Arazin şimali və cənubu bir ölkə idimi? Azərbaycan adının tarixçəsi haradan gəlir? Rəsulzadənin tarixi etirafı!

1) Hörmətli yoldaşlar, bu məsələ o qədər mürəkkəb və qarmaqarışıqdır ki, hər bəndi diqqətlə oxumağınızı tövsiyə edirəm. Əvvəlki paylaşımlarda dəfələrlə bu məsələlər barədə fikir bildirsəm də bunu ilk dəfə tam şəkildə yekunlaşdırıb sizlərə təqdim edirəm.

2) Bilirik ki, hal-hazırda Azərbaycan adında müstəqil dövlətimizin adı ilə yanaşı İranda da bu adda vilayət mövcuddur.. Əldə olunan mənbələri analiz və təhlil edənlər, oxuyanlar biləcəklər ki, Azərbaycan adı necə yaranıb və hansı əraziləri əhatə edib. Bəs Arazın sağ və sol tərəfi bir ölkə idimi??

3) Xeyr, Arazın iki tərəfi çox yaxın iqtisadi, ticari münasibətləri olsa da bir ölkə deyildi. Bəs bəzən ərəb mənbələrində keçən Azərbaycan adının Dərbənd və Zəncana, Həmədəna qədər adlanması nə ilə bağlı idi?. Əgər Azərbaycan bu əraziləri əhatə edirdisə niyə sonrakı mənbələr Aran, Şirvan və Azərbaycan adını ayrı-ayrı verirdilər?.. Əvvəlcə cavabı sadə şəkildə yazaq – “Bunun səbəbi xilafətin bölgü sistemində aparılan vergi və inzibati siyasət dururdu”. İndi, gəlin mətləbi açaq

A) Arazın cənubu yəni, Təbriz, Ərdəbil, Urmiya və ətrafı yunancası Atropatena olan sonralar isə müxtəlif dövrlərdə Azərbadkan, Azərbaygan, Azərabadaqan və ya Azərbaycan(İslam dövrü) şəkildə adlandı.

B) Arazın şimalı Albaniya sonralar isə islam dövrü müəllifləri tərəfindən Arran şəklində yazıya alındı. Şimal – qərbdə isə Ermənistan yerləşirdi. Görkəmli alim Bartold ” İslam Dünyası Ensiklopediyası” – da deyir ki :

“Albaniya qədim dövrlərdə Araz çayının bütün şimal məntəqələrinə, o cümlədən, şimal-şərqdə Dərbənd şəhərindən qərbdə Tiflisə qədər, cənubda Araz çayı olmaqla Qafqazın cənub-qərbinə deyilirdi”

4 ) Ancaq, islam dövrü mənbələri bu adı yalnız ” Arran” şəklində qeyd etmişlər ki, Arazın çayından Kür çayına qədər olan əraziləri, yəni “ikiçayarası” – nı əhatə edən hissə. Lakin, sonrakı dövrlərdə Arran vilayətindən əlavə mərkəzi Bakı olan Şirvan və Dərbənd vilayətinin də adı çəkilir.

A) Dərbənd şəhəri Qafqazın şimal – şərqinə deyilirdi. Sasanilər dövründə şimaldan gələn hücumların qarşısını kəsmək üçün buranın öz mərzbanları (sərhəd qoruyucuları) var idi.

B) Şirvanşahlar isə Abbasilər dövrünün ortalarında Qafqazın şərqində hökmranlıq etməyə başladılar. İslamdan əvvəlki dövrdə Şirvan şahları Sasani Albaniyasının tərkibində yerli iranlı hakimlər idilər və “Şiriyanşahlıq” adlanırdı. (Şirlər ölkəsi və ya Ənuşirəvan adından da götürülə bilər). Bartold qeyd edir ki :

“Şirvanşahlar İslam dövrünün əvvəllərində ərəbsoylu idilər, lakin sonralar Arazın şimalında iranlı mühitində iranlılaşdılar”.
Bartold Əl-Məsudidən misal çəkərək yazır : “Dərbənd vilayətinin mərzbanlarından biri bütün Aran, Şirvan və Dərbənd vilayətlərini birləşdirdi”. Ancaq, başqa heç bir mənbə bu məlumatı təsdiq etmir.

5) Əməvilər və Abbasilər xilafəti dövründə Bağdad və Şamdan Azərbaycana (İran Azərbaycanına ) göndərilən valilər Azərbaycanla yanaşı Aran və Ermənistanın idarəçiliyini və bu torpaqlardan vergi yığmağı da öz üzərlərinə götürürdülər. Yəni, əslində Dərbəndə qədər ərazilərin Azərbaycan adlanması idarəçiliyin bugün İranda yerləşən “Azərbaycan” valilərinin Arran və Ermənistanın da işlərini öz öhdələrinə götürməsi ilə bağlı idi. İslam dövrü mənbələrini araşdıran Akademik Edmund Boswort yazır ki , “Hətta bəzi vaxtlarda Mosul və Cəzirə əyalətləri də inzibati cəhətdən Azərbaycanla (İran Azərbaycanı) əlaqəli idi”. Bu bizə islam dövrünün ilk iki əsrində bölgü siyasətinin nə qədər qeyri-sabit və dəyişkən olduğunu göstərir.

6) AZƏRBAYCANIN SƏRHƏDLƏRİ

Şərqdən Alborz dağları Azərbaycan ilə Gilan və Xəzərin digər sahilyanı əraziləri ilə təbii sərhədi idi. Cənubda, Ağ çay adətən Cəbal (keçmiş Böyük Midiya) iqlimi ilə inzibati sərhəd idi. Qərb sərhədi çox da aydın deyildi. Bu sərhəd ümumiyyətlə Urmiya və Van gölləri arasındakı düzənlikdən keçirdi, şimal-qərbdə Kürdüstanın ortasından keçən Zaqros dağları sərhəd kimi müəyyən olunmuşdu.

7) Şimal-qərbdə Ermənistan xilafətin bir qolu olsa da, əsasən muxtar idi. Ancaq Azərbaycan, Aran və Ermənistan İslam xilafətinin bir çox mərhələsində inzibati və vergi vermək baxımından bir bölgə idi. Əl-Müqəddəsi Azərbaycan, Ermənistan və Aranı “Dördüncü iqlim”-in üç tərkib hissəsi hesab etmişdir. Basworth-a görə, bu da İslam dövrünün inzibati və vergi bölgüsünün sabit olmadığını göstərir.

8) Lakin Azərbaycan və Ermənistan nümunəsindən görüldüyü kimi eyni inzibati və vergi bölgü sistemi belə bu əyalətlərin siyasi birliyinə kifayət qədər əsas vermir. Ümumiyyətlə, qısa müddət ərzində istisna olmaqla, Arazın şimal hissələrinin, yəni Aran və Şirvanın Arazın cənub torpağı olan Azərbaycanla birləşmədiyi görünür. Bartoldun sözü ilə desək “Bu qısa dövrlərdən biri, Səlcuq türklərindən əvvəl Şəddadi kürdlərinin Gəncəni Arranın mərkəzi seçməsi və Arran ilə İran Azərbaycanını birləşdirməsidir. Bu şəkildə Arran hökmdarları öz muxtar hakimiyyətlərindən məhrum edildi.Bartold yazır :

“Səlcuqlardan sonra Azərbaycan, Şirvan və Dərbənd tədricən türkləşdi. Monqol dövründən sonra Arran vilayətinin cənub hissəsinin adı türk dilində olan “Qarabağ” adı tutmağa başladı . Bundan sonra Arran adı yalnız ədəbi mənada işlədildi ”..

9) Bilirik ki, Səfəvilər, Əfşarlar və Qacarlar zamanında Arazın şimalında coğrafi və siyasi baxımdan öz adı olan Qarabağ, Gəncə, Quba, Şəki, Bakı və s. kimi bölünmüş İrana tabe (Səfəvilər, Əfşarlar və s.) xanlar Azərbaycan hakimləri hesab olunmurdular. Arazın cənubu, yəni Təbriz, Ərdəbil, Urmiya və ətrafı Azərbaycan adlanırdı. XIX əsrdə bu xanların çar Rusiyasına ilhaqından sonra Arazın şimalındakı xanlar rəsmi şəkildə çar Rusiyasının (quberniya) “əyalətləri” elan olundu və İranın vergi və inzibati dairəsindən çıxdı.

10) hətta əsl Azərbaycanın hara olması haqqında cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin tarixi etirafı da mövcuddur. O 1922-ci ildə “Azərbaycan cümhuriyyəti, keyfiyyət təşkili və şimdiki vəziyyəti” adlı kitabında Azərbaycan adının tarixçəsi ilə bağlı məlumatı belə yazır :

“Hərbi ümumidən (Birinci dünya müharibəsi) əvvəl rəsmi coğrafiyaya görə Azərbaycan İranın şimalında yerləşən Təbriz və onun ətraf ərazilərinə deyilirdi. Böyük rus inqilabı və hərbi ümumidən sonra dillərdə dolaşan Azərbaycan əvvəl adını çəkdiyimiz (tarixi) Azərbaycanın şimalında Qafqazın cənub – şərqində bir hissədir ki, mərkəzi Bakıdır ”

Buyurun bu da kitabın linki. Osmanlıca oxuya bilənlər 11-ci səhifəyə göz ata bilərlər.

http://archive.org/…/zerbycn…/zerbycncumhryeti00resuuoft.pdf

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP