Azizə İsmailova: Masallıda ağır qəza … DYP hara baxır?

Bu gün səhər baş verən bu qorxunc qəza xəbəri haqda yazmaq istədim…Fikirlərim allaq-bulaqdır amma, qəza yerindən şəkil və videolara baxınca, yazmaq istədim. Çox istərdim ki, hövsələnizi basıb sonuna kimi oxuyasınız….

“Bu gün səhər Masallıda yük maşını Mersedes “Vito” markalı mikroavtobusla toqquşub. Toya gedirmişlər.

Qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib.

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.”

VƏ ƏN DƏHŞƏTLİSİ: Vitonu idarə edən adam QEYRİ QANUNİ onun sükanı arxasında olub… Təsəvvür edirsiniz? qeyri qanuni. Onun sərnişindaşıma fəaliyyəti göstərmə səlahiyyəti olmayıb. Öz kefinə, öz istəyinə 8 nəfəri o dünyaya göndərdi…

Məhz bu qəzanın dəqiq hansı səbəbdən baş verməsi hələki məlum deyil və heç məlum da olmayacaq. Həmişə olduğu kimi “idarəetməni itirdi, qəza oldu və öldülər”lə məsələ xətm olunacaq… Bu günə kimi heç eşitdiniz və ya gördünüzmü ki, hansısa qəzanın səbəbi araşdırılsın və həmin o idarəetmənin itməsinə nəyin səbəb olduğu açıqlansın? Yox. Eşitməyəcəksiniz də. Çünki… çünkisidə yoxdu ki, bu işin. Eləcənə yoxdur, vəssalam.

Bu günkü qorxunc qəzanın baş verdiyi yolda sürücülərin nə hoqqadan çıxdıqlarını elə facebook və instaqramdan asanlıqla görmək mümkündür. Həmin yolda 150-160 sürətllə “uçanların” canlı yayımlarında dediklərinə əsasən yolda nə bir dənə radar, nə də yol polisi yoxdur… Ağıllı bildiklərimizdən bu yana daha kimlər o yolda sürət həddinin aşmasını göstərən şəkillər videolar paylaşmadı ki burda?…

Bəli, nə qədər maraqlı görünsə də daim yol polisinin və radarların çoxluğundan şikayətlənən yurdumun insanının başında Domokl qılıncı olmasa, onun beyni işləmir.

Bizim sürücülər sürəti ancaq polisə və radara görə nizamlayırlar. Nə evdə onları gözləyən anaları, nə övladları nə də heç bir əzizləri veclərinə belə deyil. Bu düşüncəli insanlardan nə özləmək olar ki?…

Ən maraqlı olanı- sosial şəbəkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu özü fəxrlə nümayiş etdirən minlərlə insandan bir nəfəri məsuliyyətə cəlb olunmur. Heç kimi çağırıb soruşan yoxdur ki, “ay hörmətli, müəllim, yolda o nə hoqqadır çıxarmısız və hələ üstəlik fəxrlə də paylaşmısınız?”…

Bunun adı hər iki tərəf üçün məsuliyyətsizlik deyilsə onda nədir?

Ağlı başında olan bir adam sükan arxasında canlı yayım açıb dinlədiyi mahnını, getdiyi sürəti niyə nümayiş etdirsin və ya “Dostlar, gəlin söhbət edək, nə var, nə yox” söhbəti etsin ki?
Dostlar da qoşulsun söhbətə, tam bir bazar. Məllim, sürətin zordu haaa-deyib daha da qaza gətirsinlər sürəni…

Məsuliyyətsizlik deyil də nədir bunun adı?

Qorxunc sonucla bitən qəza hadisələri yollarımızda az qala adi hala çevrilib. İstər şəhərin içində, istər rayonlar arası yollarda hələ rəsmi işıqlandırılanların sayı-hesabı yoxdur.

Baxmayın ki, il sonunda Statistika Komitəsinin və ya DYP-nin hesabatlarında heç nizamını pozmayan bu cümlə həmişə var: “… görülən işlən və keçirilən tədbirlər nəticəsində ötən illə müqayisədə qəzaların sayı filan qədər, qəzalarda ölən və yaralananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə filan qədər azdır…”

Doğrudanmı azdır?…Siz bu azalmanı hiss edirsinizmi? Bu suallara rəqəmlərin öz, fərdlərin öz cavabı ola bilər. Oxuduğum bu qədər qəza xəbərləri, yollarda müşahidə etdiklərim bir fərd kimi mənə “bəli,azdır” deməyə əsas vermir… sizə bilmirəm..

Görəsən yollarda niyə qırılıb batırıq? Zənnimcə, bunun ƏN ƏSAS bir səbəbi var: MƏSULİYYƏTSİZLİK. Biz ya məsuliyyətimizi itirmişik ya da o bizə ilahidən verilməyib….

Cəmiyyətdə “məndən ötsün, xalama dəysin” prinsipi üstün tutduğu üçün sanki heç kim başqasının həyatını düşünmür…

Yollarda sürətdən həzz alan insan elementar olaraq bilmir ki, onun idarə etdiyi avtomobilin gücü hansı sürət aralığındadır və onun öz beyin reaksiyası hansı sürətdə işləməyə qadirdir? Getdiyi yoldakı asfalt örtüyü, yolun vəziyyəti havanın temperaturu təzyiqlə sürət arasında hansı aralıqda balans yarada bilər?

Yolda 150-160 la “yehuuuuu” edən adamlar düşünmür ki, o sürətlə təkərin altına düşə biləcək kiçicik bir maneədən yaxud qarşılarına çıxa biləcək it-pişikdən yayınmaq istəsələr sükan onların sözünə hansı sürətə kimi baxa bilər? Ani əyləcləmə etsələr nə baş verə bilər?

Bəli, hər bir sürücünün bilməli olduğu ən elementar, ən sıradan şeylər haqda bilgisi olmayan insanlar istədikləri kateqoriyada “prava” alırlar və insan daşıyırlar. Nə o sənədi verənin, nə də alanın ruhu incimir… əvəzində günahsız insanlar qurban olurlar, yollar qan gölünə dönür. Bunun adı məsuliyyətsizlik deyil, bəs nədir?

Qırılırıq yollarda. Günahsız insanlar yaşamını itirir. Bir halda ki, qanunla nizamlamaq mümkünsüzdür, o zaman qanunsuz tərəfini ağırlaşdırın o “ölüm sənədlərinin”. Elə bir qiymət qoyun ki, hamı ala bilməsin. Ən aşağısı 12 minə edin, texniki baxışı 300-500 manata qaldırın…

Onsuzda qazanc eyni qazanc olacaq, barı ölənlərin sayı azalsın… Yazıqdır bu millət…

Mənbə: Azizə İsmailova

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP