Azəri dilinin tarixinə bir baxış

1) Hörmətli yoldaşlar və əziz dostlarım yazdığım bu məqalə çox ciddi mənbələr əsasında hazırlamışam. Qeyd edilənləri sübuta yetirmək üçün əlimizdə olan , eləcə də xarici ölkələrdə mövcud olan və hamının da əli çatan saysız- hesabsız mənbə və sənədləri göstərmək olar. Lakin, bu yazıda həmin sənədlərin hamısının adını çəkmək mümkün olmadığına görə, bir neçə sənədi misal kimi göstərməklə kifayətlənib məqaləni yekunlaşdıracağam. Təbii ki, burada kimsənin kimliyi inkar edilmir.

2) Adətən bizim dırnaqarası “tarixçilər” və facebookun millətçi kütləsi bu nəzəriyyəni Pəhləvilərə və onun əlaltısı adlandırdıqları Əhməd Kəsrəviyə bağlayırlar. Əvvəla bunu qeyd edim ki, bu ağızdan – ağıza gəzdirdikləri bu məşhur “klişe” də yalan imiş. Necə?

Əhməd Kəsrəvi “Azəri dili” məqaləsini 1921-ci ildə, kitabını isə (Azərbaycanın qədim tarixi) 1925 – ci ildə tamamlayıb. Deməli, bu kitabı yazmaq üçün azı bir neçə il lazımdır. Pəhləvilər isə hakimiyyətə 1925-ci ildə çevriliş edərək gəlib. Burdan belə çıxır ki, Əhməd Kəsrəvi bu əsəri Qacarlar dönəmində yazıb, yəni Pəhləvi ilə əlaqəsi yoxdur. Bu alimi öz dini – siyasi baxışlarına görə nə Pəhləvi rejimi sevirdi, nə də İslam inqilabçıları. Baxmayaraq ki, İmam Xomeyninin Kəsrəvinin digər sahələrdəki yanaşma tərzini tənqid etsə də , lakin Kəsrəvinin tarixçilik səbkinə baxışı üst-üstə müsbət qiymətləndirilir. Xomeyninin fikrincə:

“Kəsrəvi yaxşı yazar idi, lakin qürura düçar oldu”. O, Quranı qəbul edirdi, amma duaları inkar edirdi”. Başqa yerdə isə Kəsrəvinin “tarix” əsərlərinin əhəmiyyətini vurğulamışdır.Düzdür, Kəsrəvinin tənqid ediləsi tərəfi çoxdur. Ancaq bu məqalədə obyektiv olsun deyə Kəsrəviyə də istinad etməyəcəyəm. Sadəcə məlumat üçün yazdım ki, xəbəriniz olsun. Sadəcə dövrün mötəbər mənbələrinə baxaraq əsaslandırmağa çalışacağıq.

3) İRAN AZƏRBAYCANI NƏZƏRDƏ TUTULUR (TƏBRİZ, ƏRDƏBİL, URMIYA VƏ ƏTRAFI)

Azəri sözünün Azərbaycan xalqı və sakinləri mənasında istifadəsi tarixi mənşəlidir. Azəri istilahı bəzən ümumi məfhumda Pəhləvi dili, bəzən də özəl məfhumda “təbrizli, Zəncanlı, ərdəbilli, marağalı, urmulu “və s. dili barədə işlədilir. Belə ki, bəzi mənbələrdə “Azər” sözünün yerinə onun oxşar detalları kimi ərdəbilli, marağalı, zəncanlı, təbrizli və s. ümumi azəri termininin adı istifadə edilmişdir.

Təbii ki , burada Azəri dilinin araşdırılması və tədqiq edilməsi yolunda çətinliklərə də toxunulmalıdır, ona görə ki, bu dilin coğrafi əhatə dairəsinin genişliyi – Zəncan, Təbriz, Urmiyə, Xalxal və Ərdəbildən tutmuş Ermənistan və Gürcüstana qədər həqiqi sərhədlərinin müəyyən olmaması ucbatından bu dilin araşdırılması, formasının və elmi quruluşunun öyrənilməsi çətinləşmişdir. Başqa sözlə, Azəri həmən “Pəhləvi ” dili yaxud da “Azərbaycan pəhləvisi”dir və “Pəhləvi” dili ilə münasibətindəki tutduğu yer Lori , Həmədani , Gilək , Təbəri , Razi və Qəzvini ilə eyni səviyyədədir. Azəri dili özü də Təbriz azərisi, Ərdəbil azərisi və s. qruplaşır.

Məsələn:

Yəqubi 1150 il əvvəl

İbn Havqəl 1100 il əvvəl

Əli Həriri 950 il əvvəl

İbn Əl-Əsir 750 il əvvəl

Yaqut Həməvi 800 il əvvəl

Azəri sözünü açıq şəkildə İran Azərbaycanı əhalisi üçün işlədir.

A) Azəri dilinin İran dilləri ailəsinə məxsus olduğunu vurğulayan ən qədim mənbə “İbn Müqəffə”dir ki, onun sözləri ibn Nədimin yazdığı “Əlfehrest” kitabında öz əksini tapmışdır. İbn Müqəffənin sözlərinə görə, Azərbaycanın dili Pəhləvicə olmuşdur ki; yəni Rey, İsfahan, Həmədan, Mah Nəhavənd və İran Azərbaycanını da əhatə edən ərazi. Bu söz Həmzə İsfahaninin dilindən Yaqut Həməvi və Əl-Xarəzminin kitablarında da bir daha qeyd edilmişdir.

B) Əl – Yəqubi öz kitabında “Əl-Boldan” (البلدان) açıq – aşkar Miyanə, Xoy, Salmas, Urmiya, Şiz və s. şəhərlərin əhalisini azəri adlandırır

C) 1100 il bundan əvvəl İbn Havqəl “Sürətul-ərz” əsərində Təbriz və Dehxarqan əhalisinin dilini “Azəri” dili olaraq qeyd edib.

D) Həmdullah Mustovfi də 13-cü əsrdə özünün yazmış olduğu “Nüzhət əl-Qülub” əsərində İran Azərbaycanın əhalisinin dilini Pəhləvi dili olaraq qeyd edir.

E) Yaqut əl – Həməvi , Məsudi, ibn Havqəl, Müqəddəsi və ibn Nədim kimi alim və coğrafiyaçıların da qeydlərinə görə İran Azərbaycanının əhalisinin dili Pəhləvi dili olmuşdur və bu alimlərin qeydlərindən belə bir qənaətə gəlmək olar ki, hansı tərəfdən baxılarsa da azəri dili İran dillərinin bir şöbəsidir

4) BİZİM AZƏRBAYCAN (ARAN VƏ ŞİRVAN)

Mənbələr X əsrdə burada kimlərin yaşadığını və hansı dildə danışdığını yazıblar.

  1. X əsrin 20 – 30-cu illərində yaşamış ərəb coğrafiyaşünas-səyyahı əl İstəxri Azərbaycan, Arran və Ərminiyədə fars və ərəb dillərinin rəsmi dil kimi işlədildiyini qeyd edir. Bununla yanaşı o, Bərdə (yəni Arran) nahiyələrində işlədilən Arran dilindən, Qafqaz dağlarındakı müxtəlif yerli dillərdən söhbət açır.
  2. Ondan az sonra Azərbaycana səhayət etmiş İbn Havqəl Qabh (Qafqaz) dağlarında 360 dildə danışıldığından xəbər verərək yazır: “Mən bunu bir çox kənddə olub, hər kəndin azəri və fars dillərindən başqa öz dilinin olduğunu görənədək inkar edirdim”. Azəri dilini fars dilindən fərqləndirən İbn Havqəl də, həmçinin təsdiq edir ki, Qafqazdakı ərəb işğal dairəsində yaşayan xalqların rəsmi ünsiyyət dili fars və ərəb dilləridir. İbn Havqəl yazır: “Lakin ərəb dilində danışanlar azdır. Farsca danışanlar isə ərəb dilini başa düşmürlər. Ərəb dilində fəsih danışanlar tacir və mülk sahibləridirlər. Ərminiyənin ucqarlarında və buna bənzər yerlərdə yaşayan tayfalar üçün başqa dillər də mövcuddur. Dəbil və onun nahiyələrinin əhalisi erməni dilində, Bərdə əhalisi isə Arran dilində danışır”.
  3. Həmin əsrin 70 – 80-cı illərində Azərbaycanda olmuş əl-Müqəddəsinin məlumatına görə Ərdəbilin dağ kəndlərində 60 dildə danışırlar. Arranda Arran dilində danışıldığını xəbər verən həmin müəllif yerli əhalinin fars dilində xorasanlılar kimi danışdığını, lakin onları anlamaq mümkün olduğunu da qeyd edir.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP