Masallıda təhlükəli vəziyyət: sakinlər prezidentə müraciət ünvanlayıblar

Masallı rayonunun Boradigah qəsəbəsində insan həyatı üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət ünvanlayıblar.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, müraciətdə deyilir: “Boradigah qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirib və bərbad vəziyyətdədir. Transformatoların heç biri mühafizə zolağına salınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı da bərbad vəziyyətdədir”.

Sakinlər yazır ki, transformatorlardan nisbətən normal vəziyyətdə olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220-230 V olmalı halda 190-195-dən çox olmur: “Az gərginlik verilməsi və qısaqapanma səbəbindən məişət texnikalarının sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbənin xeyli sayda sakini bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa, vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı ola bilər”.
Sakinlərin müraciətində qeyd olunur ki, problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarımstansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıqlar keçirilir.
Sakinlər bildirir ki, böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora-bura zəng etmək məcburiyyətində qalır.
Go to TOP