Yardımlı, Cəlilabad və Masallı meşələrində yaşıl soyqırım yaşanır. Meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir

Bu gün Yardımlı, Cəlilabad və Masallı meşələrində əsl ekoloji terror, yaşıl soyqırım yaşanır. Təbiətə tutulan amansız divan burada tezliklə ekoloji böhrana səbəb ola bilər. Özü də bütün bunlar aranı xəlvət görən Masallı regional Meşə Təsərrüfatının rəhbəri Mustafa Əhmədovun başçılığı altında həyata keçirilir.

Meşələrdə “ara xəlvət müdir bəy” prinsipi ilə hərəkət edənM.Əhmədov əsl meşəbəyi kimi “isti kabab isti fətir, doymaq olmur bir də gətir” deyənlərdəndir. Əksər vaxtlarda yamyaşıl meşələr qoynunda “pənco-pənco” eləyən Mustafa müəllim hətta içkili vəziyyətdə iclas aparmaq bacarığına da malikdir.

Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında Mustafa müəllim deyəsən xəzinə axtarır. Çünki meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar. “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Yəni qısacası Mustafa müəllim qozu naməlum səbəblərdən zərərli hesab edərək kökünü kəsir. Bu “qoz-qoz” oyunu nəticəsində M.Əhmədov Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerlə bir edib. 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb. M.Əhmədovun qozu namünasib bilməyinin nəticəsində on hektarlarla meşə zolağı məhv edilib.

Bundan başqa aşkar olunub ki, M.Əhmədovun viranə qoyduğu meşələrin yaxınlığında yağışdan sonra çoxalan göbələklər kimi ağac emal edən sexlər çoxalır. Belə sexlər xüsusilə Xocavar və Binə Xocavar kəndləri ərazisində çoxluq təşkil edir. Təbii ki, bütün bu sexlər bilavasitə M.Əhmədovun “xammalı” ilə işləyir və dolayısıyla ona bağlıdır.

M.Əhmədovun özbaşınalıqları o qədər sərhədzisdir ki, o hətta meşə zolağından qanunsuz olaraq yol çəkilməsi üçün də ərazi ayırmaq cəsarətində bulunur. O, külli miqdarda rüşvət müqabilində Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Bu bilavasitə qanunların ayaq altına alınması, dövlətə sayğısızlıq, özbaşınalığın pik həddidir.

Amma, bu da son deyil. Hal-hazırda Masallı Meşəbəyliyinin Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur. Böyük bir ərazi rüşvət müqabilində satılıb, ağaclar kəsilərək yerində obyektlər sıralanır. Yəni əsaslı tikinti işləri aparılır.

Cəlilabadda 14 saylı meşə dolayında “Qırmızı kitab”a duşmüş ağcaqayın, azad, qızılağac, fıstıq ağacları məhv olunataq həmin ağaclardan 60 sm uzunluğunda çiliklər hazırlanaraq əhalinin pay torpaqlarında salınan çiyələk plantasiyalarına satılıb. Hər çiliyin qiyməti də 50 qəpikdir. Eyni vəziyyət digər meşə dolaylarında da müşahidə olunur. M.Əhmədovun ekoloji terroru cənub zonasının meşələrini məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Bir sözlə Masallı meşələrində heç bir qanun işləmir, burada M.Əhmədovun “gərgin əməyi” nəticəsində səhralaşma prosesinə start verilib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP