Talışların hansı hüquqları pozulur?

Əsasən talışların problemləri haqqında danışarkən iddia edilir ki, Azərbaycanda yerli xalqlar və etnik azlıqların hüquqları xüsusi olaraq pozulmur. Əgər ölkədə hüquq pozulursa, hər kəsin hüququ pozulur və burada talışları fərqləndirmək olmaz. Lakin bu, kökündən yanlış münasibətdir.

Əgər biz məsələyə “hər kəsin hüququ pozulur, hansısa məsələni xüsusi ilə fərqləndirməməliyik” mövqeyindən baxırıqsa, bu zaman gərək hansısa jurnalist, siyasətçi, insan haqları müdafiəçisi, hüquqşünas həbs olunduqda və ya başqa növ təzyiə məruz qaldıqda bunu fərqləndirməyək, şəxsiləşdirməyək. Heç görümüsünüz bir jurnalist həbs olunsun və kimsə qalxıb desin ki, “Ölkədə hər kəsin problemi var, hər kəsə təzyiq olunur, tək jurnalisti fərqləndirmək olmaz”? Yaxud İlqar Məmmədov həbsdə olanda deyilsin ki, “Nə olsun? Həbsdə yatan tək İlqar Məmmədovdur?” Çünki jurnalistin, siyasətçinin və ya hüquqşünasın həbsi adətən onun peşə fəaliyyətindən, ambisiyalarından qaynaqlanır.

Ölkədə adətən talışların və digər yerli xalqlar, etnik azlıqların da həbsi, müxtəlif növ təzyiq görməsi onların bu mövzuda problemləri qabartmasından, bu yöndəki fəaliyyətindən irəli gəlir. Ölkədə heç də bütün millətlər eyni münasibəti görmür. Məsələn, türklər üçün bütün vasitələr onların öz dilindədir. Televiziya, radio, məktəblər ana dili hesab etdikləri Azərbaycan dilində fəaliyyət göstərir. Həmçinin ruslar və rusdillilər də bu imkandan qismən yararlana bilir. Digər xalqlar üçün isə bu sadə məsələlər əlçatmazdır.

Bilirəm ki, bəzi oxucular “axı ölkədə talış və ləzgi dili tədris olunur” deyə düşünəcəklər. Ona görə də artıq məsələnin hüquqi və nəzəri tərəflərinə keçmək istəyirəm. Yazdıqlarımı faktlar və misallarla izah etməyə çalışacağam.

Ana dilində təhsil problemi

2018-ci ildə PA rəsmisi Etibar Nəcəfov bildirmişdi ki, Azərbaycanda 108 ləzgi, 225 talış dilində məktəb fəaliyyət gösətrir. Əslində bu məlumat kökündən yanlışdır. Azərbaycanda ümumiyyətlə nə ləzgi, nə də talış dilində məktəb yoxdur. Azərbaycanda talış və ləzgi dillərinin tədris edildiyi məktəblər var. Yəni bu məktəblərdə ədəbiyyat, tarix və s. kimi fənlər talış və ya ləzgi dilində keçirilsəydi Nəcəfovun dediyi təsdiqini tapardı. Amma həmin məktəblərdə talış və ləzgi dili ayrıca fənn kimi gündəlikdə durur.

İlk öncə ona diqqət yetirmək lazımdır ki, Azərbaycanda talışlar tək Talış bölgəsində deyil, həm də Abşeron yaramadasında (Bakı, Sumqayıt, Xırdalan) yaşayırlar. Hətta bəzi talışlar iddia edirlər ki, urbanizasiya səbəbindən Abşeron yarımadasında Talışdakından daha çox talış yaşayır. Abşeron yarımadasında hətta ləzgilərin də sayı az deyil. Bu səbəbdən talış və ləzgi dilində məktəblərin Talış bölgəsi, Quba-Qusar zonası və Abşeron yarımadasında açılmasına ehtiyac var. Bu həm də bu bölgələrdə yaşayan insanların tələblərindən irəli gəlir.

Hazırda həm talış, həm də ləzgi dili fənn olaraq keçilir. Bu fənlərin də bədən tərbiyəsi müəllimlərinə tapşırıldığı deyilir. Yəni tədris məsələsi “yolaverdi”, başdansovdu aparılır. İşinə ciddi yanaşan müəllimlər isə təzyiqlərlə üzləşir. Həmçinin fənnin tədrisi üçün heç bir motivasiya yoxdur. Əgər ölkə boyu talışlar və digər millətlər repressiya ilə üzləşirsə, çox az adam bu sahədə çalışmağa ürək edəcək.

Digər problem isə universitetlərdə Azərbaycandakı yerli xalqlar və etnik azlıqların dillərinin, mədəniyyətlərinin tədqiqinə diqqətin ayrılmamasıdır. Universitetlərdə bu sahədə araşdırmalar yox səviyyəsindədir. Talış və ləzgi dili müəllimlərinin inkişafı üçün kiçik kurslar belə yoxdur. Dövlət bəhanə gətirir ki, guya bu sahədə mütəxəssislər yoxdur. Amma bu kökündən yanlış bir fikirdir. Azərbaycanda talış dili mütəxəssislərindən ən aktiv olanlarından üçü, Novruzəli Məmmədov həbsdə olarkən müəmmalı şəkildə ölüb (çox adam və mən hesab edirəm ki, öldürülüb), Hilal Məmmədov həbs və təzyiqlərə məruz qalıb, Fəxrəddin Abbasov isə hazırda həbsdədir. Tək mənim tanıdığım 12 talış dili mütəxəssisi var. Bunlar bəsdir ki, universitet, kurs səviyyəsində mütəxəssislər yetişdirilə bilsin. Çox uzağa getməyib Yerevan Dövlət Universitetindən nümunə götürmək olar. Onlar cəmi 3 talış dili mütəxəssisindən yararlanaraq bu gün talış dilinin peşəkar tədrisi ilə məşğul olurlar.

Həmçinin necə olur ki, Rusiyada ləzgi dili mütəxəssisləri yetişir, amma Azərbaycanda yetişmir? Yaxud da Azərbaycan höküməti bu məsələdə istəklidirsə nəyə görə Rusiyadakı mütəxəssiləri Azərbaycana gətirərək yeni mütəxəssislərin inkişafına sərf etmir? Bütün bunlar dövlətin niyyətini göstərən səbəblərdir. Azərbaycan höküməti yerli xalqların dilinin inkişafında maraqlı deyil, əksinə onları əzməyə maraq göstərir.

Talış adına və yerli xalqlar, etnik azlıqların ad və soyadlarına qadağa

Ad və soyadalar insanların özünüifadə hüququnun əsas meyarlarından biri olsa da, Azərbaycanda yerli xaqlar və etnik azlıqlar bundan istifadə edə bilmir. Bu haqda OC Media üçün araşdırma yazımda daha geniş yazmışam.

Hazırda ölkədə Talış adı rəsmən qadağan olunub və utancverici adlar siyahısına daxil edilib. Diqqət edin, ölkədə Türk, Qaqauz, Qıpçaq və ya başqa millət adları qadağan edilməyib, sırf Talış adı qadağan edilib.

Həmçinin ölkədə türk, ukrayna və rus əsilli vətəndaşlardan başqa digər millətlərin nümayəndələrinin öz soyad sonluqlarını seçməsi üçün heç bir vasitə yoxdur. Vətəndaş məcburi şəkildə hansı əsaslarla tərtib edildiyi bilinməyən bir siyahıdan özünə və ya uşağına familiya seçməyə məcburdur.

Adlarla bağlı qərarlar qəbul edən qurumun başçısı Sayalı Sadıqova isə İctimai TV-nin efirində açıq-aşkar demişdi ki, Azərbaycanda qoyulan adlar azərbaycançılığı təbliğ etməlidir. Yəni, onun sözlərinə görə Azərbaycandakı Talış və digər adlar azərbaycançılığı təbliğ etmir. Digər müsahibəsində isə bildirmişdi ki, övladlarımıza niyə Pyotr, Pavel kimi rus adları qoymalıyıq?

Komitənin rəhbəri bu tip irqçi yanaşmalarından sonra hələ də fəaliyyət göstərir. Normalda isə ona qarşı milli adəvətin qızışdırılması maddəsi ilə cinyayət işi açılmalı idi. Dövlət isə ona iş verib himayə edir, öz mətbuat orqanlarına çıxardaraq onun səfeh fikirlərini tirajlayır.

Talış və ləzgi dilində televiziya, mətbuat və kitab nəşri problemləri

2019-cu ilin Fevralın 4-də AŞPA milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyası üzrə Konsultativ Komitəsi Azərbaycan üçün yeni rəyini və Azərbaycan hökumətinin bu rəyə münasibətini dərc etmişdi.

Komitə Azərbaycan hökumətinə ən başlıca irad kimi etnik azlıqların hüquqlarının müdafiəsi üçün qanunvericiliyin olmamasını göstərmişdi. İkinci əsas irad olaraq milli azlıqların dillərində radio və televiziya yayımına maneələrin aradan qaldırılmaması göstərilib. Çap KİV-ə dövlət tərəfindən dəstək olmaması və universitet səviyyəsində yalnız rus və gürcü milli azlıqlarının dillərinin öyrənildiyi, digərləri üçün isə bu imkanın yaradılmadığı xüsusi vurğulanıb.

Məruzədə həmçinin “talış və ləzgi azlıqlara mənsub şəxslər azlıqların hüquqlarının reallaşdırılması zamanı Azərbaycanın ərazi bütövlüyünə şübhə edənlər kimi qəbul edilmək riskinə məruz qalırlar” deyə rəy yer almışdı.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2019-cu ilə aid dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid olan hissəsində isə deyilirdi ki, “Ölkənin cənubdakı Talış və şimalda ləzgi bölgələrində hakimiyyət yerli xalqlara öz dilində kitablar nəşr etməyə imkan vermir”.

AŞPA və ABŞ Dövlət Departamenti kimi mötəbər qurumların bu sahədəki hesabatları talış və ləzgi məsələsinin artıq sual olmadığını, açıq bir problem olduğunu göstərir.

Bəzən sosial şəbəkələrdə bəzi insanlar tərəfindən əsas gətirilir ki, talışlar və ləzgilər özləri bunda maraqlı deyil. Bunun da həqiqətdən uzaq olduğu aşkardır. Yuxarıda çəkdiyim misallarda da açıq görünür ki, Azərbaycan höküməti talış alimlər və ziyalıları zərərsizləşdirməklə məşğuldur. Yerli xalqlar və milli azlıqların vergi verdiyi dövlət büdcəsindən bu xalqların mədəniyyət və dilinin qorunmasına maddi vəsait ayrılmır.

Əvəzində isə Azərbaycanla heç bir dini, coğrafi, iqtisadi bağlılığı olmayan xalqlara fantastik ölçüdə pullar ayrılır. Misal üçün, Moldoviya daxilində muxtariyyət olan Qaqauzyanın cəmi 150 min əhalisi var. Əhali xristiandır, Qaqauziya dilinin tədrisi üçün Türkiyə və Azərbaycan dövlətlərinin maddi və siyasi dəstəyinə baxmayaraq əhali rus dilini öyrənməyə maraqlıdır. Azərbaycan tərəfi isə son 14 ildə Qaqauziyada mədəni və iqtisadi obyektlərin açılışına, Qaqauz dili və mədəniyyətinə dəstək verilməsi üçün kitabların nəşrinə, məktəblərin və mədəniyyət binalarının tikilməsinə 150 milyon dollar civarında vəsait ayırıb.

UNESCO-nun hesablamalarına əsasən hökümət tərəfindən edilmiş bütün təzyiqlərə rəğmən dünyada 1 milyon talış, 500 min ləzgi dilinin daşıyıcısı var. Xüsusi qeyd edim ki, ləzgi və talış dilini öyrənmək istəyib bunun üçün vasitə tapmayanlar, yaxud da özünü talış və ya ləzgi hesab edib ana dillərini bilməyənlər bura aid deyil.

Qaqauz dilinin isə dünyanın bir neçə dövlətinin siyasi, maddi dəstəyinə baxmayaraq bu dildə danışanların sayı 180 mindir. Azərbaycan höküməti isə hər vəchlə bu muxtariyyətə milyonlarla sərmayə qoyur. Təsəvvür edirsiniz? Azərbaycanda vergi verən, əsgər gedən, ölkənin quruculuğunda iştirak edən talışlar, ləzgilər öz haqlarını tələb edəndə həbs edilir, öldürülür, min cür təzyiqə məruz qalır. Azərbaycan üçün zərrə qədər xeyri olmayan, vətəndaş olmayan, bizə nə dini, nə iqtisadi, nə də coğrafi bağlılığı olmayan qaqauzlar və onların dilləri isə talışlardan, ləzgilərdən, tatlardan alınmış vergi hesabına qorunur.

Mən hələ tək qaqauzlardan söhbət etdim. Siyahı isə uzundur. Bütün bunlar Azərbaycan hökümətinin faşist, ifrat sağçı, pantürkçü siyasət həyata keçirdiyini, yerli xalqlar və etnik azlıqları əzmək üçün fəaliyyətini göstərir. Bu, ən yumuşaq şəkildə desək dövlətin öz vətəndaşına qarşı xəyanəti, həyasızlığıdır. Azərbaycan höküməti hər vəchlə göstərir ki, türk olmayan vətəndaşlarına qarşı düşmən mövqedə dayanıb.

Talış mövsuzuna və dilinə təlabat yüksəkdir

Talış dilinə tələbatın yüksək olmasına dair kiçik misallar çəkəcəm. Rusiyada OTV Talysh adlı youtube kanalı var. Kanalda sırf talış məsələsinə aid mövzular müzakirə edilir. Kanal son 3 ayda 1 milyondan çox baxış əldə edib. Həmçinin youtube-də Talış mövzusunda fəaliyyət göstərən kanlların son 3 ayda baxış cəmi təxminən 5 milyon civarındadır.

Yaxud da talış əsilli rusiyalı stendapçı İdrak Mirzalizadənin talış mövzusunda olan stendaplarına, müsahibələrinə ümümilikdə 2,5 milyondan çox baxış gəlib.

Mən hələ bura bu mövzuda yazılan məqalələri, facebook-da açılan mövzuları aid etmirəm. Ümumilikdə görmək olar ki, talışlar bütün qadağa və təzyiqlərə, maliyyə çətinliklərinə baxmayaraq mövzu yarada bilirlər, öz mədəniyyətini yaşada bilirlər. Amma dövlət bu mövzuda fəaliyyət göstərən adamları təqibə məruz qoyaraq radikallaşdırır, sonra da talış məsələsini Azərbaycanın maraqlarına təhlükə kimi qələmə verir.

Buna görə də talışlar və ləzgilərə edilən “özləri bu məsələdə maraqlı deyil” ittihamı kökündən yalandır və Azərbaycan Respublikasının ifrat sağçı siyasətini dəstəkləyir.

Milli bayraq və bir daha Qaqauziya məsələsi

2018-ci ildə Rusiyada talış bayrağı qaldırmış Mirismayıl Mirismayılov adlı gənc Azərbaycana girən kimi terrorizm, narkotik qaçaqmalçılığı, milli ədavəti qızışdırma kimi maddələr əsasında saxlanıldı. O Hava Limanında saxlanılarkən zorakılığa məruz qalmışdı. Maraqlıdır ki, bu barədə Azərbaycan mətbuatı və hüquq müdafiəçiləri susdu. Mirismayılın məsələsinə Rusiyadakı və Ermənistandakı hüquq müdafiəçilərinin reaksiyası və beynəlxalq qurumların müdaxiləsindən sonra o azadlığa buraxıldı. Amma onun qarşısına ömrü boyu susmaq əmri qoyuldu.

Həmçinin müxtəlif vaxtlarda dövlət orqanlarının, dövlətə bağlı mətbuat orqanlarının talış bayrağı, adı və digər rəmzlərinə qarşı aqressiyasını internet üzərindən xırda bir axtarış verməklə görmək olar. Dövlət və ona bağlı qurumlar hər vəchlə talışlara aid hər bir rəmzi və işarəni məhv etmək, qadağan etməklə məşğuldur.

Əvəzində isə sizə 2 şəkil nümunə göstərəcəm. İlk nümunədə İlham Əliyevin əlində Türk Ölkələrinin Birliyi adlı qurumun, əslində isə Türkistanın bayrağı var. Digər şəkildə isə deputat Qənirə Paşayevə Qaqauziya bayrağını öpür.

qanira-bayraq

turan bayraqi

Yəni dövlətin hazırda ən ali rəhbəri və tanınmış deputatlarından biri, həmçinin qanunlar və məhkəmə sistemi açıq şəkildə bu məsələdə talışlara alçaldıcı, təhqiramiz münasibət göstərir. Yəni, bizdən 2 min km uzaqlıqda olan hansısa xalqın bayrağı Azərbaycan dövləti üçün öz vətəndaşı olan talış, ləzgi və digərlərinin bayrağından müqəddəs və hörmətəlayiqdir.

Yerli xalqlara qarşı yönəlmiş ifrat sağçı qurumların dövlət tərəfindən dəstəklənməsi

Azərbaycanda yerli xalqların tarixini saxtalaşdıran, onlara qarşı qarayaxma kampaniyaları keçirən təşkilatlanmış 2 qurum var.

Bunlardan biri Bütöv Azərbaycan Ocaqları (BAO) birbaşa Azərbaycan Respublikası və Türkiyənin hakimiyyətdə olan məmurlarının maliyyə dəstəyi əsasında yaradılıb. Təşkilat pan-türkizmin təbliğatı və Gürcüstan, Ermənistan, Rusiya və İranın ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışlarla gündəmə gəlir.

Təşkilat həmçinin Azərbaycanda yaşayan talış, tat və digər xalqlar haqda propaqanda yazılar tirajlayır. Belə bir təşkilat asanlıqla Azərbaycanın müxtəlif bölgələrində tədbirlər təşkil edir, bəzən isə bəzi mətbuat orqanları tərəfindən informasiya dəstəyi görür.

Digər təşkilat isə Türkiyənin Atatürkçü Düşüncə Dərnəyi təşkilatıdır. Bu təşkilat uzun illərdir Azərbaycanda fəaliyyət göstərsə də, hakimiyyət orqanları onların qeydiyyatı və geniş fəaliyyəti ilə bağlı məsələlərə soyuq yanaşırdı. Cari ilin əvvəlindən isə bu təşkilatın fəaliyyətinə dövlət orqanları tərəfindən yaşıl işıq yandırılıb.

Təşkilat Türkiyədəki qatı millətçi çevrələr tərəfindən maliyyələşir. Sumqayıt və Bakıda təşkil etdikləri tədbirlərdə iştirak etmişəm və tədbir boyu yerli xalqlar və Azərbaycanla qonşu olan ölkələrə qarşı irqçi mövqelərini görmüşəm.

Lakin bütün bunlara baxmayaraq bu tip təşkilatlar Azərbaycanda sərbəst fəaliyyət göstərir, onlara dəyib dolaşan yoxdur, əksinə güclü maliyyə dəstəyi də görürlər.

Digər tərəfdən isə son günlər ulamaqla gündəmə gələn ifrat millətçi, yenə də qonşu ölkələrə qarşı ərazi iddialarının tərəfdarı olan Sabir Rüstəmxanlı kimi bir şəxs Milli Məclisdə təmsil olunur. Bilirik ki, Azərbaycanda seçki yoxdur və bütün deputatlar hakimiyyət tərəfindən təyin olunur.

Həmçinin Azərbaycanda yüzlərlə pantürkizim, nifrət nitqi olan kitablar dövlət dəstəyi ilə, İlham Əliyevin sərəncəmları əsasında nəşr edilir, kitabxanalara pulsuz paylanılır. Bu cür kitablar məktəblərdə də təbliğ edilir və hətta dərsliklərdə da bu tip mövqelərə rast gəlmək olar.

Əvəzində isə Azərbaycanda talış və ləzgilərin, həmçinin digər yerli xalqların mədəniyyətini təbliğ edən təşkilatlar qeydə alınmır, bu işlə məşğul olan insanlar təzyiqlə qarşılaşır. Misal üçün Azəri – Talış İctimai Birliyi adlı təşkilat qeydə alınmayıb, Talış Mədəniyyəti Mərkəzi müstəqillik qazanıldıqdan sonra bir müddət fəaliyyət göstərsə də, daha sonra onun qeydiyyatı ləğv edilib. Yenicə Yaranmış ATİŞ təşkilatının qeydiyyata alınmasında problemlər yaradılır, onların dövlət orqanlarına müraciətləri cavabsız saxlanılır.

talysh.orgtalish.org kimi saytlar ölkədə bloklanıb. Həmçinin məqalənin əvvəlində də qeyd etdiyim kimi, talışlar barədə tədqiqat aparanlar hökümət tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Bütün bunlar onu göstərir ki, yerli xalqlara qarşı xüsusi təzyiqin olmaması yalandır. Azərbaycan höküməti pantürkizmin təbliğatı və himayəsi ilə məşğul olaraq, ölkədəki yerli xalqlara və mədəniyyətlərə qarşı respressiya və nifrət siyasəti yeridir.

Rahim Şaliyev

Tolishmedia.com

Go to TOP