Haci Allahverən Nəzərov

Hacı Allahverən Süleyman oğlu Nəzərov 30 iyul 1950-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olub. 1967-ci ildə Lənkəran rayonunun Kirov (indiki İstisu) qəsəbə tam orta məktəbini bitirib. 1967-1968-ci illərdə Şirəli Axundov adına çayçılıq sovxozunda (Havzava kəndi) fəhlə işləyib. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) filologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni müvəffəq qiymətlərlə bitirmişdir.

1973-1974-cü illərdə (may) Sovet Ordusu sıralarında əvvəl Ukrayna SSR-in Korosten, Priluki ,daha sonra isə Rusiyanın (RSFSR) Ryazan şəhərlərində həqiqi hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Havzava kənd səkkizillik (1986-cı ildən tam orta) məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmişdir. 2015-ci ilə qədər 41 il fasiləsiz olaraq bu məktəbdə çalışmışdır. 1978-2002-ci illərdə məktəb həmkarlar təşkilatının sədri işləmişdir.

Savad və pedaqoji ustalığı nəzərə alınaraq Baş müəllim (1985-1994) adına layiq görülmüşdür. Haqqında dövrü mətbuatda, “Havzava” (2009) və “Havzava məktəbi” (2009) kitablarında məlumat verilmişdir. Müxtəlif vaxtlarda kənddə fəaliyyət göstərən məntəqə seçki komissiyasının üzvü, katibi və sədri olmuşdur.

Müqəddəs Həcc (2013), Kərbəla və Məşhəd (2014) ziyarətlərində olmuşdur. Bir çox məqalələrin müəllifidir. Məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Bu gün respublikamızda peşə təhsilinə böyük önəm verilir, peşə təhsili üzrə layihələr və dərsliklər hazırlanır. Hacı Allahverən Nəzərov da bu layihələr daxilində dərslik müəllifi kimi fəaliyyət göstərir, “Arıçılıq” la bağlı dərsliyin hazırlanmasında iştirak edir.

Bu heç də təsadüfi deyildir, çünki Hacı Allahverən Nəzərov eyni zamanda gözəl arıçıdır. Şəxsi arıçılıq təsərrüfatı vardır. Uzun müddətdir ki, bu maraqlı və əhəmiyyətli sahə ilə məşğul olur. O, həm ziyalı, həm mömin, dindar şəxs kimi kəndin ictimai həyatında, sosial problemlərinin həllində, xeyriyyə işlərində fəal iştirak edir.

Ailəlidir, 4 övladı, 10 nəvəsi vardır.
Çox hörmətli Allahverən müəllimi doğum günü münasibətilə təbrik edir,ona sağlam həyat arzulayırıq.

TolishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP