“Tərtər işi” üzrə ittiham olunan on nəfər hələ də həbsdədir – hüquq müdafiəçisi

“Tərtər işi” üzrə qanunsuz olaraq həbs edilmiş şəxslərin əksəriyyətinə bəraət verilsə də, 10 nəfər hələ də həbsdədir və hüquq müdafiəçiləri onların da işinə yenidən baxılmasına nail olmağa çalışırlar.  TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə Bakı İnsan Hüquqları Klubunun rəhbəri, vəkil Rəsul Cəfərov bildirib.

Bu iş üzrə ümumilikdə neçə nəfərin həbs və mühakimə olunduğu haqqında suala cavabda Cəfərov belə deyib: “Rəsmi məlumata görə 2017-ci ilin may-iyul ayları ərzində I və II Ordu korpuslarının tabeçiliyində olan hərbi hissələrdən 452 nəfər saxlanılaraq qeyri-insani rəftara və işgəncələrə məruz qalıb. Bizim özümüzün hesablamalarına görə bu rəqəm 700 nəfər civarındadır. Mətbuatda isə daha böyük rəqəmlər də səsləndirilir.

Onlardan 10 nəfər hərbi qulluqçu işgəncə prosesində həyatlarını itirib. Bu məsələdə bizdə olan məlumatlar rəsmi rəqəmlərlə üst-üstə düşür”.

İşgəncəyə məruz qalan mülki şəxs 2 nəfər olub, onlardan birini prokurorluq işgəncənin zərərçəkmiş şəxsi kimi tanıyıb, digərini isə yox.

2021-ci ilin dekabrında prokurorluq işgəncənin zərərçəkmiş şəxsi olan mülki şəxs də daxil olmaqla, 8 mülki şəxsə iş təzələnəndən sonra bəraət verdi.

Həmin dövrdə onların əksəriyyətinə qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi), bir neçəsinə isə 228.1-ci (qanunsuz silah dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülmüşdü. Qeyd edilən 8 nəfər mülki şəxsdən əlavə, I və II Ordu korpuslarının tabeçiliyində olan hərbi hissələrdən ən azı 49 nəfər hərbi qulluqçuya CM-nin 274 (dövlətə xəyanət) və digər maddələri ilə ittiham irəli sürülmüşdü.

Onlardan 18 nəfəri məhz 274-cü maddə ilə təqsirli bilinərək ağır azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdilər, 2 nəfər isə ölsə də onlara bəraət verilməmişdi və istintaq təzələnəndən sonra onların hamısı (20 nəfər 18-i həbsdə olan+2 nəfər ölənlər) bəraət aldılar. Həbsləri üçün dövlətə xəyanət ittihamı əsas olmayan 16 nəfər istintaq təzələndikdən sonra prokurorluğun qərarı ilə bəraət aldılar. Daha 13 nəfər isə 2018-ci ildə Hərbi Prokurorluğun öz qərarları ilə bəraət almışdı.

Hazırda bəraət alan şəxslər təzminat almağa çalışırlar. Onlardan 30 nəfərinə artıq təzminat ödənilib. “Bizim məlumat belədir ki, ən azı 50 nəfərdən artıq şəxs hərbi xidmətə bərpa olunub”, deyə Cəfərov qeyd edib.

Bununla belə, 274-cü maddə ilə həbs edilmiş 10 nəfər hələ də həbsdədir.

“Biz həmin şəxsləri ona görə “Tərtər işi” üzrə ittiham olunan şəxslər hesab edirik ki, bu şəxslərə qarşı ittihamlar eyni dövrləri – 2017-2018-ci illəri əhatə edir və ittihamın mahiyyəti eynidir (guya xidmət yoldaşlarını düşmənə təhvil veriblər və onlara qarşı cinsi zorakılıq təşkil ediblər).

“Digər tərəfdən, həmin 10 nəfərdən 6 nəfəri elə hazırda işgəncə verdiklərinə görə həbs edilmiş hərbi qulluqçular tərəfindən işgəncələrə məruz qalıblar. Çoxsaylı çağırışlara və müraciətlərə baxmayaraq, həmin şəxslərin işlərinin yenidən araşdırılması və ya azadlığa buraxılmaları hələlik təmin olunmur”, deyə CƏfərov bildirib.

İşgəncə verən şəxslərə gəlincə, hazırda 17 nəfər işgəncə verdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5 nəfər II Ordu korpusunun tabeçiliyində olan hərbi qulluqçulara verilmiş işgəncələrə görə, digərləri I Ordu korpusundakı hadisələrə görə həbs ediliblər.

Onlar arasında ən yüksək rütbəli və vəzifəli şəxs II Ordu korpusunun keçmiş qərargah rəisi olmuş general-mayor Bəkir Orucovdur.

Hərbi hissə komandiri olmuş polkovnik və mayor rütbəli zabitlər, eyni zamanda I Ordu korpusunun komandirinin köməkçisi mayor rütbəli zabit də onların arasındadır. “Təəssüf ki, adları çəkilən çoxsaylı digər şəxslər, məsələn I Ordu korpusunun keçmiş komandiri Hikmət Həsənov hələlik məsuliyyətə cəlb olunmayıb”, deyə hüquq müdafiəçisi qeyd edib.

Go to TOP