AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə deputatlar “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

AŞPA-nın saytında deyilir ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib.

O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini bildirib.

Şvabe 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də xatırladıb.

Bu da xəbər verilir ki, təklif Assambleyanın azı beş milli nümayəndə heyətinin azı 30 üzvü tərəfindən dəstəklənib. Bunu təklifin qəbul olunması üçün Qaydalar tələb edir.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Üç mümkün variantdan biri

İclasa sədrlik edən Emmanuelis Singeris deyib ki, bu təklifin qiymətləndirilməsilə AŞPA-nın Monitorinq Komitəsi məşğul olacaq.

Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra AŞPA bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.

Qeyd olunur ki, bu Qaydalara görə üç variantdan birinə səs veriləcək: nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənəcək, təsdiqlənməyəcək və ya müəyyən şərtlərlə təsdiqlənəcək.

Məsələn Azərbaycan nümayəndə heyətinin Assambleya və onun qurumlarının iştirakında bəzi hüquqları ləğv oluna bilər.

Beləliklə Assambleya qərar qəbul edənədək Azərbaycan nümayəndə heyəti başqa nümayəndə heyətləri ilə yanaşı iclaslarda iştirak edə bilər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti öz səlahiyyətlərinə dair məsələnin müzakirəsi və səsverməsində iştirak edə bilməz.

Go to TOP