Lənkəranın tarixi abidələrinə qarşı vandalizm: idarə rəisi “tükünü tərpətmir…”

2017-ci ilin yanvarından Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində Vüsal Nəsirli işləyir.

Struktur islahatına qədər, yəni 2015-2016-cı illərdə Lənkəran Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifələrində çalışıb.

1982-ci il təvəllüdlü gənc rəis bu müddət ərzində Lənkəranın mədəniyyət abidələrinin qorunması, kitabxanaların, kənd klublarının, mədəniyyət ocaqlarının saxlanması istiqamətində heç bir işlər həyata keçirməyib.

Tolishmedia informasiya agentliyi xəbər verir ki, elə bu ilin qışında Lənkəranın simvolu olan qədim tarixi abidə – Dairəvi qalanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı barədə həyəcan təbili çalındı. Amma V.Nəsirlidən səs çıxmadı.

1747-86-cı ildə inşa olunan qalaya bitişik çoxmərtəbəli bina tikildiyindən əsrlərin yadigarının damı artıq tamamilə çöküb. Bu cür davam eləsə, yaxın vaxtlarda qədim tikilidən heç nə qalmayacaq.

Bu da azmış kimi, Lənkəranda Nizami Gəncəvinin adını daşıyan dövlət tərəfindən mühafizəyə götürülmüş tarixi memarlıq abidə sökülüb, kinoteatr buldozer qabağına verilib.

Əsrimizin əvəllərində tikilmiş dörd hamamdan biri оlmuş Məşədi Abbas hamamı, eləcə də Hacı Qurban,Usta Qafar və Məşədi Səlim hamamları sökülüb.

Amma idarə rəisi V.Nəsirli Lənkəran mədəniyyətinin bu vəziyyətə düşməsində nəinki rəhbər şəxs, heç yerli adam kimi də narahatlıq keçirmir.

Lənkəran kimi talış zonasının mirvarisi sayılan, “Xan Lənkəran” adlanan, hər zaman ziyalıları, tarixi, mədəniyyəti ilə sayılıb-seçilən bir bölgənin baxımsız qalması ürəkağrıdıcı mənzərədir.

Lənkəranın kənd kitabxanaları tövləyə çevrilib, mədəniyyət ocaqları dağılıb-gedib. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin binası, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin binası köhnədir, restavrasiya olunmayıb.

Regional idarənin tabeliyindəki bölgələrdə də oxşar vəziyyətdir. İdarənin rəsmi saytındakı sənədlər bölümündə 2012-ci ildən bəri yenilənmə olmayıb, heç bir maliyyə hesabatı, görülən işlər haqda informasiyaya rast gəlinmir. Yalnız o məlumdur ki, iyunun 20-də müşavirə keçirilib. Əlavə heç bir məlumat verilmir.

Əslində, Lənkəranda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, şəhərdə Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi abidələr var. Bəlləbur qalasının xarabalarını da qeyd etmək lazımdır. Bu qalanın Babək Xürrəminin yerləşdiyi qala olduğu söylənir.

Belə bir bölgənin tarixinə, mədəniyyətinə xüsusi diqqət lazımdır və çox təsüf ki, Vüsal Nəsirli real addımlar atmır.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP