“Müdafiə xətti” Azərbaycanda insan hüquqlarının pisləşdiyini bildirir

“Son üç ayda Azərbaycanda Azərbaycan Konstitusiyasının, İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına əməl olunmayıb, xüsusilə siyasi azadlıqlar kobud şəkildə pozulub”. TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının 2023-cü ilin iyun-avqust aylarında insan hüquqları ilə bağlı hesabatında deyilir.

Əsasən, Konstitusiyanın hüquq və azadlıqlar, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə hüququ, şərəf və ləyaqətin qorunması, sərbəst toplaşma, vicdan, ifadə, mətbuat və informasiya azadlığı ilə bağlı müddəaları kobud şəkildə pozulub.

Qanunsuz cəzalar praktikası tətbiq olunub. Azərbaycan hökuməti hüquqi və siyasi islahatlara, azad medianın, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün şəraitin yaradılmasına, habelə siyasi sistemin inkişafına  maraq göstərməyib.

Əksinə, rejimin tənqidçilərinə qarşı repressiyalar güclənib, işgəncə və qeyri-insani rəftar faktları artıb. Jurnalistlərin, fəalların, siyasətçilərin, dindarların həbsi adi hala çevrilib.

Ölkədə siyasi məhbusların sayı 200 nəfəri keçib.

Dövlət aparatında korrupsiya sistemli hal olaraq qalır.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı formal-deklarativ xarakter daşıyır. 2005-ci ildə qəbul edilmiş korrupsiyaya qarşı mübarizə haqqında qanun, həmçinin  vəzifəli şəxslərin və onların ailə üzvlərinin əmlakı, maliyyəsi haqqında məlumatların bəyan edilməsi qaydalarına əməl olunmur, bu məlumatlar açıq mənbələrdə dərc edilmir.

Nəticədə Transparency International təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycan dünyanın 157 ölkəsi arasında 180-ci yeri tutur.

Dindarlara, xüsusən də “Müsəlman Birliyi” Hərəkatının fəallarına qarşı repressiv tədbirlərə də diqqət yetirilir.

Həbs olunan dindarlar, bir qayda olaraq, narkotik maddələrin qanunsuz alverində ittiham olunurlar, hökumətin nəzarətində olan KİV isə  onları “casuslar” və “satqınlar “kimi təmsil edir.

Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi fonunda bu dindarlar uydurma ittihamlar əsasında cəmiyyətdən təcrid olunublar. Saxlandıqdan sonra psixi və fiziki təzyiqlərə məruz qalıblar. Bəzi hallarda onları təcavüzlə təhdid ediblər.

Hesabatda siyasi partiyalara tətbiq olunan cəzalara da diqqət yetirilib. “Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən tənqid olunan “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Yeniliklərə əsasən, səlahiyyət müddəti bitmiş partiyanın fəaliyyətilə bağlı istənilən hərəkətə görə 700 manatdan 1000 manatadək cərimə tətbiq edilir.

Bu və digər mürtəce hüquqi normaların qüvvəyə minməsi Azərbaycanda siyasi fəaliyyətə icazə verən sistemin qurulduğundan xəbər verir ki, bu da fundamental azadlıqları sarsıdır, “Müdafiə xətti”nin sənədində deyilir.

Go to TOP