Lerik Rayonun İcra başçısı cəngəllik qanunları ilə hərəkət edir: talış sakinlərə qarşı növbəti biabırçılıq

“2009-cu ildə Lerik şəhərinin mərkəzində, sosial binada mənə üçotaqlı ev verilib. Mənzili alan zaman sənədə Lerik Rayon İcra Hakimiyyətinin beş nəfər rəsmi nümayəndəsi qol çəkib. Sənəddə göstərilir ki, binadakı mənzillərin orderləşdirilməsi, rayon mənzil-istismar sahəsinin balansına verilməsi prosesləri tamamlanadək ev mənim hüquqi mülkiyyətim hesab edilir.

Əlimdə sənədim olsa da, on ildən sonra, bu il sentyabrın 25-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən evim əlimdən alınıb. Daha doğrusu, cəngəllik qanunları ilə hərəkət ediblər, pusquda durublar, həyat yoldaşımla mən evdən çıxan kimi, gəlib açarları dəyişiblər”.

TolishMedia informasiya agentliyinin Lerik bürosunu xəbər verir ki, bu sözləri Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 12, mənzil 18 ünvanında yaşayan İlham İbadov deyir. O, iddia edir ki, mənzilinin zorla əlindən alınmasına Daxili İşlər Nazirliyinin Lənkəran şəhərində keçirilən qəbulunda iştirakı səbəb olub:

“Bu il sentyabrın 24-də daxili işlər naziri Vilayət Eyvazov Lerikdə sakinlərlə görüşürdü, mən də onun qəbulunda oldum. Qəbul prosesində bir neçə əlavə general və polis rəisi də iştirak edirdi. Lerik Rayon İcra Hakimiyyətində baş verən korrupsiya halları ilə bağlı danışdım, dedim ki, bu rayon quldurlar məkanıdır. Səhəri gün həyat yoldaşımla mən evdə olmayanda gəlib mənzilin açarlarını dəyişiblər. Qonşulardan soruşdum, dedilər ki, Lerik Rayon İcra Hakimiyyətinin işçiləri gəlmişdi, yanlarında polis sahə inspektoru Həşimxan Fərziyev də olub.

Vətəndaşın evinə girmək üçün məhkəmə qətnaməsi, qərarı olmalıdır. Onların əlində heç bir sənəd olmadığı halda evimə hansı əsasla giriblər? Evdə həyat yoldaşımın bahalı əşyaları, əmlakımız olub. Mənzilimi əlimdən almağı onunla əsaslandırdılar ki, guya ev mənə müvəqqəti verilibmiş. Halbuki, yaşadığım evə order verilənə qədər mənzil mənim hüquqi mülkiyyətimdir. Bina 16 mənzildən ibarətdir, orada yaşayan ailələrin heç birinə order verilməyib.

Binamızdakı mənzillərə order verilənədək mənim həmin evdə yaşamaq hüququm var. Evimin qapısı məhkəmə qətnaməsi olmadan nə üçün sındırılmalı, açarları da başqasına verilməlidir? Hazırda evimdə başqa bir ailə yaşayır.

Onlarla danışmağa çalışmışam, amma nəticəsiz qalıb. Əgər bu on ildə orada qanunsuz yaşayırdımsa, kor idilər, bunu görmürdülər? Niyə mən daxili işlər nazirinin qəbuluna gedən kimi gördülər? Qəbulda rayonda baş verən korrupsiya halları ilə bağlı danışmışam. Gəlib, yoxlasınlar, araşdırsınlar. Belə çıxır ki, ölkə vətəndaşları heç kimə dərdini deməməli, şıkayət etməməlidir? Rövşən Bağırov, prezident səni rayona göndərməyib ki, ona-buna sataşasan”.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP