Mediada “casusluq” məhkəmədə “narkotik”

Azərbaycan Respublikası hakimiyyətinə bağlı olan Axar.az saytı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik xidmətinin tabeliyində olan “Mouze” telegram kanalına istinadla Gəncədə 20 sakinin saxlanılmasından xəbər verib.

Məlumatda saxlanılanların İranı təbliğ etdikləri bildirilir. Qısa məlumatda birinci sətrdə saxlanılanların İranın casus şəbəkələri ilə əlaqədə olduqları, ikinci sətrdə isə İranı təbliğ etdikləri deyilir. Bu isə müsəlman Azərbaycan xalqının İran barədə müsbət düşüncəyə malik olmasının cinayət hesab olunduğu anlamına gəlir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasında İranla əlaqəli həbs edilənlər barədə xəbər yayma metodu vaxtı ilə Turan Xəbər Agentliyinin də tənqidinə səbəb olmuşdur. Bu xəbər agentliyi bu kimi məlumatların müvafiq dövlət qurumları tərəfindən yayılmamasını qınamışdı:

“Azərbaycanın rəsmi dairələrinin qəbul etdiyi zərərli ənənəyə görə, casusların və digər dövlət əleyhinə ünsürlərin aşkarlanması barədə, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi yaxud Baş Prokurorluq deyil, bir qrup hökumətyönlü media məlumat verir”.

Turan xəbər agentliyi sonra belə davam edir: “Bakı mediası mənbəni açıqlamadan, ittiham irəli sürərək, istintaqın təfərrüatlarını açıqlayaraq belə ağır cinayətlər barədə xəbər verirlər. Üstəlik, bütün bu media eyni mətni təkrarlayır. Bütün bunların fonunda ölkənin hüquq-mühafizə orqanları susur.”

Həmin yazıda belə bir eybəcər yanaşmaya da diqqət çəkilir ki, hakimiyyət medialarında saxlanılanların İrana casusluq etdikləri bildirilsə də məhkəmə prossesində onlara qarşı narkotiklə bağlı ittihamlarla hökm çıxarılır.

“Əvvəllər casusluqda ittiham olunanların hamısı birdən-birə narkotik alverçisi olub və onlar məhz narkotik vasitələrin ticarəti və yayılmasına görə məhkum olunublar”,- Turan yazısını kinayə ilə belə tamamlayır.

Hüquq müdafiəçiləri isə mediada İrana casusluqda, məhkəmədə isə narkotiklə ittiham olunanların əslində inanclı şiə olduqlarına görə həbs edildiklərini bildirirlər.

Onların dediklərinə görə həbs edilən inanclıların sayı mindən artıqdır, onların içində 50-dən çox ruhani var.

Digər tərəfdən Məhkəmə tərəfindən çıxarılan qərarların sifarişli olması kimsədə şübhə doğurmur və bu məsələ bütün inanc əhlinin günahsız olaraq repressiya maşınının qurbanına çevrildikləri barədə yekdil rəy formalaşdırıb.

Go to TOP