Bir daha şeyxin Qurban bayramı ilə bağlı çıxışı haqqında (video)

Deməli, şeyxin çıxışı İsrailin Azərbaycandakı nüfuz şəbəkəsinə necə od qoyubsa, ən azı 20 media orqanı şeyxə qarşı təhqir və təhdidlə dolu yazılar paylaşıblar.

Nə üçün bu vəziyyət yaranıb? Axı nə üçün Azərbaycan cəmiyyəti etdiyi bütün yardım və köməklərə rəğmən İranı yalnız düşmən kimi görürlər? Bu vəziyyət məgər yalnız İsrailin nüfuz şəbəkəsinin fəaliyyətinin nəticəsidir? Məncə, yox.

Biz illərdir bu haqda deyirik və yazırıq. İsrail Azərbaycanda İranı düşmən obrazında tanıtdırmaq üçün böyük bir şəbəkə yaradıb. Bu iş üçün kifayət qədər vəsait xərcləyir. Bu öz yerində.

Məsələnin acınacaqlı tərəfi budur ki, İranın rəsmi orqanları Azərbaycandakı bu real vəziyyəti bilmirlər. Orda elə düşünürlər ki, Azərbaycanda camaat İran üçün əldən gedir. İnformasiya mənbələri 5-6 dindarı onlara göstərərək inandırırlar ki, Azərbaycan əhalisi əksərən iranpərəstdir. Bunun da əsas səbəbi budur ki, İranın Azərbaycan siyasəti pantürklərin əlindədir. Onlar dövlətə doğru informasiya vermirlər. Bir tərəfdən də İranın Azərbaycandakı nümayəndələri də özləri haqqında müsbət rəy yaratmaq üçün “yuxarı”ya həqiqətlə heç bir əlaqəsi olmayan məlumatları ötürürlər. Sanki onlar Azərbaycanda böyük iş görürmüşlər kimi.
Buna Azərbaycan hakimiyyətinin müxtəlif vasitələrlə İranda yaratdığı güclü lobbini də əlavə etsək, vəziyyət nisbətən aydınlaşar. Təsəvvür edirsiz, İranda Azərbaycan haqqında hər hansı tənqidi söz danışanı az qala həbs edirlər. Yəni Azərbaycan mövzusu İranda tabu həddindədir.

Həqiqət bundan ibarətdir ki, İranın Azərbaycan siyasəti informasiya savaşında məğlub vəziyyətə düşüb. Bir sözlə, İranın Azərbaycan siyasəti monopoliya edilib. İranın yüksək məqam sahiblərinə Azərbaycanda İrana olan gerçək münasibəti izah edəndə gözləri kəllələrinə çıxır. Gerçək olanlara heç cür inana bilmirlər. Bu səhv siyasətin nəticəsidir. Əgər burda düzgün iş aparsaydılar, bu gün İrana qarşı nifrət püskürənlər cürət edib ağızlarını açmazdılar.

Çünki Azərbaycan dövlətinin “olum-ölüm” mübarizəsində yalnız İran Azərbaycana təmənnasız yardım edib və Azərbaycanın bir dövlət kimi dağılmasının qarşısını alıb. Siz təsəvvür edirsiz, Heydər Əliyev hakimiyyətə gələndən sonra İran Azərbaycana 300 milyon dollar kredit verib və sonra bu krediti, ümumiyyətlə silib?! Bu məbləğ indiki qiymətlərlə 3 milyarddan çoxdur. Hələ qaçqın və köçkünlərə 19 il ərzində edilən yüzlərlə milyon ərzaq və pul yardımını, müharibə dövründə silah-suratı da buna əlavə etsək, məntiqlə Azərbaycan əhalisi Qiyamətə qədər İrana minnətdar olmalıdır. Mən hələ 44 günlük müharibə dövründə İranın Azərbaycana satdığı silahları demirəm. Bunu hətta İlham Əliyev də etiraf etmişdi ki, Azərbaycanın ən çox silah aldığı ölkələrdən biri İrandır. Amma bu toplumun çörəyi dizi üstündədir. Yaxşılıq nədir, anlamır.

Mən assimilyasiya olunmuş tatın, kürdün, ləzginin və sairin İranın əleyhinə danışmağını başa düşürəm, təbliğatın qurbanlarıdır. Lənkəranda, Astarada, Lerikdə yaşayan talışın bu cür danışmağına heyrət edirəm.

Bir məsələ dəqiqdir ki, şeyxin son iki aydakı fəaliyyəti ən yüksək səviyyədə qəbul edilmiş qərarın icrasıdır. Bu gerçəkliyi şeyxin od qoyduğu qüvvələr yeməyə məcburdurlar.

Xoşları gəlsə də, gəlməsə də…

Go to TOP