Tofiq Yaqublunun həyat yoldaşı: MƏN DƏ ACLIQ ELAN EDİRƏM

Siyasi baxışlarına görə hal-hazırda təcridxanada saxlanılan və aclıq aksiyasından əziyyət çəkən Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da aclıq elan edib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə Maya Yaqublu Facebook sosial şəbəkəsində bəyan esib.

Maya Yaqublunun bəyanatının tam mətnini oxucularımızın diqqətinə çatdırırıq.

“Bu gün təcridxanada Tofiq ilə görüş günüm idi. Düşündüm ki, bəlkə sovqatı qəbul edib, mənə görüş verərək Tofiq Yaqublunun tələblərini yerinə yetirərlər və bununla da Tofiq Yaqublu aclığı dayandırar. Ancaq sovqatı qəbul etmədilər. Təkidlə israr edəndən sonra mənə görüşə icazə verdilər.

Görüş otağında görüşləri şüşə arxasından verirlər. Orada adamların bir-biri ilə əlaqə qurması üçünsə telefonlardan istifadə edilir. Ancaq bu gün görüş otağındakı bütün telefonlar işləmirdi. Sözsüz ki, bu bizim bir-birimizlə rahat danışmağımıza əngəl yaratmaq üçün edilmişdi.

Çətinliklə də olsa bir-birimizlə cəmi 10 dəqiqə də olsa danışa bildik. Tofiqi görəndə şoka düşdüm. Dəhşətli dərəcədə arıqlamışdı.

Sonuncu dəfə aclıqdan sonra necə görmüşdünüzsə, eləcə idi. İçəridə yeməklər yaxantı olduğundan yeyə bilməyib.Yalnız peçenye ilə qidalandığını bildirdi. Kamerada adam çox olduğundan apardığım peçenyelərin də cox az hissısini qəbul edə bilib. Anlayacağınız Tofiqin vəziyyəti çox pisdir. Hər an faciə baş verə bilər.

İlham Əliyev mənim ailəmi pərəm-pərəm edib, dağıdıb. İndi də məhv etmək üzrədir. Qisas ardınca bizdən, ailəmdən qisas alır. Mənim ailəmə nələr yaşatmayıb. Dəfələrlə yoldaşımı, övladlarımı həbs etdirib, işgəncələr verdirib, mənəvi təzyiq göstərib. Mənə nə iztirablar yaşadıb, nə zillətlərə düçar edib.

Düz 10 ildir ki, mənim ömrüm həbsxanalara getməklə keçir.

Həbsxana yollarında qəzaya düşdük, çətin günlər yaşadıq. Çəkdiyimiz məhrumiyyərlər azmış kimi bir də ən dəhşətli faciə yaşadıq. Biz övladımızı itirdik, amma Tofiqlə övladımızın acısını bir yerdə çəkə bilmədik, Həbsxananın görüş otaqlarında sakitcə baş-başa verib ağladıq. Mən bilmirəm ölən balamın dərdini çəkim, ya sağ qalanları ölməyə qoymayım. Artıq bu qədər əzablardan yoruldum. Bunun bir sonu olmalıdır. Ya hamımız öləcəyik, ya da siz gedəcəksiniz, İlham Əliyev.

Mən də bu gündən yoldaşıma dəstək olaraq aclıq aksiyasına qoşuluram.

Tofiqi göz görə-görə həbsxanada öldürürlər. Onsuz da gördüyü işgəncələr, həbsxanalar onun səhhətinə çox ciddi zərərlər verib. Biz neçə dəfə onu ölümün caynağından geri almışıq. Bu dəfə artıq elə olmayacaq. Mən həmişə yoldaşıma dayaq olmuşam. Baxmayaraq ki, mənim də səhhətimdə ciddi problemlər var, amma hər şeyə rəğmən mən də bu gündən evimdə aclıq edirəm.
Öləcəyiksə, bərabər öləcəyik”.

Go to TOP