Talışıstanda Milli Mətbuat günü yanvarın 21-də qeyd edilməlidir

Bu gün “Kızıl-Talış” (“Sıə Tolış”) qəzetinin ilk nömrəsinin çap olunmasından 80 il keçir. Amma çox təəssüf ki, bu qəzet haqqında, bir-iki cümlə xaric, Azərbaycan mətbuatında, tarixi kitablarında, ensiklopediyalarda yetərli məlumat tapmaq mümkün deyildir. Bu boşluğu doldurmaq üçün, tədqiqat mövzusu olaraq seçdiyim bu qəzet haqqında aşağıda qısa məlumat verəcəyəm.

80 il əvvəl, 21 Yanvar 1931-ci ildə (çərşənbə günü) Talış bölgəsinin Lənkəran (Lankon) şəhərində Böyükağa Mirsalayevin baş redaktorluğu ilə 1500 tirajla “Kızıl-Talış” adında bir qəzet nəşrə başladı. Az.K(b)F Lənkəran Dairə Komitəsinin Orqanı olan və 5 qündən bir çıxan, Talış və Turk dillərində nəşr olunan “Kızıl-Talış” qəzeti, indiyə qədər Talış adını daşıyan və səhifələrində Talış dilində yazılara yer verən ilk qəzet olaraq tarixə düşmüşdür.

Səhifələrində həm Azərbaycan və həm də Talış dillərində yazılar çap edən “Kızıl-Talış”ın, birinci nömrəsində qəzetin Şuralar Hökümətinin Talış xalqına bir töhfəsi olduğu vurğulanmaqla bərabər, Talış xalqının da bunu haqq elədiyi ifadə edilmişdir: “Talış əlifbası, Talış dili və Talış ədəbiyyatının inkişafı danılmaz müvəffəqiyyətlərimizdən və parlaq nailiyyətlərimizdəndir. Şuralar hökuməti Talış əməkçilərini Talışinski, Talışxanov, Mehmandarov və qeyri müftəxorların qanlı caynaqlarından azad edib, yer, su, meşə və yaşamaq üçün geniş imkan verdi. Qaranlıqda qalmış mövhumat uçurumlarından maarifə və mədəni inqilaba doğru çəkdi… İcbari təhsil sayəsində bütün Talış kütləsinin 100 faiz savadlanması, kollektivləşmə nəticəsində qolçomaqların bir sinif olaraq ləğvi okruqların, tövsiyə edilib dairələşməklə, güclü işçilərin kəndlərə axını, 25 minçilərin kəndlərə göndərilməsi, yüzlərcə traktor və maşınların kəndlərə dolması. Xüsusən Talış əməkçiləri arasında mətbəə və qəzetə quruluşu 5 illik planın hədiyyəsi və 16-cı firqə qurultayının, dəyərli töhfələrindən biridir”.

Qəzet, 21 yanvar 1931-ci il-20 noyabr 1931-ci il tarixləri arasında (1-63-cü nömrələr) “Kızıl Talış” adıyla çap olunmuşdur. 5 dekabr 1931-ci ildə çıxan 64-cü nömrəsindən etibarən qəzet adını “Sıə Tolış” olaraq dəyişdirmişdir ki, bunun səbəbi qəzetin həmən nömrəsində belə izah edilmişdir: “Qəzetimizin başlıca olaraq talış xalqı əməkçilərinə xidmət etdiyini nəzərə alaraq rəhbərlik edici təşkilatlar; qəzetimizi Kızıl-Talış əvəzinə Sıə Tolış adlandırmaq haqqında müxbir müşavirələri tərəfindən irəli sürülmüş təklifi təsvib etmişlərdir. Ona görə də qəzetimiz bu nömrədən etibarən “Sıə Tolış” adı ilə buraxılır” (“Sıə Tolış” qəzeti nöm.64; 5 dekabr 1931-ci il)

“Sıə Tolış” adıyla qəzet son nömrəsini (nöm. 11 (518)) 18 fevral 1939-cu ildə çap eləyir. Bu tarixdən sonra “Sosialist Subtropiqi” adını daşıyır. Bunun səbəbini də yenə qəzetin 12-ci (519) nömrəsinin son səhifəsində “Oxuyucuların Diqqətinə” başlıqlı kiçik bir xəbərlə belə çatdırılır: “Qəzetimizin keçmiş Sıə Tolış adı indiki şəraitimizə uygun olmadığından həmin ad indi Sosialist Subtropiqi ilə əvəz edilmişdir” (“Sosialist Subtropiqi” nöm;12(519)23 fevral 1939-cu il)

“Sosialist Subtropiqi” qəzeti 16 iyun 1957-ci ildən “Leninçi” və 22 sentyabr 1990-cı ildən isə “Lənkəran” adıyla çıxmağa başlamışdır.

1938-ci ildən etibarən qəzet səhifələrində Talış dilindəki yazılar azaldılmış və 22 sentyabr 1938-ci ildən etibarən qəzet yalnız Azərbaycan dilində çıxmağa başlamışdır.

“Kızıl-Talış (Sıə Tolış)” qəzetinə Böyükağa Mirsalayev, Əli Razi Şəmsizadə, Rəzzaq Kazımov, Əmrəli Mirzəyev, Qüdrət Kazımov, Bayram Süleymanov kimi dövrlərinin ziyalı insanları müxtəlif illərdə redaktorluq və ya məsul katiblik etmişlər.

4 səhifədən ibarət olan qəzetdə daxili və xarici xəbərlər, yerli həyatı əks etdirən materiallar verilmişdir. Mədəni inqilabın məqsəd və vəzifələri, kollektivləşmə, qadın azadlığı, təsərrüfat vəzifələri haqqında yazılar qəzet səhifələrində özlərinə yer tapmışdır. Talış bölgəsinin siyasi, iqtisadi, sosial, mədəni həyatı haqqındaki yazılarla qəzetin hər nömrəsində rastlaşmaq mümkündür.

Talış dilində şeirlər, felyetonlar, Talış dilinə tərcümələr, ilk Talış teatrı, talış dilində çap olunan kitablar haqqında məlumatlar, Talışlar haqqında həm Rusiya, həm də Bakı mətbuatında çıxan yazılar qəzetdə yer alan yazılardandır. Qəzetin fəaliyyətində yaxından iştirak edən Müzəffər Nəsirlinin “Tolışə folklori həxədə çan qləyı sıxan” (“Sıə Tolış” qəzeti; nöm:67(325) 18dekabr 1935-ci il; nöm:69(327) 31dekabr 1935-ci il) məqaləsi Talış foklorşünasları üçün vacib bir mənbədir. Talış dilində şeirlərin, felyetonların, tərcümələrin, əsasən də 1935-ci il nömrələrində çox çap olunduğunı görmək mümkündür.

“Yerli çap qəzetəsi Lənkəran, Astara, Lerik, Astraxanbazar və Masallı dairələrində olan namuslu əməkçi müxbirlərinə söykənib, projektor gibi öz işığını Talış dağlarına yaymalıdır” (“Kızıl-Talış” qəzeti nöm.1., 21 yanvar 1931-ci il) deyən qəzet, bu vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Bu gün, “Kızıl-Talış” (Sıə Tolış) qəzetinin nömrələri Moskva arxivlərində və Lənkəranda “Lənkəran” qəzetinin redaksiyasında qorunmaqdadır. Fəqət zaman keçdikcə qəzetin nömrələri fiziki olaraq keyfiyətlərini itirirlər. Bunun üçün də qəzetlərin qısa vaxtda mikrofilmləri hazırlanmalı və qorunmalıdır.

“Kızıl-Talış”, “Sıə Tolış”, “Sosialist Subtropiqi” və daha sonra da “Leninçi”, “Lənkəran” adıyla çıxan qəzet Talış bölgəsinin, Talış dilinin, Talış ədəbiyyatının, Talış tarixinin araşdırılmasında vacib mənbələr.

Elnur Ağayev,
Tarix elmləri doktoru,
Tolışi Sədo, №2, 2011

Go to TOP