Lerikdə istirahət mərkəzində yanğın: sahibi şikayət etməyəcəyini deyir

Lerikin Sivəkəran kəndində yerləşən “Təbəssüm” İstirahət Mərkəzində yanğın olduğu bildirilir.

TOLİSHMEDİA informasiya agentliyinin məlumatına görə, mərkəzin sahibi Akif Əliyev deyib ki, yanğın gecə saat 3 radələrində başlayıb.

Yanğın ümumilikdə 250-300 kvadratı əhatə edib. Mətbəxin ətrafında xidməti otaqlar, həmçinin 124 nəfərlik yeməkxana yanıb, on altıya yaxın soyuducu yanıb. Təxminən 120-130 min manat ziyan dəyib. İşçilərə heç nə olmayıb, salamatlıqdır”-, mərkəzin sahibi deyib.

O əlavə edib ki, yanğın ərazidə yerləşən doqquz kottecə həmçinin taxta körpülərə, iki, üç və dörd mərtəbəli besetkalara çatmadan söndürülüb.

Hadisənin baş vermə səbəbinə gəlincə, sahibkar düşmənlərinin olmadığını, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini deyir:

“Yanğının nədən baş verdiyini bilmirəm. Belə hallarda bəzi adamlar deyir ki, obyektimi yandırıblar. “Yandırıblar” da demək olar, “özü yanıb” da demək olar. Amma mən deyirəm ki, özü yanıb. Obyekt yanıb deyə durub, kiməsə şər atmaq olmaz. Biz heç kimə pislik etməmişik ki, belə qarşılıq görək. Fövqəladə Hallar Nazirliyinin işçiləri vaxtında gəlib, müdaxilə ediblər, yanğın 4-ə qalmış söndürülüb”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir ki, mərkəzin ərazisində hər birinin sahəsi 144 m² olan iki ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan üç kottecdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Go to TOP