Təhlükəli Cəfəngiyat

YouTube kanalında bir səhifə var, Aytən Abbasova səhifəsi, həmin səhifədə 8 fevral 2019-cu il tarixdə bir video paylaşılıb, videoda bir cavan kişi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının “məxfi” planı ətrafında danışır. Bu şəxs özünü gah “keçmiş hərbiçi”, gah da “professional hərbiçi” adlandırır, amma bir dəfə də olsun nə öz adını, nə də ki, bu “məxvi sənədi” ona ötürən qurumun və ya fərdin adını demir, yəni nə müraciət sahibinin kimliyini, nə də ki, bu müraciətin arxasında dayanmış gücün, bəlkə də güclərin adlarını dəqiq bilmədim. Müraciət sahibinin kimliyini heç araşdırmadım da, çünki elə ilk dəqiqələrdən bu insanı qeyri-ciddi birisi saydım. Onu da xüsusi qeyd edim ki, dedikləri də cəfəngiyatdan başqa bir şey deyildi, amma və lakin; bu cəfəngiyat gizlində çox təhlükəli notlarla doludur, bu video müraciət birbaşa Qarabağ münaqişəsinin yenidən alovlanmasına hesablanıb. Nəzərə alsaq ki, bu video müraciətə təqribən 135 min insan baxıb, bu müraciətin böyük bir alov yarada biləcək kiçik bir qığılcım olma məqsədi güddüyü gün kimi aydın olur.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ sülh danışıqlarının getdiyi bir vaxtda bu cür video müraciətlər həmin sülh danışıqlarına birbaşa zərbədir. Düzdür, həmin şəxs öz video müraciətini “daha da maraqlı” etmək üçün həmin müraciətdə qeyri-adekvat və insan beyninin qavraya bilməyəcəyi və cəfəngiyatla dolu fikirlər də səsləndirib. Onun dediklərindən bəzi sitatlar gətirsəm, dediklərinin nə boyda cəfəngiyat olduğuna siz də şahid olarsınız: “Qoşun cəbhə bölgəsindən bura (ona ötürülmüş “məxfi” sənədə istinadən özünün çəkdiyi xəritədə Mingəçevirdən xeyli cənubda bir ərazini göstərir) çəkiləndən sonra ermənilər hücuma keçib, Gəncə də daxil olmaqla, bu ərazini (əlindəki xəritədə Mingəçevir Su Anbarının cənub sahilləri də daxil olmaqla, Gəncə – Qazax – Gədəbəy və həmin ətrafdakı böyük bir ərazini göstərir) işğal edəcəklər”, “İlham Əliyevin əli ilə Böyük Ermənistan qurulacaq, ya İlham Əliyev özü, ya da oğlu Böyük Ermənistanın prezidenti olacaq”.

Burada bir dənə də zəruri haşiyəni qeyd edim ki, həmin şəxs bütün çıxışı boyu tez-tez öz üzərində nəzarəti itirməklə, hisslərinə yer verirdi. Onun mütamadi olaraq Azərbaycan Prezidenti İlham Əliyev və prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında etikadan kənar ifadələr iştətməsi tamaşaçıda “bu insanın ruhi problemi var” fikrini formalaşdırır. Oxucular üçün yəqin ki, bizim həmin video müraciətə xüsusi önəm verməyimizin səbəbi maraqlı olar. İlk əvvəl onu qeyd edək ki, həm Azərbaycanın, həm də Ermənistanın siyasi rəhbərliyi uzun illərdir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində işləyirlər. Hər iki dövlətin siyasi rəhbərliyi çox gözəl başa düşür ki, münaqişənin həllinin uzanması hər iki dövlətə həm siyasi, həm də iqtisadi tərəfdən diskomfort yaradır və bu diskomfortun yeganə həll yolu böyük sülh sazişinin bağlanmasından keçir. Və bu arada bu cür video müraciətin meydana atılmasını, üstəlik tez-tez paylaşılmaqla dövriyyədə saxlanılmasını biz təsadüf saymırıq, bu müraciətin geniş reklam edilməsi təsadüfi ola bilməz. Demək kimlərəsə böyük sülh sazişinin bağlanması sərf eləmir və onlar bu münaqişənin daha da uzanması üçün əllərindən gələni edirlər.

Oxucuda daha bir sual yarana bilər ki, Ermənistan ilə Azərbaycan arasında bağlanacaq böyük sülh sazişi biz talışlara nə verəcək? İlk əvvəl onu vurğulayım ki, bu sülh sazişi qoşunların təmas xəttində əskəri xidmət çəkən talış balalarının, üzbəüz səngərdəki özü kimi əskəri xidmət keçən erməni gəncini güllə ilə vuraraq, qatilə çevrilməsinin və ya həmin erməni əskərinin gülləsinə tuş gələrək, dünyadan nakam köçməsinin qarşısını alacaq. Yəni ki, həm Ermənistana, həm də Azərbaycana, o cümlədən Talışıstana gənc əskərlərin nəşinin daşınması dayanacaq, bu, yüzlərlə, bəlkə də minlərlə talış ailəsinin gözləri yaşla dolmayacağı deməkdir. Üstəlik Azərbaycandakı oğru və korrupsiyalaşmış məmur ordusu “Qarabağ boyda dərdimiz var” bəhanəsini əldə rəhbər tutub, məhz Qarabağ mövzusu ətrafında büdcə pullarını oğurlamayacaqlar. Düzdür, oğru məmur tayfası üçün büdcədən pul oğurlamaq üçün digər alternativ variantlar qalır, amma istənilən halda büdcədən oğurluq, qismən də olsa, azalacaq və həmin məbləğ əhalinin rifahı üçün xərclənə bilər. Və ən əsası: Böyük sülh sazişindən öncə biz talışların siyasi statusu da müəyyən edilməlidir ki, Qarabağ ermənilərinə verilməsi nəzərdə tutulan muxtariyyatın alternativi danışıqlar masasının üstünə qoyulsun. Yəni bir sözlə – bu sülh sazişi biz talışlara da lazımdır! Zatən biz tarix boyu sülhsevər xalq olduğumuzu sübut etmişik, bununla bərabər biz üstümüzə gələn bir neçə imperiyanı da dizi üstündə çökdürməyi bacarmış xalqıq…

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP