Azərbaycan Talışların İctimai Şurasının Talış xalqına Yeni İl Müraciəti + VİDEOÇARX

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Azərbaycan Talışları İctimai Şurasınının (ATİŞ) həmtəsisçisi, hüquqşünas Ataxan Əbilov dekabrın 31-də “Facebook” sosial şəbəkəsinin öz sahifəsində Talış xalqına müraciət və Yeni il münasibəti ilə  Azərbaycan Talışların İctimai Şurasının adından bütün talış xalqını təbrik edib.

Ataxan Abilovon müraciəti yazı və video şəkildə sizə təqdim edilir:

Əziz Azərbaycan vətəndaşları! Bəylər və xanımlar!

Hamımızın doğma Evi olan Azərbaycan – ta qədim zamanlardan burada sakin olmuş onlarla xalqın: türklərin, talışların, ləzgilərin və digərlərinin ümumi yaşam yurdu olmuş və burada onlar xoş və bəd günlərini birgə bölüşmüşlər. Zaman-zaman Ümumi Evimizi işğal etməyə cəhd göstərmiş çoxsaylı yadellı düşmənlər yurdumuzu, dilimizi, mədəniyyətimizi, adət və ənənələrimizi məhv etməyə çalışsalar da, birgə-qardaşlıq əzmimizin qarşısında geriyə çəkilməyə məcbur olmuşlar…

Təəssüflər olsun ki, son 2 əsrdə məmləkətimizdə gedən proseslər çox vaxt xalqlarımızı öz tarixi kökündən ayırmaq, onları asimilə etmək istiqamətinə yön alıb. Axırıncı 100 ildə isə bu tendensiya xüsusən talışlara münasibətdə ildən-ilə daha sürətlə artmaqda davam edir və bunun qarşısını almaqdan ötrü demək olar ki, heç bir rəsmi dövlət tədbiri görülmür. Əksinə, buna cəhd etmiş bir çox şəxslər, alim və ziyalılar bu və ya digər bəhanələrlə sərt cəzalandırılır. Azərbaycanın Talış regionundan Azərbaycan parlamentinə “seçilmış” deputatlar isə bircə dəfə də olsa belə, bu sayaq problemləri nəinki MM-də müzakirəyə təqdim etməmiş, hətta öz şəxsi mənafeləri naminə vətəndaşların hüquqlarının qorunması və xoş tərəqqisi yolunda çalışan aydınların ünvanına şər və böhtanlar yağdırmaqdan belə çəkinməmişlər. Bu arada xeyli təəssüflə qeyd edirik ki, formalaşmış mövcud seçki təcrübəsi çərçıvəsində Azərbaycan parlamentinə qarşıdakı fevral seçkilərində də Xalqın seçiminə yer veriləcəyinə inam yoxdur.

Qeyri-rəsmi statistikaya görə sayı milyondan artıq olan bir xalqa Konstitusiya ilə rəsmən demokratik elan edilən bir ölkədə bu gün faktiki olaraq öz ana dilində təhsil almaq; ali və orta ixtisas məktəblərinə, gündəlik TV və Radio verlişlərinə, qəzet və mətbuata sahib çıxmaq; yerli və mərkəzi idarəetmə orqanlarına seçilmək; ölkə rəhbərliyində təmsil olunmaq haqqı tanınmır.

Əziz həmvətənlər! Ümidvar olmaq istərdik ki, Vahid Azərbaycan Evimizin daha da möhkəmlənməsi və onun hüquqi-demokratik dövlət kimi bərqərar olmasından ötrü Azərbaycan Talışların İctimai Şurasının yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılması, Vətənimizin çiçəklənməsi və sivil dünyanın bir hissəsinə çevrilməsi naminə xoşməramlı mübarizəsində bizə dəstək olacaq və bununla da tarixi qardaşlığımızın vəhdətinin sarsılmaz olduğunu bir daha cəmi dünyaya nümayiş etdirəcəyik…

Əziz həmvətənlər! Bu arzu və istəklə 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü və qarşıdan gələn yeni – 2020-ci il münasibətilə Sizləri səmimi qəlbdən təbrik edir və 2020-ci ilin həyatınızın ən xoş, firavan, dinc və əmin-amanlı illərindən biri olmağını Allahdan diləyirik.”

Yeni iliniz mübarək!

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP