AİHM ilin ilk yarısında Azərbaycanla bağlı 60-dan çox qərar və qərardad qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı 60-dan çox qərar və qərardad qəbul edib. Azərbaycan pozuntulara görə ümumilikdə 551 min avrodan artıq kompensasiya ödəməlidir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Media Hüququ Qrupunun “AİHM – Azərbaycan, 2023: Yarımillik analiz” başlıqlı hesabatına görə, 2023-cü ilin ilk yarısının göstəriciləri 2022-ci il üzrə ümumi göstəricilərdən daha çoxdur. Beləki, AİHM 2022-ci il ərzində Azərbaycanla bağlı 170-dən artıq ərizə əsasında 55-dən artıq qərar və qərardad qəbul etmişdisə, bu ilin ilk yarısında 180-dən artıq ərizə əsasında 60-dan çox qərar və qərardad çıxarılıb.

Məhkəmə yarım il ərzində Azərbaycanla bağlı mahiyyəti üzrə 25 qərar elan edib. Həmin qərarların 24-də iddia olunan pozuntuların azı biri tanınıb, yalnız bir işdə pozuntu müəyyən edilməyib.

Hüquqşünas Xalid Ağaliyevin hazırladığı hesabata əsasən, AİHM 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı işlərdə ən çox mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu aşkarlayıb. Məhkəmə 21 ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 1 Saylı Protokolun 1-ci maddəsinin, 14 ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması, 8 ərizəçiyə münasibətdə isə toplaşmaq azadlığı hüququn pozuntusunu tanıyıb.

Bundan əlavə, Azərbaycan hökuməti 8 ərizəçinin işində Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ), 20 ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq hüququn, 36 ərizəçiyə münasibətdə isə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu etiraf edib.

Müqayisə üçün, AİHM Azərbaycanla bağlı qərarlarında həm 2021-ci, həm də 2022-ci illərdə ən çox azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar vermişdi.

2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı 135-dən çox ərizəni əhatə edən 35 qərardad qəbul edib. Həmin qərardadlardan tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.

AİHM 2023-cü ilin birinci yarısında Azərbaycandan göndərilmiş 14 ərizəni qəbuledilməz sayan 8 qərardad elan edib. Məhkəmə 6 ayda Azərbaycandan göndərilmiş 32 ərizəni hökumətlə kommunikasiya etməyə başlayıb. Kommunikasiyasına başlanılan işlərdə ən çox ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu iddia edilir.

2023-cü ilin birinci yarısında AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Azərbaycanla bağlı 7 qərarın icrasına nəzarəti qapadıb. İndiyə qədər AİHM-in Azərbaycanla bağlı 407 qərarından 105-nin icrasına nəzarət qapadılıb. Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı bütün qərarların ümumilikdə 26 faizini təşkil edir. Azərbaycanla bağlı çıxarılmış qərarların 74 faizi icrasını gözləyir. Azərbaycan aparıcı qərarların isə cəmi 19 faizini (12 qərar) icra edib, 51 aparıcı qərar (81 faiz) isə icra edilməsini gözləyir. Hazırda AİHM-in Azərbaycanla bağlı 251-i təkrarlanan iş olmaqla ümumilikdə 302 qərarı icra edilməsini gözləyir.

2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı qəbul etdiyi bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq ədalətli əvəz müəyyən edilib. Mahiyyəti üzrə çıxarılmış qərar ərizəçilərə 187 min avrodan artıq ədalətli əvəz ödənilməsini nəzərdə tutur. Bu göstərici dostca anlaşmalara əsaslanan qərardadlarda 251 min avrodan artıq, hökumətin təktərəfli bəyannamələri üzrə çıxarlan qərardadlarda isə 112 min avrodan artıq məbləğ təşkil edib.

Media Hüququ Qrupu Azərbaycanda xüsusilə media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların, qabaqcıl təcrübələrin təşviqinə çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür.

Go to TOP