ŞAH ABBAS 6-CI HİSSƏ (Şah Abbas nağıllarda , 2-ci hissə)

1) Tədqiqatçı Vəfa İskəndərova “Ənənəvi nağıl formulları ” kitabında Türkiyə və Azərbaycan nağıllarının müqayisəli təhlilini verir, eyni zamanda oxşar cəhətlərini qeyd edərək məkan formulu, zaman formulu, xarici təhkiyə və s. kimi müxtəlif bölgülər aparır. Şah Abbasa aid nağıllarda da bu cür formulları müşahidə etmək mümkündür. Hadisələr əsasən Qəzvin, İsfahan, Təbriz və s. şəhərlərdə baş verir, Hind şahı, Firəng padşahı, Osmanlı xotkarı və s. kimi başqa ölkələrin, məmləkətlərin, vilayət hakimlərinin də nağıla daxil edilməsini görə bilərik.

Nağıllarda şah ” təbdili-qiyafət”, yəni öz donunu dəyişərək xalq içərisinə qarışır və dərviş rolunda vəziri Allahverdi xanla birlikdə müxtəlif səyahətlərə çıxır. Bu nağıllarda şah gözəl bir xanıma aşiq olub öz sevgisi uğrunda mübarizə aparması, evlənməsi, sadə xalq arasında hər hansısa bir peşə sahibinə qonaq olması, öz oğullarının böyüyərək atası Abbası axtarmaları, vəzir Allahverdi xanla başına gələn komik hadisələr, qonşu ölkələrin şahları ilə hərbi və ya əqli mübarizə və s. çoxsaylı və tez təkrarolunan nümunələrdir.

2) Vəzir Allahverdi xan əvvəlki hissələrdə qeyd etdiyimiz gürcü qulam Allahverdi xanın xalq təfəkküründə poetikləşdirilmiş surətidir. Allahverdi xan surəti təzadlı obrazdır. O bəzən şaha məsləhətlər verən aqil, hazırcavab, müdrik bir şəxs kimi təqdim olunur. Bəzən isə bir qoca tərəfindən aldadılan, saf, “qaz kimi yolunan” obraz kimi rastımıza çıxır. Allahverdi xan ağıllı vəzir olsa da əllaməçilik, hoqqabazlıq işlərindən elə də başı çıxmır. Rəvayətlərdə, nağıllarda, lətifələrdə rast gəlinən bu məsələyə Muxtar Kazımoğlu “Folklorun ikiləşməsi” – də aydınlıq gətirərək yazır:
“Vəzir Allahverdi xan düzgün oyun qaydalarını bilir, amma tərsəməzhəb oyunda onun şəltəsi işləmir. Şah Abbas belə oyun oynamaq həvəsinə düşəndə gözünün qurdunu daha çox Kəlniyyətlə öldürür. Vəzir Allahverdi xanla Kəlniyyət birlikdə Əlişir Nəvainin Hüseyn Bayqara yanındakı rolunu oynayırlar.Hüseyn Bayqara yanında Əlişir Nəvai həm ciddi bir məsləhətçi,həm də bir oyunbazdır.Əlişir Nəvainin didaktik fikirlərinə oxşarkəlamları vəzir Allahverdi xanın dilindən eşidirik, Əlişir Nəvainin baməzə hərəkətlərinə isə Kəlniyyətin sərgüzəştlərində rast gəlirik. Əlbəttə, istisna hallar, yəni vəzir Allahverdi xanın az-çox baməzə hərəkətlərinin təsvir edildiyi məqamlar da mümkündür. Beləməqamlardan birinə “Şah Abbasla pinəçi Allahverdi” nağılında rast gəlirik .

3) Şah Abbas haqqında olan nağıl mövzuları müxtəlifdir. “Sultan Dəmirçi” nağılında bəxtəvər bir dəmirçinin şahın etdiyi zülmlərə rəğmən yenə də xoşbəxt yaşaya bilməsi xalqın hər zaman gələcəyə ümid bəslədiyi inamı əks olunmuşdur. Şah Abbasın qəddar şəxsiyyətinin təsvir olunduğu bu nağılda şahın zülmü ərşəçıxsa da “bəxtəvər” ustanın xoşbəxtliyinin daxili aləmində gizləndiyi məlum olur.

4) “Keçəlin divanı” nağılında isə Saleh yalançı şahidlərlə Şah Abbası inandıra bilsədə keçəlin şahı dəvət edərək qurduğu divanda Valehin haqlı olduğunu sübut edir vənağıl Valehin öz həyat yoldaşı ilə xoşbəxt ömür sürməsiylə tamamlanır. Bu nağılda da Abbasın verdiyi qərarlar xalq tərəfindən yaradılmış nağıllarda öz əksini tapmışdır. Keçəl obrazı isə bəzi nağıl və dastanlarda olduğu kimi qəhrəmanın köməkçisinə çevrilir, bəzi folklor nümunələrində isə hiyləgər, kələkbaz kimi təsvir olunmuşdur. “Yalançı Şahid” nağılında isə əksinə şah kasıb bir qadına hədiyyəetdiyi təsbehin oğurlanmasını yalançı ustaya onun yenidən düzəltmək əmri verməsi ilə oğrunun yalanını üzə çıxarır və cəzalandırır. Şah Abbasın qəddarlığı təsvir olunmuş və axmaqcasına aldığı qərarları “Həsən Qara” nağılında da əks olunmuşdur. Bu qərarı ölkədəki bütün qadınların öldürülməsi ilə bağlı verdiyi əmrdə görürük. Lakin, oğlu Kürd Hüseyni sakitləşdirərək şahın sarayına gələn Həsən Qara başına gəlmiş bir əhvalatı danışaraq heç də bütün xanımların xəyanətkar olmadığını şaha inandıra bilmişdir. Qadının bu qədər sədaqətli ola biləcəyini eşidən Şah Abbas da qadınları öldürmək fikrindən daşınır.

5) Şah Abbasın zülmkarlığı barəsində Qarabağ folklorundan toplanılmış nağıllarda da rast gəlirik.
Bir nağılda “bağa vergi qoymaq istəməsi”, digər bir nağılda isə “Qurbağaların səsini kəsmək” əmrini verməsi buna nümunədir. Gözəl oğlanların və qızların şah sarayına aparılması xalq təfəkküründə cilalanmış və poetikləşdirilmiş şəkildəbugünümüzə gəlib çatmışdır. SMOMKP məcmuəsinin XIII buraxılışında verilmiş bir nağılda dəmirçinin arvadı ona aşiq olmuş Şah Abbasa on iki rəngə boyanmış yumurta yedirərək demək istəyir ki, yumurtalar eyni cür daddığı kimi bütün qadınlar da eynidir. Onlar, ancaq xarici görünüşlərinə görə bir-birindən fərqlənirlər. “Şah Abbasın oğlu” nağılında isə ağlına aşiq olduğu qızla evlənən şah ona bir bazubənd verir. Bu qızdan olan oğlu vəzirin qızına aşiq olduğuna görəöldürülmə əmri verilsə də şah oğlanın qolundakı bazubənd vasitəsilə öz oğlu
olduğunu başa düşür.

6) Nağıllardakı “Bazubənd” məsələsi Şah Abbasla əlaqəli məhəbbət dastanlarında da qarşımıza çıxır. “Şah Abbas və üç oğru” nağılında oğrulardan biri itin dilini bilir, o biri bağlı qıfılı açır, üçüncü isə gündüz gördüyü adamı qaranlıqda da tanıyır. Şah Abbasın xəzinəsini yarsalarda yaxalanlırlar, sonda isə Şah Abbas onları azad edir. “Duzun haqqı” nağılında Şah Abbas aldığı duzun haqqını verə bilmək üçün qəpiyin dörddə biri miqdarında sikkə kəsdirir. “Çoban və Şah Abbas” nağılında isə çoban özünü şahdan zəngin sayır, çünki o bu dünyadan
köçəndə on beş arşın, Şah Abbas isə iki arşın bez aparacağını düşünür.

7) “Şah Abbas və qırx hərami” nağılı ilə “Baftaçı Şah Abbas” nağılları arasında bənzər motivlərin olduğunu görürük. Hər iki nağılda kimliyindən asılı olmayaraq hər bir kəsin sənət sahibi olması fikri aşılanır. Sevdiyi qıza görə “baftaçılıq” sənətini öyrənən şah bu peşəsi nəticəsində özünü quldurların əlindən xilas edə bilir. Hər iki əsərdə Banı adlı qadın obrazı şahı çətin vəziyyətdən xilas edən, ağıllı bir surətdə kimi qarşımıza çıxır. Qeyd etdiyimiz bu iki nağılın motivləri əsasında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov 1912 – ci ildə “Şah Abbas və Xurşid Banu” operasını
yazmışdır.

8) Birinci fəsildə qeyd etdiyimiz kimi ənənəvi qızılbaş inanclarını ləğv etdirib “müctəhid şiəliyini” gətirən Şah Abbasın bu islahatı da xalqın gözündən yan keçməmiş və bu barədə müəyyən əhvalatlar söyləmişlər. Şiəlik motivlərinin güclü olduğu “Əbülqasim” nağılında Əbülqasimin ağlına və ədalətinə heyran qalan Şah Abbas öz qızını ona verir və kürəkənini öldürməyə çalışan kafir ölkənin padşahını Əbülqasim vasitəsilə işğal edir və onu həmən ölkəyə hökmdar təyin edir. “Buxtunas şah”-ın nağılında isə Kürd Hüseyn və Əyyar Mirzə Şah Abbasın tələbi ilə bütpərəst padşahı Buxtunasın bacısını gətirməyə gedirlər. Qarşılarına çıxarılan pəhləvanları məğlub edib Buxtunasa bacısını oda atıb yandırmağa imkan vermirlər. Onu öldürüb qızı xilas edirlər. Şah Abbas bütpərəst ölkəsinə rəhbərliyi onlara tapşırır.

9) Allahverdi xanla “dərvişi libas” olub başına gələn sərgüzəştləri “Bostançı və Şah Abbas” nağılında əks olunmuşdur. Şaha sovqat aparan bir bostançının yolda dediyi sözü, yəni həqiqəti söylədiyi üçün şah tərəfindən eşşək yüklü qızıl hədiyyə verilir. Bundan narazı qalan Allahverdi xan hədiyyəni geri almaq istəsə də bostançı tərəfindən aldanılaraq “qaz kimi yolunur”. “Üç bacı” nağılında Şah Abbas üç bacının danışığını eşidir. Böyük bacı vəzirin, ortancıl vəkilin oğlunun onun almasını, kiçik bacı isə Şah Abbasın onun hamam boxçasını götürməsini arzu edir. Kiçik bacının istəyindən qəzəblənən Şah Abbas onu ölkəsindən qovur. Lakin sonda onun hamam boğçasını götürür və evlənir.

10) “Oxbatmaz İsfəndiyar” nağılında Rüstəmin ölüsünü və ya dirisini gətirənə Şah Abbas taxtı verəcəyini elan edir. Şah Abbasın oğlu atasının tapşırığını yerinəyetirməyə gedir və tilsimdən köynək geydiyindən heç bir ox ona təsir etmir. Rüstəm onu gözlərindən vurmaqla öldürür.Bu səhnə isə “Basatın Təpəgözü öldürdüyü boy” – u bizə xatırladır.”Dərdi – sər” nağılında da onun ölümdən ayılması üçün ölkəsində dərdsiz adam tapılmaması şahın zülmünə bir poetik nişanədir. “Səxavət vardan yaxşıdır” nağılında dünya malının çoxluğu, var – dövlətin səxavətdən aşağı olduğu göstərilir, fəqirlərin sərvəti olmasa da ürəkləri geniş və əliaçıq olması təbliğ olunur.

Rəhim Əfəndi

Go to TOP