Adın nədir?

Fevral ayının 16-da İsveçrədə siyasi mühacir kimi yaşayan keçmiş polis işçisi Elbəyi Həsənlinin Musavat.com saytında “Əli Kərimliyə sualım var” başlıqlı yazısı dərc edilmişdi. Müəllif öz yazısında əsas notu talış məsələsinə, daha doğrusu Azərbaycan ictimaiyyətinə Azərbaycan Xalqlarının Rifahı Partiyası kimi təqdim olunan, sonradan adı dəyişdirilərək Xalqların Demokratik Partiyası edilmiş təşkilatın funksionerlərindən biri olan Mehdibəy Səfərova qarşı bir sıra ittiham və iddialar irəli sürmüş, onu və bir sıra talış fəallarını separatçılıqda və xarici ölkələrin xüsusi xidmət orqanlarına işləməkdə və Ermənistan Respublikasından maliyyələşməkdə təqsirləndirmişdi.

Əslən Lerikin Vizəzəmin kəndindən olan Mehdibəy Səfərov gənc yaşlarından Talış Milli Hərakatına qoşulmuş, 1993-cü ildə Talış Mədəniyyət Mərkəzinin Bakıda keçirilən konfransında Talış Mədəniyyət Mərkəzinin sədri seçilmiş, 1993-cü ilin məlum avqust hadisələrindən sonra təqib edildiyini görərək Azərbaycandan Rusiyaya getmiş, 10 ildən yuxarı bir müddətdə Rusiya Federasiyasında yaşamışdır. Hal-hazırda Bakıda yaşayır və Azəri-Talış ictimai birliyinin həmsədridir

Mehdibəy Səfərov özü həmin saytda həmin yazıya cavab verib, cavab nə qədər uğurlu alınıb, bu cavaba ehtiyac var idimi və bu qəbildən olan suallarla işimiz yox, bizim üçün maraqlı olan başqa amillərdir. İlk olaraq ondan başlayaq ki, Azərbaycan Xalqlarının Rifahı Partiyasını yaradan, bu barədə sosial mediada xəbər paylaşan təşəbbüs qrupunun 8 üzvünün hər biri onlara basqıların olacağını bilirdilər, o cümlədən Mehdibəy Səfərov da bunu çox gözəl bilirdi, amma bu basqının konkret Mehdibəy Səfərovun üstünə köklənməsinin səbəbkarlı elə Mehdibəy Səfərov özüdür. Türkiyədən Azərbaycana dönən Mehdibəy Səfərov Azərbaycan Xalqlarının Rifahı Partiyası yerinə Xalqların Demokratik Partiyası ibarəsini işlətməklə “vətənpərvər” pantürkçülərin ona hucum etməsinə münbit zəmin yaratdı.

2 yanvar 2019-cu ildə 8 nəfərdən ibarət Təşəbbüs Qrupu Azərbaycan Xalqlarının Rifahı Partiyasının yaradılması barədə anons verdi. Bu anonsa əsasən Azərbaycanın bir sıra informasiya agentlikləri Azərbaycanda yeni partiyanın – Azərbaycan Xalqlarının Rifahı Partiyasının yaradılması barədə xəbər paylaşdılar. Bu xəbərə dövlət səviyyəsində rəsmi münasibət bildirilməsə də, qeyri-rəsmi olaraq deputat Araz Əlizadə səviyyəsində bu xəbərə münasibət bildirildi. Pantürkçü zümrə bu partiyaya qarşı qara piar kompaniyasına başlasa da, partiyanın adının uğurlu seçilməsi pantürkçü zümrənin planını alt-üst elədi. Sonradan partiyanın təşəbbüs qrupunun üzvü Mehdibəy Səfərov həmin partiyanı yeni adla – Xalqların Demokratik Partiyası adı ilə ictimaiyyətə təqdim etdi, amma Mehdibəy Səfərov partiyanın adının hansı zərurətdən dəyişdirildiyi və bu qərarın Təşəbbüs Qrupunun hansı iclasında qəbul edildiyi barədə məlumat verməyib. Təşəbbüs Qrupunun digər üzvləri də bu ad dəyişikliyi məsələsinə münasibət bildirməyiblər.

Ümumiyyətlə Talış ictimai və siyasi camiəsində siyasi və ya ictima təşkilatın ilkin variantda elan edilmiş adının dəyişdirilməsi artıq ənənə halını almaqdadır. Belə ki, 1992-ci ildə yaradılmış Talış Xalq Partiyasının adı, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün 1993-cü ildə dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası edilmişdi. Talış Xalq Partiyasının sədri Hilal Məmmədov Ədliyyə Nazirliyinin təmsilçiləri ilə görüşdə partiyanın ilkin variantda adının saxlanılması istiqamətində lazımi dirəniş göstərməmiş və nəticədə partiyanın adının Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası olmasına razılaşmışdı.

Hilal Məmmədov talışların hüquq və azadlıqları uğrunda daima mübarizə aparmış, gənc yaşlarında üzvlərinin sayı 10 minlərlə olan Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasının yaradıcısı və sədri olmuşdu. 1993-cü ilin məlum avqust hadisələrindən sonra Hilal Məmmədov da təqib edildiyini görərək, Azərbaycandan Rusiyaya getmiş, 10 ildən yuxarı bir müddətdə Rusiya Federasiyasında yaşamışdır. 2012-ci ilin 21 iyununda saxta ittihamlarla həbs edilmiş və 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ilin mart ayında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb. Hal-hazırda Bakıda yaşayır və passiv siyasi fəaliyyətlə məşğuldur.

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP