Lənkəran rayonunun dağlıq kəndlərini birləşdirən yolu dağılmış vəziyyətdədir

Lənkəran rayonunun dağlıq kəndlərini birləşdirən Separadi–Gəgiran–Tüədo avtomobil yolu tamamilə dağılıb. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Sakinlər bildirirlər ki, bu yolda ancaq dörd təkəri çəkici olan nəqliyyat vasitələri normal hərəkət edə bilir. Onlar da sakinləri 30-40 manat pul qarşılığında magistrala aparır. Həmçinin təcili tibbi yardım maşını əraziyə qalxa bilmir. Sakinlər xəstələri alternativ yol olan Masallı rayonunun Rüdəkənar kəndi ilə Boradigah Qəsəbə Xəstəxanasına aparırlar.

Sakinlər onu da bildirdilər ki, kəndlərdə onların əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Nəqliyyat vasitəsi və texnika olsa da, kənd təsərrüfatından əldə olunan məhsulları bazara çıxara bilmirlər. Səbəb isə nəqliyyat xidmətlərinin baha olmasıdır.

Qeyd edək ki, Separadi, Tükəvilə, Diryan, Jidi, Gəgiran, Köhnə Gəgir və Tüədo kəndlərindən 16 minə yaxın sakin bu yoldan istifadə edir.

Go to TOP