LERİK SƏFƏRİ VƏ YA BABAGİL TÜRBƏSİNƏ ZİYARƏT

Bu gün Bakıda yaşayan bacım, kürəkənim, bacımın övladları və digər qohumlar Lerik rayonundakı Babagil türbəsinə ziyarətə getdik. Bu “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri” kitabında 18 abidəsi, haqqında dövrü mətbuatda onlarla məqalə dərc etdirdiyim və sosial şəbəkədə 20-dən çox paylaşım etdiyim Lerik rayonuna sayca ikinci səfərim idi.İlk səfərim 36 il öncəyə, 1983-ü ilə təsadüf edir. Həmin vaxt 13 yaşında olarkən rayonun Zuvand bölgəsində yerləşən Göydərə kəndinə, göydərəlilərin gəlini olan bibimin qaynının toyuna getmişdim. İkinci səfərim isə yuxarıda qeyd etdiyim kimi ziyarətlə bağlı idi. Səhər saat 10.05-də evdən çıxıb Lerikə üz tutduq. Babagil türbəsi Lənkəran – Lerik şose yolunun 40 kilometrliyində yerləşən rayonun eyni adlı kəndində, Piran bölgəsində yerləşir. Havzava kəndindən Babagilə getmək üçün Lənkəranın Havzava kəndi, İstisu qəsəbəsi, Girdəni kəndi, Lənkəran şəhəri, Darquba, Kərgəlan, Şağlakücə, Qurumba, Narbağı, Rvo, Mollakənd, Şovu, Təngivan kəndlərini, Lerik rayonunun isə Piran (keçmiş 20-ci km – Vis verst), Hamarmeşə (30-cu km), Peştətük kəndlərini, RELAX istirahət mərkəzini keçdik. Saat 11.45-də Lerik rayonunun giriş qapısı sayılan PİRAN kəndinə çatdıq. Saat 12.20-də Babagil türbəsində olduq. Babagil türbəsi respublikamızın tanınmış ziyarətgahlarından biridir. XV-XVI əsrin dini-tarixi abidəsi hesab olunur. Türbə (ocaq) Nizaməddin Əmir Şahsevər Gilani Kəsgərinin adı ilə bağlıdır.

Türbə qəbiristanlıqla eyni ərazidə yerləşir. Türbədə bir sıra təəccüblü məqamlarla rastlaşdım. Bu təəccüblü məqamlarla bağlı İnşallah sabah yazıb, paylaşım edəcəyəm. Burada dəftərçədə qeyd aparmağım nəzarətçilər, türbəyə baxanlar üçün bir qədər təəccüblü və maraqlı göründüyündən onlar bunun səbəbini soruşdular. Onlara tədqiqatçı-tarixçi olduğumu, Babagil türbəsi haqqında məqalələr yazıb dərc etdiyimi bildirdikdən sonra əhval-ruhiyyə dəyişdi. Beləliklə, Babagil türbəsini ziyarət edib, qurban kəsib, şəkillər çəkib və qeydlərimi götürdükdən sonra saat 13.25-də ziyarətgahı tərk edib, Lənkərana qayıtdıq. Lerikin təbiəti məni valeh etdi. Lerik həqiqətən cənnət imiş.

Lənkəran-Lerik yolunun genişləndirilməsi, yolun asfaltlaşdırılması olduqca xoş təsir bağışladı. “Ən böyük mədəniyyət yoldur” heç də əbəs yerə deyilməmişdir. Piran kəndi sanki kiçik bir şəhəri xatırladır.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP