ŞAH ABBAS 1-Cİ HİSSƏ ( UŞAQLIĞI , HAKİMİYYƏT YOLU)

1)Hörmətli yoldaşlar , bir müddət aradan sonra yenidən ənənəvi şəkildə araşdırmalara davam edirik . Şah Abbas obrazının tarixi şəxsiyyət kimi bütünlüklə araşdırıb hissə-hissə sizlərə təqdim edirik .Bu araşdırmalarda Şah Abbas obrazının uşaqlıqdan ölümünə qədər olan tarixi təqdim olunacaq .

2) Giriş : Tarixən bir çox dövlətlərin müharibə meydanına çevrilmiş, yağmalanmış bu coğrafiyada qüdrətli Səfəvilər dövlətinin yaranması ilə siyasi hərc-mərclik sona çatdı. Şah İsmayılın rəhbərliyi və “dövlətin sütunları” adlandırılan görkəmli türk əyanlarının birliyi ilə Səfəvilər öz ərazilərini tez bir zamanda daha da genişləndirdilər. Hərbi – siyasi uğurlar Səfəviləri dünya miqyasında tanınmış imperiyaya çevirdi. Lakin Şah 1-ci Təhmasibin ölümündən sonra ölkədə yenidən siyasi hərc-mərclik başladı. Şahın övladları arasında taxt-tac uğrunda aparılan mübarizədə zəif xarakteri ilə seçilən, kor Məhəmməd Xudabəndə hakimiyyəti ələaldı. Siyasi iradəsi zəif olan şahın idarəçiliyi və idarəetmədə yaranan “ikilik” ölkəni əməlli-başlı iğtişaşlara gətirib çıxardı. Formal hakimiyyətdə olan şahın xanımı Mazandaran hakiminin qızı olan Məhdi – Ülya (Xeyrənnisa bəyim) və oğlu bacarıqlı sərkərdə kimi şöhrət qazanmış Həmzə Mirzə faktiki olaraq idarəetməni ələ keçirdi. Bundan əlavə, qərbdən osmanlıların, şərqdən özbəklərin hücumu iləölkəyə daha böyük fəlakətlər üz verdi. Sarayda yaranmış intriqalar və vəziyyətin daha da ağırlaşması imperiyanın süqutunu sürətləndirdi. Yerli türk əyanları tərəfindən Məhdi – Ülya sui – qəsd nəticəsində aradan götürüldü və idarəetmə sistemi əmirlərin əlinə keçdi.

3) ŞAH ABBASIN DÜNYAYA GƏLMƏSİ

Mənbələrin verdiyi məlumata görə Şah 1-ci Abbas 29 yanvar 1571-ci ildəHerat şəhərində dünyaya gəlmişdi.Şah Abbasın doğulma xəbərini Məhəmməd Mirzə tərəfindən şah Təhmasibə xəbər məktubunu Şahqulu xan Ustaclı yazır vəSəfəvi şahından öz nəvəsinə ad seçməsi xahiş edildi. Elçinin Xorasandan Qəzvin şəhərinə gəldiyi gün Şah Təhmasibin səhərdən bəri təsadüfən tərkibində “Abbas” sözü deyilən şeiri təkrarlaması rəvayət olunur. Ona görə də uşağın adını Abbas qoyur. Hələ Şah Təhmasib dövründə oğlu Məhəmməd Mirzə Şiraz valisi təyin olunduqdan sonra nəvəsi Abbas da Mirzə titulunu alır və Herat valisi təyin olunur. Çox kiçik yaşlarında vali təyin olunduğu üçün idarəetməni formal olaraq həyata keçirən və təlim – tərbiyəsi ilə məşğul olan şəxs, yəni lələsi Şahqulu Sultan Ustaclı idi.Təhmasibin ölümündən sonra onun varisləri arasında şahlıq mübarizəsi ciddi hal aldı. Farsdilli mənbələrin verdiyi məlumata görə çox qısa müddətdəhakimiyyətdə olan Şah 2-ci İsmayıl bir çox Səfəvi şahzadəsini aradan götürdü və şahlıq taxtına iddia edə biləcək varislərin bəzilərini öldürdü, bəzilərini isə kor etdi.Həmçinin, şah Herata elçi göndərərək Abbasın öldürülməsi əmrini verir.

Lakin, Abbası əmilərinin və digər qohumlarının acınacaqlı taleyindən xilas edən tarixi təsadüf baş verir. Şahın özü 25 noyabr 1577-ci ildə qızılbaş əmirləri tərəfindən öldürülür. Taxta Abbasın atası Məhəmməd Xudabəndə sahib olur. İkinci Qasid birinci fərmanın ləğv edilməsi üçün Herata göndərilir. Herat valisi Əliqulu xan Şamlı hökmü mümkün qədər gecikdirməyə cəsarət etməsəydi, ikinci qasidin gəlişi artıq gec olacaqdı.

4) ŞAH ABBASIN HAKİMİYYƏT YOLU

Abbasın şahlığa gedən yolu “hamar” deyildi. Hakimiyyətə gələn Məhəmməd Xudabəndə kor və eyş – işrətə başını qatmış siyasi iradəsi zəif olan şah idi. Formal xarakter daşıyan hakimiyyəti xanımı Məhdi Ülya, oğlu Həmzə Mirzə və bir qrup Türkmən və Təkəli qızılbaş əmirləri tərəfindən idarə olunurdu.Abbas on yaşında ikən Ustaclı və Şamlı tayfalarından bir qrup qızılbaş qəbilələri gənc şahzadəyə beyət etdilər və Xorasanda üsyan qaldırdılar. Abbasın adına sikkə zərb olundu və xütbə oxundu. Xorasana şah ordusunun gəlişi iləüsyançı koalisiya parçalandı və Əliqulu xan Şamlı bir daha şah və onun varisi Həmzə Mirzəyə sadiq qaldı.Sonralar Şamlı və Ustaclı tayfaları arasında münasibətlər pozulur.

1585-ci ildə Əliqulu xan Şamlı və Mürşüdqulu xan Ustaclı arasında döyüş baş verir. Məğlub olan Əliqulu xanın himayə etdiyi şahzadə Abbas ustaclılar tərəfindən ələkeçirilir. Paytaxt Qəzvində isə Abbasın digər qardaşı şahzadə Təhmasib çevrilişə cəhd edir, lakin bu cəhd Türkmən və Təkəli qızılbaş əmirlərinin dəstəyi ilə HəmzəMirzə tərəfindən yatırılır. Ölkədə baş verən ara çəkişmələrindən istifadə edən osmanlılar Təbrizə hücum edib şəhəri talan edirlər. Həmzə Mirzə osmanlılarla sülh danışıqları zamanı sui-qəsdə məruz qalır və öldürülür.

Bu zaman Qəzvində olan ustaclılar Abbasın digər qardaşı Əbutalibi taxtın varisi təyin etmək istəsələr də bu cəhd uğursuz oldu.Mürşüdqulu xan Ustaclı Qəzvində şahzadə Abbası hakimiyyətə gətirmək barəsində planlar cızmağa başladı. Digər əmirlər, həmçinin bu fikri dəstəklədilər , amma özləri də bu işə şübhə ilə yanaşır və ehtiyat edirdilər. Mürşüdqulu xan Qəzvində Abbas mirzəni taxta təyin etmək üçün bir hərbi kampaniyanın riskini müzakirə edərkən özbəklərin 1587-ci ildə Xorasana hücumu məsələni kökündən həll etdi.

Özbəklərin Xorasanı işğal edəcəyi təqdirdə Abbasın möhürünü itirəcəyindən qorxan Mürşüdqulu xan tezliklə qərbə doğru yürüş təşkil etdi. Yol boyunca Simnan, Kaşan, Həmədan türkmənləri, Kirman, Yəzd əfşarları və Fars vilayətində zülqədərlilərin dəstəyini alan xan Qəzvinə daxil oldu. 1588-ci ildəxalqın nümayişi ilə Məhəmməd Xudabəndə öz şahlıq tacını 17 yaşlı oğlu Abbasa təhvil verir və Abbas rəsmi şəkildə beşinci Səfəvi şahı elan edilir. Tacı borclu olduğu Mürşüdqulu xan Ustaclı isə ali – divanın vəkili (saray naibi) təyin olunur.

Rəhim Əfəndi

Go to TOP