Azərbaycan demokratik prinsiplərlə yox, tayfadaxili yazılmamış qanunlarla idarə olunmağa məhkum edilmiş bir ölkədir.

Bəzi talış fəalları hələ də Azərbaycanı demokratikləşdirmək xəyalına qapılıb, bu yolla Talışlar üçün özünüidarə hüququ əldə etmək təbliğatını aparmaqla xalqımızı mubarizəmizin əsas hədəfindən yayındırmaq istəyirlər. 4 il bundan qabaq mənim hazırda fəaliyyətini dayandırmış “Talışpost” saytına verdiyim musahibədə toxunduğumuz məqamlar hələ də aktuallığını saxlayır. Bu məqamlar hakim tayfanı o qədər diksindirdi ki, o hətta “Fasebook”da da bu musahibəni bloklatdıra bildi.  Xalqımızın bu tayfa hokuməti ilə barışdırıcı mövqedə duran bəzi ziyalıların nə qədər qeyri-real və xəyali bir mövqedə durduqlarını göstərmək üçün həmin musahibəni azacıq ixtisar, dəyişiklik və əlavələrlə oxucularımızın diqqətinə çatdırmağı faydalı hesab edirik.

-Zahirəddin müəllim özünüz haqqında ətraflı məlumat vermənizi xahiş edirik.


-Lənkəranın Şağlaser kəndində 1954 – cü il fevralın 22-də anadan olmuşam. Əvvəl Lənkəran pedaqoji texnikumu, sonra ADU-nun tarix fakultəsini bitirmişəm. 2 il Sovet Ordusu sıralarında xidmət etmişəm. Doğma kənddə müəllim işləmişəm. 1989-cu ildə “Avesta” talış mədəniyyəti cəmiyyətini yaradanlardan biri olmuşam. 1995 -ci ildən 2004 – cü ilədək Rusiyada mühacir həyatı yaşamışam. 2007-ci ildə bir qrup həmfikir məsləkdaşların təşəbbüsü ilə Moskvada “Talış xalqının hüquqlarını müdafiə komitəsini” yaratdıq. Məni həmin Komitənin sədri seçdilər. Hazırda Yekaterinburqda yaşayıram.

-Fəaliyyətiniz nədən ibarətdir, hansı sahələri əhatə edir?

-Əvəlcə Komitə üzvlərimizin sayı 10 nəfər idı. Sonra tərkibdən gedənlər və əlavə üzv olanlar oldu. Hazırda sayımız 8 nəfərdir. Rusiyada və AR -da yaşayırlar. Fəaliyyətimizin əsas məqsədi talış xalqının kollektiv hüquqlqrının reallaşdırılması uğrunda mübaruzə aparmaqdır. Azərbaycanda aktiv siyasi mübarizə aparmaq mümkün olmadığına görə, burada fəaliyyətimiz, əsasən, bəyanatlar vermək, müraciətlər qəbul etmək və xalqımızım hüquqsuz vəziyyəti barəsində publisistik məqalələrlə çıxış etməklə məhdudlaşır. Rusiya Federasiyasında isə vəziyyət tam əksinədir. Buradakı talış ictimai təşkilatlarının bir qisminin yaradılmasında, aktiv fəaliyyət göstərməsində, müxtəlif tədbirlərin keçirilməsində Komitə üzvlərinin fəaliyyəti müstəsna rol oynamışdır. Elə indinin özündə də bu ölkədə talışların keçirdikləri tədbirləri onlaın iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

-“Talış xalqının hüquqlarının müdafiə komitəsi”nin rəhbəri kimi gördüyünüz işlərdən razısınızmı?


-Bizim fəaliyyətimiz bilavasitə xalqımızla bağlıdır. Gördüyümüz işlərin nəticəsi də onun nə dərəcədə siyasi cəhətdən aktiv olmasından asılıdır. Təəssüflə demək istəyirəm ki, xalqımızın siyasi aktivlik dərəcəsi aşağı səviyyədədir. Bunun da bir sıra obyektiv səbəbləri vardır. Lakin bu tamam başqa söhbətin mövzusu olduğuna görə bu haqda danışmaq istəmirəm. Ümumən Komitəmizin işindən tam razı qalmaq mümkün deyil. Çünki bu 12 il ərzində biz xalqımızın siyasi fəallığını kifayət qədər artırmağa,Talış milli hərəkatın siralarını möhkəmləndirməyə səy etsək də yüksək nəticə əldə edə bilmədik. Bu cür vəziyyətin günahını mən qətiyyən Komitə üzvlərində görmürəm. Onların hamısı adları Talış xalqının azadlıq mübarizəsinin tarixinə qızıl hərflərlə yazılmağa layiq olan möhkəm əqidəli mərd insanlardar.Onlar xalqımızın milli iftixarıdırlar. Bu cür nisbi uğursuzluğa tamamən başqa kontekstdə yanaşmaq gərəkdir. Problemlərimizin hamısının səbəbı gəlib bir nöqtədə cəmləşir ki, bu da, Talış ziyalılarının mütləq əksəriyyətinin xalqımızın hazırkı acınacaqlı vəziyyətinə tam biganə münasibət göstərməsidir. Bir talış məsəlində deyildiyi kimi su gərək altdan çıxsın. Quyuya üstdən su tökməklə onu doldurmaq qeyri- mümkündür.

-Talış bölgəsi sosial-iqtsiadi baxımdan böhran vəziyyətindədir. Əhali ev-eşiklərini sürətlə tərk edir. Sizcə dövlət bunun qarşısını hansı üsullarla almalıdır və niyə almır?


-Əslinə qalsa bu iqtidarın məqsədi heç də xalqa xidmət, və onun firəvanlığını təmin etmək deyil. Onun mövcud olduğu 26 illik bir dövrün təhlili bunun dəqiq sübutudur. SSRİ- nin dağılması ərəfəsində bütün iqtisadçılar və siyasi analitiklər haqlı olaraq deyirdilər ki, müttəfiq respublikalardan Ukrayna və Azərbaycan öz əhalisinin yüksək həyat səviyyəsini təmin etməyə ən böyük imkanı olanlardır. Hazırkı vəziyyətə baxanda biz bunun tam əksini görürük və bu heç də təsadüfi deyil. Çünki bu iki ölkə dünya imperialist qüvvələrin geostrateji maraqları daxilindədir, buranın hakim elitası da məhz bu qüvvələrə can-başla xidmət etməkdədir. Hap-gopla söylənilən “müstəqillik, azadlıq” və sair kimi şüarlar yalnız xalqın başını qatmaq üçün deyilən gəlişi gözəl sözlərdir. Mövcüd qlobal bir plana görə Azərbaycanin sadə camaatı dünya ağalığına can atan qlobalist qüvvələrin əsgəri olmalıdır. O nə qədər kasıb və ehtiyac içində yaşasa,onu bu qüvvələrin avantürasına cəlb etmək bir o qədər asan olacaq. Suriya hadisələrində iştirak edən azərbaycanlılar ilk qaranquşlar idi və bu böyük qlobal proyektin bir hissəsidir. Təkcə Talışıstan, AR -nın bütün əyalətləri böhran içindədir. Ölkənin statistik rəqəmləri tam yalan və “pripiska” olduğundən onlara əhəmiyyətlə yanaşmaq mümkün deyil. Bu cür varlı bir məmləkətdə əhalinin mütləq əksəriyyətinin səfalət içində yaşamasının əsas səbəbi ölkənin məhz bu proyektin obyekti olması, digər səbəbi isə orta əsr tayfa ənənələri ilə idarə edilməsindədir. Ölkə Konstitusiyasınin tələblərınə məhz hakim tayfa tərəfindən məhəl qoyulmur. Və dövlət təsisatları içərisində eləsi qalmayıb ki bu cür vəziyyətə etiraz etsin. Çünki bunların hamısı bir tayfanın əlindədir və onlar dövlətin bütün səlahiyyət “rıçaqlarından” yalnız öz tayfa və şəxsi mənafelərinə istifadə etməkdədirlər.

-Hakimiyyət nümayəndələri çay sahələrini dədə-babadan çayçılıqla məşğul olan fermerlərin əlindən alıb oliqarxlara vermişdir ki, bu da sahənin suqutunu yaxınlaşdıran qərardır.


-Bu sahənin süqutu Heydər Əliyevin hakimiyyətə bərpa olunması ilə başladı. Talışıstanın bütün çay sahələri və çayçılıq, təsərrüfatın bir sahəsi kimi bilavasitə yuxarıların əmri ilə aradan qaldırıldı. Buraya Talış meşələrinin qırdırılmasını, bütün sənaye muəssisələrinin ləğv edilməsini, elektrik və qaz təchizatının dayandırılmasını, eləcə də tarixi abidələrimizin məhv edilməsini də əlavə etsək, görərik ki, bütün bu əməllər Talış zonasına qarşı aparılan planlı, sistematik bir siyasətin nəticəsi idi. İndi guya cay sahələrinin bərpa edilməsinə dair dövlət planı-filanı camaatın başını qatmaq üçün aparılan təbliğatdır. Çayçılığı ona görə dağıtmayıblar ki, onu bir də bərpa etsinlər.

-Bəzi dairələr Talış Milli Hərəkatının üzvlərini separatçılıqda ittiham edirlər. Bu nədən irəli gəlir?

-Bəzi dairələr yox, azər-türklərin yazı-pozunu az-maz bacaranların 99 faizi bizi – yəni özünə talış deyənləri, öz talışlığı ilə fəxr edənləri separatçı adlandırır. Amma Naxçıvanın dövlət müstəqilliyini, ta H. Əliyev hakimiyətə qayıdana qədər Azərbaycandan tam ayrıldığını, elə indinin özündə də onun dövlət müstəqilliyini guya görmürlər və ya özlərini görməzliyə vururlar. Amma nəinki biz, həm də bütün ictimaiyyət bunu görür və bunların bizə yapmaq istədiyi separatçı “yarlıkının” ilk növbədə bu hakim zümrəyə və onların havası ilə oynayanlara aid olduğunu yaxşı dərk edirlər. Bir də ki AR -da mövcud olan hazırkı dözülməz ağır siyasi şəraitdə separatçı olmaq üçün böyük bir siyasi cürət və cəsarət tələb olunur. Hər adamın işi deyil belə bir çağırışa sinə gərsin və separatçılığı ilə fəxr etsin. Onu da qeyd edim ki, bizim separatçılığımızla bu tayfa separatçılığının əsas fərqi ondadır ki, bizim fəaliyyətimiz son nəticədə bütün Azərbaycanın xeyrinə, onların hərəkətləri isə öz tayfasının mənafeyinə yönəlmiş bir əməldir.

Ümumən desək, hiss olunur ki, Talış Milli Hərəkatını içəridən dağitmaq üçün bir proyekt mövcuddur. Və bu plan bir neçə istiqamətdə aparılır. Biz heç kəsə ilişmədən öz ideyamızı tam demokratik normalara müvafiq qaydada yaymaqla məşğuluq. Bizə qarşı məhz hər hansı bir talış tərəfindən edilən hücum belə bir əlaməti tam aydınlığı ilə ortaya qoyur; bu adam ya adi bir “obıvatel” səviyyəsində azərpropun apardığı təbliğatın qurbanıdır, siyasi prosesləri də elə o səviyyədə dərk edib bu hərəkəti edir, ya hökumətin xoşuna gəlib ondan talış üçün bir şey qopartmaq təşəbbüsündədir, ya da AR xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirir. Amma bu “obıvatel”-talışlar nədənsə fikirləşmirlər ki, pantürkizm ideologiyası bu ölkədə yeridilən dövlət siyasətidir. Bu siyasətdə qeyri-türk xalqlara yer yoxdur: hamı özünə türk deməlidir. Azərbaycan dövləti bu siyasəti yeritdiyi halda ölkənin digər xalqlarına hec bir güzəştə gedə bilməz, yəni özü öz yeritdiyi siyasətə zidd gedə bilməz. Bu mümkün olmayan şeydir. O ki qaldı konstitusiya normalarına, yuxarıda dediyim kimi qanun-zad bu tayfanın qulağına girmir. Onların öz daxili yazılmamış tayfa qanunları var və ölkə həmin qaydalarla idarə olunur.

-Azərbaycanda gedən siyasi proseslər Sizi qane edirmi?

-Təsəvvürünüzə bir orta əsr şərq dövlətini gətirə bilərsizmi ki, orada demokratiyaya (məsələn, Qədim Yunanıstan və ya Qədim Romaya oxşar) əsaslanan bir siyasi proses olsun? AR-da elə indinin özündə də ictimai şüur elə o dövrün səviyyəsindədir. Baxmayaraq ki, XXI əsrdə yaşayırıq, insanların elm və bilik səviyyəsi müqayisəedilməz dərəcədə artıb, amma ictimai şüur bir o qədər də irəli getməyib. Tayfa və qohumluq münasibətləri indini özündə də cəmiyyətdə əsas və həlledici rol oynayır. İndiki Azərbaycan Respublikasının ərazisi Rusiyaya ilhaq olunana qədər nahaq yerə xanlaqlara bölünməmişdi ki. Bu elə sovet dövründə də belə idi. Özüz fikir verin; elm sahəsində inhisar Naxçıvan-yeraz tayfasının, musiqi sahəsində Qarabağ tayfasının, ədəbiyyat sahəsində Qazax-qraz tayfasının əlində idi. Əlbəttə son onillikdə elmi -texniki tərəqqi, xüsusən internet və sosial şəbəkələrin inkişafı ədəbiyyat və musiqi sahəsində tayfa inhisarçılığını xeyli zəiflədib . Lakin iqtisadiyyatın bütün sahələri, ticarət , bank və maliyyə sektorları, eləcə də siyasət tamamən hakim tayfanın inhisarındadır. Belə bir total monopolist rejimin mövcud olduğu bir ölkədə xalqın mənafeyinə hər hansı bir siyasi prosesin baş tuta biləcəyinə umid etmək əbəs bir şeydir. Azərbaycan demokratik prinsiplərlə yox, tayfadaxili yazılmamış qanunlarla idarə olunmağa məhkum edilmiş bir ölkədir.

-Azərbaycanda demokratiyanın vəziyyətini nəcə qiymətləndirirsiniz?

-Azərbaycanın dövlət quruluşu hələ 1920-ci ildə elə tərtib olunmuşdu ki, Naxçıvana verilmiş əsassiz muxtariyyət bu bölgə elitasının Azərbaycanda hakim mövqe əldə etməsinə gətirib çıxartmalı idi. Bu belə də oldu. SSRİ-nin son illərində bu tayfa artıq Azərbaycanda siyasi gücü tamamən öz əlində cəmləmişdi. Hazırda onun yaratdığı mütləqiyyət rejimini demokratik bir vəziyyətə gətirməyin yeganə yolu AR-da əsaslı dölət islahatı aparmaqdan keçir. Çünki hazırkı ” status- kvo”nun saxlanacağı şəraitdə hətta indiki tayfa hakimiyyətdən getsə belə, başqa bir tayfa hakimiyyətə gəlib öz qohum-əqrabasını başına yığaraq xalqı talamaqda davam edəcək. Bu cür qeyri- normal vəziyyətdən yeganə çıxış yolu federativ dövlət quruluşuna keçməkdir. Bu cür islahatın aparılması ölkə regionlarının bərabərhüquqluluğunu təmin etməklə Naxçıvan tayfasının hakimiyyət səlahiyyətlərindən sui-istifadə imkanlarını xeyli məhdudlaşdırar, digər regionların ölkənin siyasi həyatında fəal iştirakına geniş imkanlar açmış olar. Yəni Azərbaycanın real demokratik bir üsul-idarə formasına keçməsinə və ölkənin tayfa psixologiyası ilə idarə edilməsinin qarşısını almaq üçün əlverişli bir şərait yaratmıiş olar.

-Azərbaycandakı talış təşkilatlarının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-Hansı talış təşkilatlarını nəzərdə tutursuz? Mən tək bircə RTMM -ni tanıyıram. O da Sovet dövründən qalmadır. Tayfa rejimi onu formal olaraq ona görə saxlayıb ki, dünya ictimaiyyətinin gözünə kül üfürsün, onun nəzərində özünüə sivil bir ölkə, tolerant bir xalq imici yaratsın. Bu təşkilatın mövcud olduğu 25 illik bir müddət ərzində hökumət mütəmadi olaraq onu sıxışdırmış, onun fəaliyyəti üçün heç bir imkan yaratmamışdır. Ümumən desək, bizə qarşı aparılan total etnosid siyasəti şəraitində bu dövlətdən xalqımız üçün xeyirxah bir əməl gözləməyə heç bir əsas yoxdur. “Tolışon sədo” qəzetinin bu günkü acınacaqlı vəziyyəti bu məmləkətdə nəinki Talış təşkilatlarına, ümumən Talış xalqına, onun mədəni və siyasi inkişafına olan münasibətin bariz nümunəsidir. Qaldı AXDP, hokumət onun təşəbbüs qrupuna qarşı o qədər təxribati hərəkətlər törədir ki, onun yaranma ehtimalı yox səviyyəsindədir.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP