MAŞXAN ABİDƏLƏRİ Maşxan Astara rayonunda kənd adıdır

Kənd rayonun şimal-şərqində, Bakı-Astara şose yolunun üstündə yerləşir. Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı “Cavahirnameyi-Lənkəran” kitabında yazır: “Bu kəndin əsil adı əvvəllər #Karəzaran olmuşdur. İndilər bu kəndin adının Maşeyxan olması ona görədir ki, bu məkanda Sultan Əhməd ibn Seyyid Kərimin müqəddəs qəbrinin yerləşməsidir” (“Səidiyyə”. B., 2005, səh. 82). Məhz Seyyid Əhməd orada məskunlaşdıqdan sonra Karəzaran Maşxan adlandırılmışdır. Maşxan toponiminin ilk variantı “Maşeyxan” olmuşdur. Maşeyxan/Maşxan fars dilində “biz şeyxlərik” mənasını verir. Maşxan nəinki, Astaranın, həmçinin bölgənin qədim yaşayış məntəqələrindən biridir. Kənddə Baba Hümmət kurqanı, orta əsrlərə aid qəbiristanlıq, XIV – XVII əsrlərə aid yaşayış yeri, Seyid Əhməd piri, Seyid Kərim şəfa ocağı və məscid kimi tarixi – memarlıq abidələri qeydə alınmışdır. Müxtəlif dövrlərə aid olan bu abidələr Maşxan kəndinin tarixi keçmişindən soraq verir. BABA HÜMMƏT KURQANı Erkən Tunc dövrü (e.ə. IV minilliyin ikinci yarısı – III minillik) abidəsi hesab olunur. Kurqan “Maşxan” adı altında respublikamızın Erkən Tunc dövrü abidələrinin xəritəsinə daxil edilmişdir. Qeyd edim ki, adı qeyd olunan xəritədə (Azərbaycan tarixi, 6-cı sinif üçün dərslik. B., 2008, səh. 119) kəndin adı səhvən Maşexan yazılmışdır. Baba Hümmət kurqanı 822 invertar sayı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır. ORTA ƏSRLƏRƏ AİD QƏBİRİSTANLIQ və XIV -XVII əsrlərə aid YAŞAYIŞ YERİ müvafiq olaraq 5767 və 5768 invertar sayları ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışlar. SEYİD ƏHMƏD PİRİ Bakı-Astara şose yolunun üstündə, yolun sağ tərəfində qəbiristanlıqda yerləşir. Əhməd Kərim oğlunun adı ilə bağlı olan ziyarətgah XV əsrin (1472-ci il) dini-tarixi abidəsi sayılır. Seyid Əhməd türbəsi 4131 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Seyid Əhməd piri respublikamızın tanınmış ziyarətgahlarından sayılır. SEYİD KƏRİM ŞƏFA OCAĞI Seyid Əhməd pirindən təqribən 250 metr aralıda yerləşir. Seyid Kərim adına ziyarətgah olan Seyid Əhmədin atasıdır. Deyilənlərə görə, o, oğlu Seyid Əhmədin sorağı ilə Maşxana gəlir, burada ona oğlunun ölüm xəbəri çatdırılır. Seyid Kərim bir ilə yaxın Maşxanda yaşadıqdan sonra vəfat edərək burada dəfn edilmişdir. Seyid Kərimin qəbri ziyarətgaha çevrilmiş və hal-hazırda “Seyid Kərim şəfa ocağı” adı ilə tanınır. Seyid Kərimin qəbri üzərində mişar daşı ilə düzbucaqlı formada məqbərə inşa edilmişdir. Buraya müxtəlif yerlərdən ziyarətə gələnlər olur. MƏSCİD 1905-ci ildə qırmızı kərpicdən hörülmüş, damı kirəmitdəndir. Maşxan məscidi 4130 invertar sayı ilə 1905-ci ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur. Azərbaycan Milli Ensiklopediyasında Astara rayonunun tarix və memarlıq abidələri sırasında Maşxan yaşayış yeri, Seyd Əhməd piri və kənd məscidinin də adı qeyd olunmuşdur (II cild. B., 2010, səh.144). Kitabda həmçinin Seyid Əhməd ibn Kərimin sərdabəsi adı ilə Seyid Əhməd türbəsinin şəkli də verilmişdir (səh.145).

(c) İldırım ŞÜKÜRZADƏ tədqiqatçı-tarixçi İstinad:

Sukurzade Ildirim

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP