ŞAH ABBAS 5-Cİ HİSSƏ ( Şah Abbas obrazının folklor kökləri – Nağıllarda Şah Abbas)

1)Hörmətli yoldaşlar , Şah Abbas obrazının tarixi köklərindən sonra onun şifahi xalq ədəbiyyatında necə yer tutması ilə bağlı çox geniş bir araşdırma etmişik . Onları da hissə – hissə sizlərə təqdim edəcəyik .

Nağıllar Azərbaycan şifahi xalq ədəbiyyatının epik növünə daxil olan ən qədim janrlardan biridir. Nağıllarda baş verən hadisələr axıcı və şirin dillə çatdırılır və bu hadisələr, əsasən,nağılın başqəhrəmanının başına gələn əhvalatlardan bəhs edir. Nağıl qəhrəmanı əsər boyunca müxtəlif qüvvələrlə qarşılaşmalı olur,lakin sonda həmişə qalib gəlir. Bu da xalq düşüncəsində xeyrin həmişə şərə qalib gələcəyi inamı ilə bağlıdır. Nağıl
mövzularında tarixi şəxslər ideallaşdırıla və nağıl
çərçivələrini aşaraq adı dillərdə gəzə bilər.

2) Bunlardan biri də Şah Abbasla bağlı olan
nağıllardır. Şah Abbasla bağlı olan nağılları tarixi nağıl hesab etmək olmaz. Çünki bu tip nağıllarda olan Şah Abbas obrazı tarixi şəxsiyyət kimi əsil kimliyindən uzaqlaşdırılaraq uydurma şəklində nağıl qəhrəmanına çevrilib. Buna görə də Abbasla bağlı olan nağıllar ictimai məzmunlu və məişət nağılları kimi təsnif olunur. Biz bunu araşdırarkən Muxtar Kazımoğlu “Folklorun ikiləşməsi” adlı kitabında belə bir məlumat əldə etdik .

“Pyotrun hakimiyyəti illərində çar həm də kilsənin başçısına çevrilir vəbununla rus davranış semiotikasında dəyişiklik müşahidə edilir. Əvvəlki vaxtlardan fərqli olaraq, I Pyotrun dövründə çar dini rəhbərin yox, dini rəhbər çarın əlini öpməli olur.Davranışdakı bu dəyişmə çarın daha çox müqəddəsləşdirilməsi vəAllaha bir az da yaxınlaşdırılmasının nəticəsi kimi baş verir”.

Bu davranış qaydalarındakı dəyişikliklər rus nağıllarına da sirayət edir Yəni, rus nağıllarında çar öz tarixiliyini qoruyub saxlaya bildiyi üçün çara aid olan bu nağılları tarixi nağıl kimi təsnif etmək olur. Azərbaycan nağıllarında isə Şah Abbas öz tarixi “donundan” çıxıb xalqın düşüncə tərzi ilə əlaqədar olan və təxəyyül gücünə yaradılmış əfsanəvi bir şəxsiyyət kimi təqdim olunur.

3) “Folklor və Tariximiz” mövzusunda Respublika Elmi Konfransının materialları adlı kitabda Vəfa İskəndərova “Xalq nağıllarında yaşayan
tariximiz” adlı işində yazır:
“Məlumatları əsasən şifahi şəkildə bir-birinə ötürən nağıl söyləyicilərinin çoxunun xarici ölkələr barədə məlumatları az olduğundan yer adlarını mexaniki olaraq işlədib dildən-dilə ötürürlər. Beləliklə, başlanğıc formulunun xronoloji vətopoqrafik elementləri həqiqətə doğru dəyişilir. Nağıllardakı hadisələrin daha konkret məkanda baş verməsi məzmunu dinləyiciyə yaxınlaşdırır. Nağıl məkanı həmişə əsas iştirakçı ilə bağlı olur. Nağılçı sanki qəhrəmanla bir sırada olur. O, görünən və eşidilən hər şeyi təsvir edir. Qəhrəmandan xaricdə heç bir şeyi təsvir etmir. Müxtəlif hadisələrlə bağlı qəhrəmanın yerdəyişməsi süjet inkişafında mühüm əhəmiyyət daşıyır”.

4) Bu nağılları araşdıran zaman görürük ki, əsasən, Şah Abbasın öz adının verildiyi nağıllarda xeyirxah, ədalətli, dərviş və s. obrazlarda təqdim olunur. Belə nağıllara “Baftaçı Şah Abbas”, “Şah Abbas və pinəçi Allahverdi”, “Şah Abbas vəÇoban” və s. nümunə çəkmək olar. Şah Abbasın öz adının verilmədiyi nağıllarda isə əksər hallarda zalım, xunxar, qaniçən, zülmkar, qəddar surətlərində qarşımıza çıxır.

5) Araşdırma zamanı ən maraqlı məsələlərdən biri də Abbasın nağıllarda beləfərqli xarakterlərdə rast gəlinməsidir. Xalqın şifahi yaddaşında Abbasın qəddar və ya xeyirxah kimi təqdim olunması nə ilə əlaqədardır? Niyə tarixdə qəddar kimi tanınmış bir şah nağılda müsbət obraza çevrilə bilir?
Bu sualın cavabını filologiya elmlər doktoru Ramil Əliyevin “Şifahi xalq ədəbiyyatı” kitabında tapdıq .

“Məlumdur ki, nağıllar mif modelləri üzərində qurulur. Mif mətnlərində şah obrazı həmişə öz mənfi səciyyəsi ilə seçilir. Mifin diaxronik qatındakı mənfi obraz başqa mətnə transformasiya olunanda yeni tarixi mətnin sinxronik inkişafındakı mənfi yüklə birləşir və təxəyyüldə müsbət yükə çevrilir. Biz bunun əksini Təpəgözü öldürən Basatın mənfi yüklə yüklənməsində də görürük. Beyrəyin Basatın bu cəhətindən ehtiyat etməsini və igidlərinə bunu xatırlatması da mif vənağıldakı (həm də eposdakı) məntiqi qanunauyğunluğun səbəbi kimi yozulur. Buna görə də mifdəki zalım şahın nağılda ədalətli şaha, eləcə də tarixdəki zalım Şah Abbasın nağılda ədalətli Şah Abbasa çevrilməsini mənfi və müsbət (mənfi+mənfi) yüklərin bir-birinə təsiri kimi izah etmək olar”.

6) Şah Abbasla bağlı olan nağıllarda bir çox nağıllar kimi ənənəvi başlanğıc,süjet bənzərliyi və sonluğu özündə ehtiva etdirir. Bunlara nümunə olaraq :

1. “Şah oğlu Şah Abbas adı dünyada məşhurdu”

2. “Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik edər qoz girdəkan içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı, milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət-məkan, tərəziyə vurdu təkan. İki qoz bir girdəkan. Günlərin bir günündə Sizə kimdən xəbər verim, Şah oğlu Şah Abbasdan”

3. “Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş giriftar, Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz bir girdəkan. Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış”.

4. “Günlərin bir günündə, Şah Abbas durbinində, bir qoz, bir girdəkan, tərəziyə vurduq təkan, Şah Abbas cənnətməkan”.

5. “Nağıl qaldı orda, biz burda, Fındıqla qoz, bir girdəkan, tərəziyə vurduq təkan, Şah Abbas cənnətməkan ” və s.

( Ardı olacaq… )

Rəhim Əfəndi

Go to TOP