Dirəniş tariximizdən

Yaşasaydı, martın 10-u linqvist-alim, Respublika Talış Mədəniyyəti Mərkəzinin həmtəsisçisi, bəzi mənbələrdə Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri, bəzilərində isə sədr muavini kimi təqdim edilən, “Tolışi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Novruzəli Məmmədovun 77 yaşı tamam olardı. Yaşamadı, qoymadılar yaşasın, imkan vermədilər millətinə, dilinə töhfələr versin. 2007-ci ildə alim oğlumuzu saxta ittihamlarla həbs edib, ona, əmlakı müsadirə olunmaqla, 10 il həbs cəzası kəsdilər.

İstintaq dövründə Novruzəli muəllimə olmazın işgəncələr verən bu giyena sürüsü onu sındıra bilmədi, nəinki sındıra bilmədilər, əksinə, onun məğrur, mərd baxışları qarşısında özləri sındılar. Bu sürünün üzvləri görəndə ki, Novruzəli müəllim onların bütün işgəncələrinə dözür, amma saxta ittihamı qəbul etmir, onda alternativ təzyiq vasitəsi kimi onun böyük oğlu Kamranı seçdilər Kamran, hər dəfə atası ilə görüşə gedəndə, naməlum, əslində məlum insanlar tərəfindən oğurlanar, naməlum istiqamətə aparılar, orda döyülüb, təhqir edilər və ondan “atan ittihamı qəbul etməsə səni öldürüb, ailəni məhv edəcəyik” ismarıcını Novruzəli müəllimə çatdırmasını tələb edirdilər. Onlar ümid edirdilər ki, Kamranın başına gətirdikləri bu müsibətlər Novruzəli müəllimin geri çəkilməsinə, saxta ittihamı qəbul etməsinə vəsilə olacaq. Amma bu giyena sürüsü başa düşmürdü ki, şirin həyat yoldaşı da, övladı da şir olar! Novruzəli müəllimin ailə üzvləri ölümü qəbul edər, amma Novruzəli müəllimin pak adına xələl gətirəcək ittihamların onun tərəfindən “boynuna alınmasını” qəbul etməzdilər.

Nə Kamran, nə də Kamranın anası, Novruzəli müəllimin həyat yoldaşı Məryəm xanım Kamranın tez-tez döyülməsi barədə Novruzəli müəllimə bir kəlmə də olsun demirdilər, demirdilər ki, bu giyena sürüsü qarşısında Novruzəli müəllimin mətin, məğrur şir duruşu büdrəməsin. Ailənin bu cür məğrur duruşu bu giyenaları bir az da özündən çıxardırdı. Onlar, Novruzəli müəllim ilə görüşə gəlmiş Kamranı növbəti dəfə maşına mindirib, naməlum istiqamətə aparırlar, Kamranı ölümcül döyüb, onu, yarımcan və huşsuz halda Yasamal qəbiristanlığına atırlar. Kamranı qəbirstanlığın gözətçisi tapır, amma onu xilas etmək mümkün olmur. 08 sentyabr 2007-ci il tarixdə Novruzəli Məmmədov öz böyük oğlu Kamranı itirir, amma ömrünün sonunacan bundan xəbərsiz qalır.

Uzun müddət Kamranın onu ziyarət etmədiyini görən Novruzəli Məmmədov öz həyat yoldaşı Məryəm xanımdan Kamranı soruşur. Məryəm xanım həyatında ilk dəfə yoldaşına yalan satır, “Kamran Almaniyadadır” deyir. Məryəm xanım bu yalanı ona görə deyir ki, Novruzəli müəllim həqiqəti bilib , oğlunun məhz ona görə öldürüldüyünü dərd edib, insan cildinə girmiş bu çaqqalların qarşısında sınıxmasın, büdrəməsin.

Kamranı öldürən bu heyvan sürüsü 2007-ci ilin oktyabrında Novruzəli müəllimin kiçik oğlu Emili oğurlayıb, döyürlər. Məqsəd eyni idi: Novruzəli müəllimə təzyiq! Emili döyməklə heç nəyə nail olmayan bu gerizəkalılar daha sonra onu narkotik ittihamı ilə həbs edirlər.

Novruzəli Məmmədovu sındıra bilməyən bu çaqqallar xalqımızın alim oğlunu 2009-cu ilin 17 avqustunda qətlə yetirirlər. Bundan sonra da Novruzəli müəllimin ailəsindən əl çəkmirlər, belə ki, 25 sentyabr 2009-cu il tarixdə onun 40 yas mərasimindən qayıdan Məryəm Məmmədova və oğlu Emil Məmmədov müəmmalı şəraitdə avtomobil qəzasına düşürlər. Qəzanı törədən “Kamaz” sürücüsü haqqında heç bir cinayət təqibi aparılmayır. Emil Məmmədov aldığı xəsarətlərin fəsadlarına uzun müddət dözə bilmir və az sonra dünyasını dəyişir.

Məryəm Məmmədova bu vəhşilikləri özünün “Bir ailənin faciəsi” kitabında göstərməyə çalışıb, amma mən hesab etmirəm ki, bu bir ailənin faciəsidir, bu bir xalqın faciəsidir.

Bu faciə bir ailənin bir rejim qarşısında necə əzmkarcasına dirəniş göstərməsinin bariz nümunəsidir.

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP