“Amnesty International” Azərbaycan hakimiyyətini fəalların həbsinə son qoymağa çağırdı

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, təşkilat 5 nəfərin haqsız yerə tutulduğunu deyir və bunu “siyasi motivli həbs” hesab edir.

“Azərbaycan hakimiyyəti müharibə əleyhdarı fəalların siyasi motivli təqibinə son qoymalıdır”.

Bu barədə “Amnesty International” insan haqları təşkilatı “X” (“Twitter”) platformasında paylaşım edib. Təşkilat bildirib ki, Azərbaycan hakimiyyəti sosial mediada müharibə əleyhinə yazılarına görə 5 nəfəri haqsız yerə həbs edib:

“Həmin fəallar Azərbaycanın “Dağlıq Qarabağ”a son hərbi hücumuna qarşı çıxış ediblər” – deyə, “Amnesty International” bildirib.

Sentyabrın 20-dən başlayaraq Azərbaycanda bir sıra fəallar prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını bildirib. Sonradan onlardan bir neçə nəfərinin məhkəmələrin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs olunduğu açıqlanıb.

Həbs edilənlərdən Nurlan Qəhrəmanlı (Libre), Emin İbrahimov, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə ittiham ediliblər. Hər biri 30 gün azadlıqdan məhrum ediliblər.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində isə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Gənc fəal Nemət Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 gün azadlıqdan məhrum edilib.

Həbs edilənlər və vəkilləri cəzalandırmanın əsl səbəbini Azərbaycanın sentyabrın 19-da Qarabağda başlatdığı hərbi əməliyyatların əleyhinə yazdıqları fikirlərlə əlaqələndiriblər.

Go to TOP