Astarada torpaq sürüşməsi: 15-ə yaxın evə təhlükə

Astaranın dağ kəndində torpaq sürüşməsi 15-ə yaxın ev üçün təhlükə yaradıb. Artıq bir neçə ailə öz evlərini tərk edib, qohumlarının evinə sığınıblar.

TOLİSHMEDİA informasiya agentliyi bildirir ki, rayonun Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra ərazidə torpaq qatının sürüşməsi baş verib. Məhəllənin 10 – a yaxın fərqli nöqtədəki sürüşmə 15-ə yaxın fərdi yaşayış evləri üçün təhlükə yaradıb. Sakinlərin qorxduğu odur ki, bu ərazidə 2 – 3 bal gücündə yeraltı təkanlar olsa evlər tamamilə dağıla bilər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, kənddə yaşamağa heç bir şərait yoxdur.

“Yağış yağanda uşaqları götürüb qohumlar evində qalmağa məcburuq. Çünki, təhlükəli vəziyyətdədir. Hazırda kənddə yaşamaq səbəbi budur ki, bura bizim dədə – babamızın yurdudur”.

Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub. Artıq kənddə bu sahə ilə də məşğul olan az ailə qalıb.

“Əkin əkə bilmirik. Ağac əkirik ağac gedir. Ev düzəltmişik ev də uçurumdadır. 5–6 il qabaq 500-ə yaxın mandarin ağacları məhv oldu. İndi də 150 ağac əkilib, onları da torpaq qatı aparır”.

Go to TOP