Naxçıvanda təmizlik işçiləri etiraz aksiyası keçirib

Aprelin 1-də Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşlarının etiraz aksiyası keçirdiyi bildirilir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, “Turan” Agentliyinin məlumatına görə, işçilər əmək haqlarının azalmasına etiraz etdiklərini deyiblər.

Xəbərdə bildirilir ki, aksiya iştirakçıları Naxçıvan Ali Məclisinin binasının yaxınlığına toplaşıblar.

“Maaşımız əvvəl 674 manat idi, azaldıb 629 manat ediblər. Sonra isə heç bir əsas göstərilmədən 560 manata endiriblər. Bu vəziyyət artıq 4 aydır davam edir”- deyə etiraz aksiyası iştirakçılarından biri söyləyib.

İşçilər qeyd ediblər ki, iş üçün maddi-texniki baza yeterli deyil: “Adi süpurgə belə verilmir, maşınlar üçün benzin verilmir”.

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinidən isə etirazçıların dedikləri təkzib edilib. Yerli saytların məlumatına görə, qurumdan bildirilib ki, bu ilin fevral ayına qədər işçilərə əməkhaqqından əlavə maddi yardım da verilib.

Qeyd edək ki, bir sıra yerli, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında, son bir neçə on ildə Naxçıvan Muxtar Respublikası Azərbaycanda sərbəst toplaşmaq və söz azadlığının tez-tez pozulduğu bölgələrdən biri kimi dəyərləndirilib.

Go to TOP