GÖZƏL NƏĞMƏLƏR MÜƏLLİFİ

Oqtay Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub. Orta məktəbi Astarada bitirdikdən sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş,Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələmişdir.

O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyli adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş, Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-67-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim və dərs hissə müdiri işləmişdir. Həmin illərdə “Eksperiment” estrada orkestrini yaratmışdır. Sonrakı illərdə filarmoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq çalğı alətləri fakültəsində dərs demişdir.

Onun mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, İlhamə Quliyeva,Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Yalçın Rzazadə və başqa korifey sənətkarlar ifa etmişlər.

Onun xalq çalğı alətləri üçün konsertləri, “Millətin oyaq gecəsi”vokal simfonik poeması, “Qarabağ”rapsodiyası,təntənəli uvertüralar, 60-a yaxın teatr tamaşalarına bəstələdiyi musiqiləri: Akademik Dram teatrında “Büllur sarayda”, “Qılınc və qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə fəthi” vəs, rus dram teatrında “Şeyx Sənan”, musiqili komediya teatrında “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya” operettaları, dillər əzbəri olmuş müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verməklə yanaşı, tarixilik baxımından da əhəmiyyətli olmuşdur.

Oqtay Kazıminin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O,1992-ci ildə əməkdar incəsənət xadimi, 2006-cı ildə xalq artisti fəxri adlarına və prezident təqaüdünə layiq görülmüşdür. O. Kazımi Azərbaycanda ilk rok- operanın müəllifidir. Onun mahnılarının bir hissəsi geniş auditoriya kütləsinə hələ də təqdim edilməmişdir.

Ömrünü doğma Azərbaycanımızın musiqisinə həsr edən Oqtay Kazımi 9 avqust 2010-cu ildə 77 yaşında Bakıda vəfat etmişdir.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP