Cavab gözləyirəm

Ayə, müasir atalar deyirlər ki, “facebookda gəzişən göz gündə bir xəbər oxumasa, kor olar”, Heç dəxli var? Biz də hər gün belə gic-gici təzə atalar sözləri eşidirik də. Nə isə, o gün girdim Talış Mühacir Hökumətimizin saytına, başlıqların birində gördüm ki, Fəxrəddin Əboszodənin Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı məktubu-iddia ərizəsini veriblər, açdım linki və oxudum. İlk əvvəl onu deyim ki, siftə-siftə bu məktubu məhz Fəxrəddin müəllimin yazmasına inanmadım, çünki mətndə nəinki saya-hesaba gəlməz hərf səhvləri dolu idi, hətta cümlə quruluşu səhvləri də geninə-boluna düzənlənmişdi. Yəni 3 dildə publisistika yazan bir şəxs bu qədər ciddi səhvlərə yol verə bilməz. Amma mətni oxuduqca başa düşdüm ki, bu mətn məhz Fəxrəddin müəllimə məxsusdur, yəni qeyri-şəxs Fəxrəddin müəllimin başına gələnləri bu cür dəqiqliklə yaza bilməzdi. Hətta fərz etsək ki, Fəxrəddin müəllim o iddia ərizəsini çətin vəziyyətdə yazıb və hərf, cümlə quruluşu səhvlərinə diqqət yetirməyib, halbu ki, bunu heç fərz də etmək olmur, bu o demək deyil ki, Talış Mühacir Hökumətinin saytı o mətni o cür də, biyabırçı bir vəziyyətdə tirajlamalı idi. Ən azından həmin səhvlər aradan qaldırılmalı, sonra həmin mətn ictimaiyyətə təqdim edilməli idi. Yenə də təkrar edirəm, istənilən versiyada Fəxrəddin müəllim o cür kobud səhvlər buraxmaz, əgər ona DTX təcridxanasında apelyasiya şikayəti yazmaq üçün şərait yaradılırsa, ona kağız-qələm verilrsə, həmin şikayətin apelyasiya məhkəməsinə çatmasına əngəl yaradılmırsa, demək Fəxrəddin müəllim o mətni rahat bir şəkildə yazıb.

Ümumiyyətlə isə təcrübə də göstərir ki, rahat şəkildə yazılmış mətnlərdə o cür kobud səhvləri heç aşağı sinif şagirdləri belə buraxmırlar, o da ola Bakı Dövlət Universitetinin keçmiş müəllimi. Demək məsələ başqa cürdür, çox guman ki, həmin apelyasiya şikayətinin çəkilmiş şəkili həmin sayta təqdim edilib və saytı işlədən dostlarımız da o şəkili təzədən mətn kimi yığıblar. Amma yenə də təkrar edirəm, o cür səhvlərin buraxılması nə Talış Mühacir Hökumətinə, nə də həmin saytı işlədənlərə baş ucalığı gətirmir, üstəlik sayta daxil olan bədxahlarımız saytdakı bu cür xəta bolluğundan sevincəyə düşürlər. Yəni ehtiyac varsa, mənə elə gəlir ki, buna ehtiyac duyulur, siz o sayt üçün həm azərbaycan, həm də talış dilində bilən redaktor və ya redaktorlar kirayələyin ki, saytda o cür biabırçı səhvlərin kökü kəsilsin. Köhnə kişilər deyiblər ki, “söhbət qoyunu qurda verər”, mənim də ağzım qızışdı söhbətə, az qaldı mətləbdən yayınım.

Demək Fəxrəddin müəllimin məktubunu oxuyandan sonra girdim Azərbaycanda olan Talış Milli Hərakatına liderlik iddiasında olanların səhifələrinə ki, hələ görüm bu liderliyə iddialılardan kim Fəxrəddin müəllimin məhkəməsində olub. İnandırım sizi ki, Azərbaycanda yaşayan və liderlik iddiasında olanlardan heç kəsin, bir daha təkrar edirəm: heç kəsin facebook səhifəsində Fəxrəddin müəllimin adı belə tutulmamışdı, o ki, qaldı məhkəmədən nə isə yazmaq. Məhkəmədə kimlərin iştirak etdiyini bilmək marağı mənə güc gəldi, internet üzərindən Bakı Apelyasiya Məhkəməsinin telefon nömrəsini öyrənib, məhkəməyə zəng etdim. özümü Rusiyadakı saytlardan birinin əməkdaşı kimi təqdim edib, Fəxrəddin müəllimin işini aparan hakimin adını və soyadını, həmçinin iş telefon nömrəsini istədim. Kopayoğlunun rus dili və Rusiya telefon nömrəsi, dərhal hakimin adını, soyadını, iş telefon nömrəsini verdilər. Sonra hakimə zəng edib, qaydası ilə yenə də özümü təqdim edib, Fəxrəddin müəllimin məhkəmə prossesi ətrafında xeyli suallar verdim ki, həmin suallardan biri də “məhkəmə prossesində Fəxrəddin müəllimin qohumları, yaxınları iştirak edirdilərmi?” sualı idi. Kaş o sualı verməzdim, hakim bildirdi ki, Fəxrəddin müəllimin məhkəməsində müəllimin özündən və vəkilindən başqa kimsə olmayıb.

Bəs hanı Azərbaycandakı “mənəm-mənəm” deyən talışlar? Heç olmasa el gözünə 3-4 nəfəriniz gedərdi o məhkəməyə. Niyə getməmisiz? Bax bu suala cavab gözləyirəm…

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP