Bir neçə gün əvvəl Masallıda baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib

Avqustun 23-də baş vermiş 5 maqnitudalı zəlzələdən sonra Masallı rayonunda bəzi evlərdə çatlar əmələ gəlib, daha bir ev isə yararsız hala düşüb.

Bu barədə TOLİSHMEDİA informasiya agentliyi xəbər verir.

Məlumata görə, zəlzələnin bu kimi fəsadları daha çox rayonun Hişkədərə kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunub.

Mişkəmi kənd sakini Cahan Kərimovaya məxsus fərdi yaşayış evi yeraltı təkanlardan sonra qəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, yerli qurumlar zəlzələnin törətdiyi fəsadlar barədə sakinlər tərəfindən məlumatlandırılıb.

Xatırladaq ki, avqustun 23-də yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

Go to TOP