Dövlət idarəçiliyi ağır böhrana girib-Fuad Qəhrəmanlı

İstənilən cəmiyyət üçün bütün problemlərdən ən ağırı sistem böhranı hesab olunur. Çünki hər hansı sahədə mövcud olan problem siyasi, iqtisadi sistemlər vasitəsi ilə aradan qaldırıldığı halda, bu sistemlərin özü böhrana məruz qaldıqda çıxılmazlıq sindromu yaranır və böhranlı situasiya getdikcə dərinəşir. Bu halda yeganə yol mövcud sistemin demontajı hesab olunur.
Sistem böhranının əlamətləri bunlardır:

  1. Dövlət hakimiyyət orqanları funksionallığını itirir, öz təyinatına uyğun olaraq görməli olduqları işləri ya yerinə yetirmir, ya da ki, çox səmərəsiz həyata keçirir.
  2. Dövlət orqanları cəmiyyətdən gələn tələblərə adekvat reaksiya verə bilmir və cəmiyyətlə əlaqə, əks əlaqə aradan qalxır.
  3. Hakimiyyət orqanları ictimai etimadı itirir və siyasi idarəçilər xalq arasında aşkar və ya latent qarşıdurma, gərginlik yaranır.
  4. Hakimiyyət maraqları, korporativ məqsədlər ictimai tələbləri, istəkləri boğmaq, qurban vermək hesabına təmin olunur.
  5. Dövlət hakimiyyət orqanları nəinki problemlərə müdaxilə edə, onların həlli yönündə siyasət həyat keçirə bilmirlər, əksinə, korrupsiya maraqlarını təmin etməyə çalışdıqları üçün, ya özləri problemin səbəbi olur, ya da ki, mövcud problemləri daha da dərinləşdirirlər.
  6. Hakimiyyət orqanları korrupsiyalaşdığına görə və səriştəsiz, qeyri peşəkar kadrlardan formalaşdığı üçün, hətta yuxarıdan tətbiq edilən istənilən islahat proqramı mahiyyətini itirir, heç bir səmərə yaratmır.
  7. Korrupsiya ayrı ayrı məmurların, şəxslərin öz fəaliyyəti olmayıb dövlət siyasətinə çevrilir, hakimiyyət orqanları aşağıdan ən yuxarıya doğru korrupsiya yolu ilə əldə olunmuş qanunsuz vəsaitləri ötürməklə məşğul olurlar.
  8. İctimai etimadı itirən hakimiyyətin cəmiyyəti qorxu, güc yolu ilə nəzarətdə saxlamaq cəhdləri toplumda qorxu ilə yanaşı, daxili kin və nifrət hissinin də yığılmasına səbəb olur. Beləcə kəskin sosial psixoloji qütbləşmə, qarşıdurma yaranır.

Hüquq institutu formallaşır, qanunların reqlamentləşdirmək, tənzimləmək, təminat vermək rolu aradan qalxır, vətəndaşların qanuna istinad etmək, güvənmək imkanları olmur. Hüquqi normalar unversallığını itirir, qanunlar imtiyazlı təbəqələrə və sadə xalqa fərqli formalarda tətbiq olunur. Bu halda məmur iradəsi və korrupsiya alətləri əsas müəyyən edici rol oynayır.

Bütün bu sadaladığımız hallara aid bu gün ölkəmizdə çoxsaylı nümunələr gətirəsi olsaq, yazı çox uzun alına bilər. Ona görə də, sistem böhranını şərtləndirən əsas xüsusiyyətləri təqdim etməklə kifayətlənməli olduq.

Bir şeyi qeyd edək ki, bu cür sistem böhranı şəraitində insanlar öz narazılıqlarını ifadə, tələblərini təmin edə bilmədikləri üçün, bu vəziyyət cəmiyyətdə daxili narazılıqların sıxılmış buxar effekti ilə yığılmasına səbəb olur.

Bütün inqilabi situasiyalar isə məhz bu cür uzun müddət ərzində toplanmış sosial narazılıqlar əsasında formalaşır.

Go to TOP