MÜXTƏLİF SƏBƏBLƏRDƏN YEKUNLAŞDIRA BİLMƏDİYİM “QÜRUB” ROMANINDAN BİR HİSSƏ

 Hava getdikcə açılmaq üzrə idi.Ağ-sapın qara sapdan sezilmədiyi həmin o xeyirli vaxt- fəcr zamanı yetişmişdi.Bütün gecə boyu fikirlərinin ağuşunda gözlərinə bircə damcı yuxu getməyən Cəmşid, “barak”(23)yoldaşlarını bir-bir yuxudan oyadıb namaza səslədi.
Bu işdən xüsusilə zövq alardı mömin.Namaz qılanların, möminin onları oyatmasına təpkiləri müxtəlif olurdu.Bir qism vərdiş etdikləri üçün, onlara sadəcə xəfif toxunmaq kifayət idi.”Allah razı olsun əxi” deyib, dərhal su götürüb dəstəmaza yollanardılar.Bəziləri, “nə olub, nə olub, məni niyə oyatdın? “-deyib yarıyuxulu halda deyinərdi.
Digər bir kəsim isə özünəməxsus varianta əl atardılar.Mömin onları oyatmaq istədikdə, ” oldu Cəmşid, indi düşüb qılacam” şəklində kələk gəlib, yenidən yatardılar.Səhərisi gün, heç biri çıxartdıqları hoqqaları boyunlarına almazdılar, hələ “qaqaş bizi niyə oyatmadın” deyə şikayət də edərdilər. Sübh namazı möminin xüsusi ilə önəm verdiyi namaz idi.Çünki namaz vaxtı az sayda inanclı insanlar istisna, bütün barak yatdığı üçün səssizlikdə Rəbbi ilə baş -başa qala bilirdi.
Səs küylü zona, səhərə yaxın dəqiqələrdə sükunət çökərdi. Fəcrdə Cəmşidin göz yaşları selə dönüb səcdəgahına süzülərdi .Kimsənin yanında göz yaşı axıtmağı sevməzdi, Rəbbindən savayı. Azadlıqda tanıdığı varlıqlardan tək yanında olan ,onu xəlq edən Xaliqi, boya- başa çatdıran Rəbbini- yeganə tanışını itirməkdən çox qorxurdu, mömin. Hər gün bu saatlarda Xudavəndi-aləmi görməyə tələsərdi.Bu görüş ona cansıxıcı, soyuq həbsxana divarlarını unutdurar, bir zamanlar uşaqkən yalın ayaqla gəzdiyi Talış dağlarının ətəklərinə, Hirkan meşələrinin dərinliyinə daşıyardı. Bəzən Allaha “Ya Rəbbim gecəni daha uzun et, Səninlə daha çox qalmaq istəyirəm, Səndən başqa tanıdığım kimsəm yox burda, məni tərk etmə, məni başlı-başına buraxma, Sən Rahmənsən, Rəhimsən” -deyə münacatda(24) olardı. Möminin ruhu, duanın təsirindən o qədər cahandan qopardı ki, qıraqdan baxan kimsələr onu “dəli” zənn edə bilərdilər.
Namazı qıldıqdan sonra, başını sağ ovcuna qoyub , sol əlini divara dayayıb uyumaq istədi.Yaradanla görüşündən sakitləşmiş ruhu tez bir zamanda vücudunu yuxunun cənginə verdi. Həmin gecə mömin son nəfəsinə qədər unutmayacağı bir yuxunu gördü: Bir-birindən bəzəkli məscidlərin önündə durmuş möminə kimsə, “vallahi bunların içərisində ən xeyirli olanı Əli əleyhissəlamın məscididir” deyib, əli ilə işarə etmişdi.
Qorxa-qorxa məscidə daxil olmuş Cəmşidə, üzünü pəncərədən boylanan günəşə tərəf çevirmiş kimsə, ” övladım Əli(ə)-a olan sevgin səni cəhənnəm odundan qoruyacaq, amma sən tam deyilsən, özünü bütövləşdir”, buyurdu. Elə bu vaxt çalınan zəng mömini sirli yuxularından ayırdı……
23-dustaqların ümumi yataqxanası 24- bəndənin Rəbbi ilə danışması
Elvin İrşadov
Go to TOP