən yas pulu, o birisindən ad gününə köynək aldırır, lap kasıbına 3-4 kiloqram ət, kontur və sair aldırırlar.

– Bax, indi tapdın. Varlı ailələrinin uşaqlarını vəzifəyə gətirmək çox faydalıdır. Onlar belə idarələrə pul qazanmağa yox, qohumlarının pulunu qorumağa gəlirlər. Bir də ki, ya cavan, ya qoca, ya yarımqoca olsun, onsuz da hamısı o balaca qəlibdə çabalamağa məcburdurlar. Ayağını çevrədən çölə qoyanın o binada başı gedir.

– Əgər bir rayonun başçısı özü etiraf edirsə ki, mənim təhsildən, səhiyyədən başım çıxmır, görəsən, onun başı nələrdən çıxır?

– Bax, belə axmaq-axmaq sohbətləri eşitməməki üçün vəzifəyə getmirəm də. Yoxsa, nə var ki, “3 manat pul, bir kəllə qənd”, bir az yaltaqlanmağı, bir az xəbərçiliyi bacar, vəssalam, olsun yerin məlum.

Zahir Əmənov

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP