“AZƏRBAYCANCA, RUSCA… YAZAQ Kİ, BİZİ TANISINLAR…”

Bilmirəm, bu cümləni nə məqsədlə, harada kim deyib, ya deməyib, ya kimə istinadən deyirlər? Belə qəbul edək ki, kimsə deyib, mən də çalışıram qısa şəkildə bu haqda fikrimi sizinlə bölüşəm.
Məlumdur ki, elmi məqalələrimi, hekayə və oçerklərimi, rəy və təkliflərimi, fikir və mülahizələrimi əsasən talışca yazıram: Mən talışca yazıram, talışlar üçün yazıram, bu dili bilənlər və öyrənənlər üçün yazıram. Talışca bilməyənlərə çox maraqlı olsa ki, görən burada nədən danışırlar? Zəhmət çəksin: bu dili öyrənsin, ya da özünə tərcüməçi tutsun!
*
Bilmirəm, başlığa çıxardığım bu cümlə ilə mənə təklif edirlərmi, irad tuturlarmı ki, talışca yox, azərbaycanca, rusca… yazım ki, daha geniş oxucu kütləsi mənim yazdıqlarımı anlaya bilsin və işarə etdiyim mətləb-məzmunun populyarlığını artıra bilim. Yəni bizi-talışları daha çox tanıtmaq məqsədi daşıyım?!
*
Mən isə belə hesab edirəm ki, talış dilində yazmaqla talış dilinin müxtəlif sahələrində ( bu dilin orfoqrafiyası, orfoepiyası, leksikası, qrammatikası üzrə ) apardığım tədqiqatlarla, deməli, talış dilinin elmi üslubunun, qələmə aldığım oçerk və hekayələrlə, deməli, talış dilinin bədii üslubunun, statuslar, mülahizələr, rəylər ilə, deməli, talış dilinin publisistik üslubunun formalaşmasına, cilalanmasına xidmət etmiş oluram.
*
Azərbaycanca, rusca, ingiliscə, fransızca… yazan, talış dilini kifayət qədər tədqiq edən alimlər və onların yazdıqları cilid-cilid kitablar, tədqiqatlar vardır, həm də çoxdur, amma talış dilinin yaşaması, geniş kütlənin bu dildə danışması, yazılı ədəbi dilinin formalaşması, talış dilinin necə bir zəngin dil olmasını meydana çıxarmaq üçün onun işlək hala gətirilməsi, şivə, dialekt, ləhcə halından çıxarıb ümumişlək ədəbi dil səviyyəsinə qaldırmaq üçün talışca yazmaq lazımdır!!!
*
Belə bir xətti-hərəkəti absurd hesab edirəm, belə şuarları bəyənmirəm: “Biz Azərbaycanı dünyaya tanıdırıq!” “Biz talışları dünyaya tanıdırıq!” və ilaxır… Bu ad, bu şüar altında məgər görmürsünüz nələr baş verir? Vətənin yeraltı və yerüstü sərvətləri talanıb xaricə daşınır, yaxud xaricilərə yedizdirilir; əsrlər boyu əxz etdiyimiz bəşəri , dini və milli dəyərlər boş-boş tədbirlərin, şit-şit proqramların, genefondumuzu kökündən dağıdan yorumların badına gedir?! Yek millət, yek dil formalaşdırma prosesi gedir?!
*
Sən azərbaycanca, rusca… yazdın, məgər onlar üçün talış dili çox maraqlıdır ki, qayıdıb bu dili öyrənsinlər, ailəsində, məişətində, məclislərdə, məktəblərdə, simpoziumlarda… bu dildə danışsınlar? Məgər aydın deyil ki, istiqamət belə düzənlənib ki, hamı məlum dildə danışsın-yazsın. Hamı bir millət olsun- digər etnoslar nə özünü, nə dilini tanımasın?! Bir dil qalsın, bir dildə danışan millət olsun!! Bu prosesin hansı ölkə tərəfindən, nə vaxtdan başlandığı ki hamıya məlumdur?!
*
Talış dili haqqında, talışların tarixi, maddi və mənəvi mədəniyyəti haqqında başqa ölkə vətəndaşları, başqa dildaşıyıcıları üçün onun öz ana dilində yazmaq lazımdır. Bu aksiyomadır! Bu ayrı mətləbdir.
Bəs talışların özü üçün onun öz ana dilində yazıb-oxumağı daha çox vacib deyilmi? Axı talış dilində yazmasan- danışmasan, onu ümumişlək halına, ədəbi dil səviyyəsinə qaldırmasan, o, elə ölü dil kimi yatıb qalacaq!
Bu dili əhya etmək- diriltmək üçün bu dildə yazıb-yaratmalıyıq. Bu dildə yazıb-danışmamaq onu məhv etməkdir! Bizə tanınmaqmı, tanıtmaqmı çox vacibdir, yoxsa öz ana dilini əhya etmək?
Hörmətlə:

A. Bayrami.

Go to TOP