Novruzəli Məmmədovun məhkəmədə son çıxışı: Talış dili mənim ana dilimdir, onu qorumaq, gələcək nəslə çatdırmaq mənim mənəvi borcumdur

“Mənə élan olunmuş ittihamı ilk gündən rədd etmişəm və bu gün, son sözümü söylədiyim zaman da fikrimdə dururam. Mən müdafiə olunmaq üçün də hər dəfə yeni variantlar fikirləşməmişəm. 116 səhifəlik ittiham aktı təsdiq edir ki, mənə elan olunmuş ittiham uydurmadır, mən cinayət törətdiyimə görə yox, milli-etnik mənsubiyyətimə görə təqib olunuram. Mən əslində özümü yox, dilimi, milli-etnik mənsubiyyətimi müdafiə edirəm…

Tam məsuliyyətlə deyirəm ki, mənim dövlət qarşısında xəyanətlə bağlı heç bir fəaliyyətim olmayıb. Elman Quliyev 16.02.07-ci il tarixdə çəkilmiş video kassetdəki ifadəsində göstərir ki, onun tanıdığı adamlar arasında dövlətçilk mövqeyində duran ən birinci şəxs mən olmuşam. Mənim onun tərifinə ehtiyacım yoxdur, ancaq bu, həqiqətdir.

… 2000-ci ildə “Tolışi Sədo” qəzeti çıxmadığı bir halda Elman Quliyev İranda guya qəzetin
əməkdaşı olduğunu deyir və istintaq bunu həqiqət kimi qəbul edir. Halbuki, qəzet 1993-cü
ildən 2001-ci ilin ikinci yarısına kimi çıxmayıbdır. Elman Quliyev deyir ki, İrandan pullari
cibində gətirmişdir, ancaq istintaq bunu yoxlamaqdan imtina edib. Məhkəmə zamanı həmin hal
yoxlanılarkən məlum olmuşdur ki, Gömrük xidməti idarəsinin rəsmi sənədilə Elman Quliyevin
5 il müddət ərzində İrandan valyuta gətirməsi rədd olunur.

Bu hissədə də ifşa olunduğunu görən Elman Quliyev pulları Bakıda tanımadığı şəxslər tərəfindən
aldığını bildirdi. Elman Quliyev göstərir ki, o, poçtalyon olmuş, İrandan ancaq pul gətirmiş, ona
İrana ötürmək və oradan gətirmək üçün heç bir məlumat verilməmişdir.

… Mən isə ilk gündən ictimaiyyətin, mətbuatın nümayəndələrinin məhkəmədə iştirak etməsini
tələb etmişəm, çünki mən cinayətkar deyiləm. Məndən asılı olmayan səbəblərdən qapalı
keçirilən məhkəmə iclasında yenə deyirəm:- mən milli-etnik mənsubiyyətimə, taliş dilinin
tədqiqinə, jurnalistlik, istimai xadim və elmi fəaliyyətimə görə təqib olunuram. Bunun
adı yoxdur. ”Talış” sözünü hər cümlənin əvvəlində, ortasında, yaxud axırında yazmaqla cinayət
tərkibi düzəltmək mümkün olsaydı, onda Azərbaycanda bütün talışlar cinayətkar hesab edilməli
idi. Lakin dilin, ədəbiyyatın, incəsənətin, tarixin öyrənilməsi, elmi tədqiqatların aparılması
cinayət sayıla bilməz.

… Mən ifadəmdə göstərmişəm ki, milliyyətcə azərbaycanlı, milli-etnik mənsubiyyətimə görə talışam. İstintaq orqanı “düşmənçilk fəaliyyəti” adı altında talış xalqına, onun dilinə, bu dilin dünyada yeganə tədqiqatçısı kimi mənə nifrətini, kinini açıq şəkildə biruzə verərək, baş redaktoru olduğum “Tolışi Sədo” qəzetinin 1-ci nömrəsindən 108-ci nömrəsinə kimi talışın mədəniyyətini-dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını və s. özündə əks etdirən yazıları qəzetin səhifələrinə çıxarmaqla məqsədimin “talışçılığı təbliğ etmək” olduğunu vurğulamaqla məni ittiham etmişdir. Belə çıxır ki, talışı, talışçılığı təbliğ edirəmsə, deməli, dövlətə xəyanət etmiş oluram. Əvvəla, talışı, talışçılığı təbliğ etmək mənim ictimai xadim kimi borcumdur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli fərmanı belə bir vəzifəni üzərimə qoymuşdur. Çünki mən RTMM-nin sədr müavini, həm də həmin ictimai təşkilatın mətbu orqanı olan “Tolışi Sədo” qəzetinin baş redaktoruyam. Təbii ki, bu torpağın əzəli sakinlərindən olan talışları, onların dilini, tarixini və s. təbliğ etmək fərmanda nəzərdə tutulduğundan burada qeyri-qanuni heç nə yoxdur. İkincisi, bu mənim tədqiqatçı kimi vəzifəmdir. Mən ömrümü bu dilin tədqiqinə həsr etmişəm. Dövlət mənim bir alim kimi yetişməyim üçün külli miqdarda vəsait xərcləyib. Üçüncüsü, talış dili mənim ana dilimdir, onu qorumaq, gələcək nəslə çatdırmaq mənim mənəvi borcumdur. Hər gün Azərbaycan toylarında “Ləzginka” rəqsi çalınır. Bu, təbii ki, ləzgi mədəniyyətinin təbliğidir və bu alqışlanmalıdır, heç kəs deyə bilməz ki, bu, cinayətdir. Əgər “Ləzginka” çalıb-oxumaq cinayət deyilsə, talış dilində yazıb-oxumaq, onu tədqiq etmək niyə cinayət hesab edilməlidir? Başqa dillər barədə də bunu demək mümkündür. Burada məntiq yoxdur, ittiham aktında yazılanlar sübut yox, bəhanədir.

Məhkəmənin isə mənə qarşı olan ayrı-seçkiliyə son qoymaqla ədalətli və qanuni qərar qəbul edəcəyinə ümid bəsləyirəm. Mən hər cür güzəştin əleyhinəyəm, çünki güzəşt təqsiri olan şəxsə edilməlidir. Yox əgər mənim milli-etnik mənsubiyyətim, talış olmağım cinayətdirsə buyurun ən ağır cəzanı verin”.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP