SAH ABBAS 8-Cİ HİSSƏ ( Şah Abbas obrazı – rəvayətlərdə)

1) Rəvayətlər şifahi xalq ədəbiyyatının epik növünə daxil olan xalq təfəkküründəyarı gerçək, yarı yalan əhvalatlardır. Rəvayətlər nə vaxtsa olub, lakin
üzərindən çox zaman keçdiyinə görə ya unudulmuş ya da təhrif olunmuş şəkildə bugünümüzəqədər gəlib çatmışdır. Özündə müəyyən qədər həqiqət payı daşıyan bu janr bizəqədim dövrlər barəsində müəyyən məlumatlar verə bilir. Tarixi, yer adları, şəxs adları ilə bağlı və s. kimi müxtəlif alimlər və ədəbiyyatçılar tərəfindən fərqli şəkildə qruplaşdırılmışdır. “Deyilənə görə”, “eşitdiyimizə görə” və bu kimi ənənəvi başlanğıc formulları olan janr tarixin dərinliklərindən xəbər verərək bizim üçün yeni tədqiqat yollarını açır.

2) Tarixi məzmun kəsb etməsi, tarixi hadisələr, real vətarixi şəxsiyyətlər, onların fəaliyyəti haqqında məlumatları özündə əks etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edən rəvayətlər, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da şifahi tarixini öyrənmək üçün zəngin məlumat verir.
Nağıllar da bəzən rəvayətlər əsasında formalaşır Ramil Əliyev “Şifahi xalq ədəbiyyatı” kitabında yazır: “Rəvayətlər özünün tarixi şəxsiyyətlərə, hadisələrə məxsusluğunu poetikləşmə nəticəsində itirərək lətifəyə, nağıla və s. çevrilə bilir, tarixi şəxsiyyətlər isə obrazlaşmaya məruz qalaraq ümumiləşdirilir. Məsələn, Şah Abbas haqqında deyilən rəvayətlərdə tarixi şəxsiyyət nağıl qəhrəmanına çevrilir”.

3) Haqqında çoxsaylı rəvayət olan tarixi şəxsiyyətlərdən biri də Şah Abbasdır. Burda da Abbasın nağıl və dastanlarda rast gəlinən “libas dəyişməsi” prosesini görmək mümkündür. Azərbaycan xalq inanclarında “don dəyiştirmək”,  “dondan dona girmək”, “Qurd qılığına girmək” və s. kimi bir-birinə yaxın bənzəri deyimlər və inanclar Şamanist törənin islamdan sonrakı xalqın təfəkküründə yaşayaraq islam inancları ilə sintez olunmuş və fərqli formalarda özünü büruzə vermişdir. Eyni zamanda totemist və animist fəlsəfə və reinkarnasiya inancı kimi də başa düşmək olar. Nağıllarda və əfsanələrdə tez-tez rast gəlinən göyərçin, qurd, quş, ceyran, ilan, ağac, bitki, daş, qaya və s. varlıqlara çevrilmək və ya don dəyiştirmək ruhun bədən üzərindəki dəyişiminin nümunəsidir. Bunun bir təzahürü də dastanlarda və nağıllarda qəhrəmanların öz kimliklərini gizli saxlaması üçün “təbdili qiyafət” olub xalq içərisinə ortaya çıxmaları, hadisələrə müxtəlif tərəflərdən analiz edərək tərs problemlərin öhdəsindən gələ bilmələridir.

4) Elə Şah Abbas da nağıllarda və dastanlarda olduğu kimi rəvayətlərdə də “təğyir-libas” olub  ya xalqın gündəlik geyim tərzi olan “qarayaxa paltarı”, ya dərviş geyimində, ya da tacir /bəzirgan libasını geyərək don dəyişdirib müxtəlif səyahətlərə çıxır. Nağıllarda qeyd etdiyimiz kimi burda da Şah Abbasın vəziri Allahverdi xan ona müdrik qərarları ilə təsir göstərir, tələsik çıxarılmış yanlış hökmlərə mane olur vəşaha məsləhətlər verir.

5) Don dəyişdirilməsi ilə bağlı məsələnin Şah Abbas adı ilə bir çox xalq hekayələrində rast gəlinməsi təəccüblü deyildir. Erkən Səfəvi qızılbaş inanclarının yavaş-yavaş ortadan qaldırılması tarixi şəxsiyyət bölməsində (Bax :II hissə) qeyd etdiyimiz kimi bugünkü “müctəhid şiəliyin” əsasını qoyması,  Qızılbaş ordusunun azaldılması, Şahsevən birliklərinin qurulması, Osmanlılara qarşı qazanılan qələbələr, paytaxtın İsfahana köçürülməsi, Səfəvilər xəritəsinin tam şəkildə bərpa olunması və s. bir çox siyasət xalqın yaddaşında silinməz izlər buraxmış və onun haqqında müxtəlif xalq hekayələrinin meydana çıxmasına səbəb olmuşdur.

6) Şah Abbas haqqında rəvayətlərdə də qorxunc, zalım və ya əksinə olaraq müsbət surətlərə rast gəlmək mümkündür. Biz burda imkan dairəsində müxtəlif mənbələrdən toplanılmış Şah Abbas haqqında olan rəvayətlərə müraciət edəcəyik. Xalqın yaddaşında ziddiyyətli hökmdar kimi qalan Şah Abbas haqqında rəvayətlər şifahi ənənədə daha geniş yayılmış, süjet tərkibinin rəngarəngliyi, çeşidliliyi ilə seçilir.

7) “Şah Abbasın ölümü” adlı rəvayətdə onun acgöz bir hökmdar olması və “əlinin açıq qalması” – nı torpaqla doldurmaq rəmzi məna daşıyır. “Şah Abbas və Saldız baba” rəvayətindədə Saldız adlı babanı görməyə gedən şah Abbas onu tanımır. Saldız baba onu heyran qoymağı bacarır .

8)Şah Abbasın yürüşləri ilə əlaqədar olan rəvayətlərdə onun keçdiyi, dayandığı yerlərdə müəyyən işlərin görülməsi ilə bağlı məqamlar,  hadisələrdir. Buna hamamlar, karvansaralar, məscidlər tikdirməsi, bulaq, oba saldırması və. s. aid etmək olar. “Şahbulaq” rəvayətində Ağdam rayonunda bir karvansaranın yanında Şah Abbas bulaq düzəltdirir və ordan keçənlər ona “Şahbulaq” deyirlər. “Cümə məscidi” rəvayətində Şah Abbasın qızı atasının ölümündən sonra hər cümə axşamı bir məsciddə dua edərmiş. Ona görə də bu məscidin adını cümə məscidi qoyurlar. Bu məscidin adı əvvəllər “Came məscidi” olmuşdur. Eyni motivin olduğu “Şah Abbas məscidi” adlı rəvayətdə gözəl qızların şah sarayına aparılması ilə bağlı xalq düşüncəsində əks olunan ən dəyərli nümunələrdəndir. Öz qızını şaha verməmək üçün şaha çox çətin üç şərt əsasında saray tikdirməsini tapşırır. Tapşırıq hazır olsa da qız saraydan qaça bilir, atası isəqəzəblənmiş şah tərəfindən öldürtdürülür. Elə buna görə də sarayın adı Şah  Abbasla bağlıdır.

9) Şah Abbas haqqında olan rəvayətlərdə qismətdən qaçmağın mümkünsüzlüyü, alın yazısına inam motivlərinə də görmək mümkündür. “Allahın
yazısı” – da oğlanın alın yazısına mane olmağa çalışan şahın işinin baş tutmadığını, sonda “yazıya pozu yoxdur, tədbirə çarə” deməsi xalq inanclarının folklora daşınmasına bariz nümunədir. “Vəzirin sözü düz çıxır” rəvayətində isə vəzirin bir arvadın yeni doğulan qızının şahın oğluna qismət olacağını deyir. Şah Abbas nəqədər tədbir töksə də sonda həmən qız şahın oğluna qismət olur. “Şah Abbas və qalayçı” rəvayəti demək olar ki, “Sultan dəmirçi” nağılı ilə eynilik təşkil edir. Xoşbəxt qalayçının xoşbəxtliyinin əsas səbəbi onun daxilindədir.

10) “Vəzirlərin ürəkləri elmləri qədər böyükdür” rəvayətində Şah Abbas iki ruhani vəziri Şeyx  Bəhai ilə Mir Damədin əxlaqını yoxlamaq istəməsi və alimlərin verdiyi cavablardan sonra onların ürəklərinin elmləri qədər böyük olduğunu başa düşür. “Şah Abbasın üzüyü” rəvayətində “haqqı qanan qonar keçər, haqqı danan yolar köçər” ifadəsi şahın zülmünə etiraz ifadəsi kimi folklora sirayət etmişdir. Buna bənzər adında rəmzi məna daşıyan “Haqq var, divan yoxdur” rəvayətində də şahın ölkəsində özbaşınalığın adi bir hal aldığını görürük.

Rəhim Əfəndi

Go to TOP