Həftəbecər…

Azərbaycandan, daha doğrusu Azərbaycan Xalqlarının Rifahı Partiyasından maraqlı xəbərlər gəlir, bu xəbərlərin hər biri haqqında bir məqalə yazmaq olar, amma və lakin…

Amması odur ki, biz bu xəbərlərdən özümüz üçün nəticə çıxarda bilmirik. Məsələn, Azərbaycan Xalqlarının Rifahı Partiyası bu 3 ayda bircə onu edə bilib ki, adını dəyişib, edib Azərbaycan Xalqlarının Demokratik Partiyası, amma bunun da amması var, bu addəyişmə hansı tarixli iclasda olub, bax bu barədə Azərbaycan Xalqlarının Rifahı Partiyasını yaratmaq istəyənlərin təşəbbüs qrupunda heç kim məlumatlı deyil. Yəni təşəbbüs qrupu bir də ayıldı ki, RİFAH olub DEMOKRATİK. Vallahi heç addəyişmə də önəmli deyil, önəmli olan odur ki, bu təşəbbüs qrupunun işi-gücü Bakının harasındasa yığışıb, çay içməkdir. Və ən əsası: həmin çay dəstgahından çəkilmiş şəkilləri internetdə paylaşaraq, “biz təşkilatlanırıq” görüntüsü yaratmaq, vəssalam. Yeri gəlmişkən, əllərindən heç bir iş gəlməyən təşəbbüs qrupunun üzvləri, Azərbaycan Xalqlarının Rifahı Partiyası tam “demokratikləşəndən” sonra, öz aralarında “hökumətin adamı” mövzusunu tam aktuallaşdırıblar.

İndi biz, mənim yazdıqlarımdan nə nəticə çıxarda bilərik? Məncə heç zad, düzünü desəm heç özüm də öz yazımın məğzini tuta bilmədim, bəlkə “təşəbbüs qrupunun “fəaliyyəti” “çay dəstgahından” o yana keçə bilmir” deməklə, təşəbbüs qrupunu qeyri-ciddilikdə suçlamaq istəmişəm? Nə bilim vallah, bu yerdə sizə bir sual verim: əgər təşəbbüs qrupu bu 3 ay müddətində bircə dənə dayaq dəstəsi, nə bilim ilkin özək yarada bilmirlərsə – partiya yaratmaqda nə dərəcədə ciddi məşğuldurlar? Adam bu yerdə demək istəyir ki, partiya yaradan deyilsiz, nə özünüzü incidin, nə də bizləri. Gedin bir səmərəli işlə məşğul olun. Ən azı AXH-dən ibrət götürün, artıq respublikanın əksər şəhər və rayonlarında öz özəklərini yaradıblar. Azərbaycan Xalq Hərakatı təşkilatından söz düşmüşkən, yeni yaradılmış Azərbaycan Xalq Hərakatı öz cərgələni talışların hesabına genişləndirmək istəyir. Talış bölgəsinə edilən zənglərin sayı-hesabı bilinmir, amma bu zənglərə görə başları ağrayanların sayı artıq məlumdur. Astaralı aktiv müxalifətçi Vaqif Məmmədov AXH-dən ona edilmiş zənglərdən sonra bir neçə dəfə Astara polis idarəsinə çağırılıb. Lənkəranlı aktiv müxalifətçi Rahim Nuriyev AXH ilə əməkdaşlığa razı olandan sonra polislər onun maşınından narkotik “tapıblar”, Lənkəran Xalq Cəbhəsini yaradanlardan biri olan Cəmil Hacıyevə zəng olandan sonra Cəmil bolini də şərləyiblər. Bu barədə “Tolışon Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilov özünün “facebook” səhifəsində aşağıdakı postu paylaşıb:

“AXH adlı qurum Talış bölgəsində öz dayaqlarını bərkitmək üçün keçmiş Lənkəran Xalq Cəbhəsini yaradanlara müraciət edir. Belə müraciətlərdən birini də Nemət Pənahlı Cəmil Hacıyevə edib, təbii ki, Cəmil Hacıyev ona “yox” deyib, çünki həmin qurumda əsasən ultra-millətçilər təmsil olunurlar və biz talışlar ultra-millətşilər ilə bir yerdə ola bilmərik, bu sadə düsturu başa düşmək çoxmu çətindir? Sözüm onda yox, Talış bölgəsində AXH-nin dayaqlarının yaranmamasını qarşısına məqsəd qoyan “şanlı polisimiz” də Cəmil Hacıyevi neytrallaşdırmaq üçün martın 13-də xüsusi öyrədilmiş “Qorxmaz” ayamalı bir şəxsi onun üstünə göndərmiş, Qorxmaz Cəmil Hacıyev, onun qardaşları və ümumən Cəmil Hacıyevin kəndi olan Xolmili haqqında nalayiq ifadələr işlətmiş və nəticədə Cəmil Hacıyevi intriqaya cəlb edə bilmişdir. Hal-hazırda həmin Qorxmaz Cəmil Hacıyevdən şikayətçidir və Hacıyev barəsində Lənkəran polis idarəsində tədqiqat gedir. Kimdir Cəmil Hacıyev? Azərbaycan ordusunun polkovnik-leytenantı Cəmil Hacıyev əfsanəvi Talış briqadasının batalyon komandiri olub və Qarabağ müharibəsində müstasna xidmətləri var. Bəs “Qorxmaz” ayamalı şəxs kimdir? Bu barədə xüsusi araşdırma yazısı hazırlayıram, görün Azərbaycan polisi kimlərin əli ilə kimləri sıradan çıxardır. AXH və Qurban Məmmədov isə hələ ki, Cəmil Hacıyevin müdafiəsi ilə bağlı susurlar, Həzarat, bir şey eliyən deyilsiz, yalandan talışlara zəng edib, təzəcə boşalmış zindanları talışlarla doldurmayın….”

Bu yerdə onu da qeyd edim ki, son vaxtlar Rafiq bolinin yazılarında bir natamamlıq, bir boşluq olur. Rafiq boli nədənsə Cəmil Hacıyevin polkovnik Mikayıl Hacıyevin qardaşı olduğunu yazmağı unudub. Mən də ki… Haradan başladım, harada qurtardım…. Lap “həftəbecər” olduye….

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP