Azərbaycan Talışların İctimai Şurası seçkinin nəticələrinin ləğvini tələb edir
Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) fevralın 9-da ölkədə keçirilmiş parlament seçkilərini tənqid edib.
TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər haqqında ATİŞ tərəfindən yayılmış bəyənatda bildirilib.
Deyilib ki, parlamentin buraxılmasının səbəbləri izah edilmədən, ədalətli seçki kampaniyasının olmadığı və qanunların pozulduğu şəraitdə keçirilmiş növbədənkənar seçkilərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Talış bölgəsində də yerli əhalinin milli-etnik, iqtisadi, sosial, mədəni və s. problemlərini bircə dəfə də olsa dilinə gətirməyən adamlar əhalinin narazılığına və etirazına baxmayaraq, yenidən parlamentə “seçildilər”.
ATİŞ növbəti dəfə saxtalaşdırılmış seçki prosesini qəti şəkildə pisləyir və seçkinin nəticələrinin ləğvini tələb edir.
Qeyd edək ki, ATİŞ ötən il dekabrın 7-də talış ziyalıları və vətəndaş cəmiyyəti fəallarından ibarət qrup tərəfindən yaradılıb.
Comments