Şahnişin Xan sarayı-Talış xan sarayı

Mir Haşım Talışlının ” Lənkəran” kitabından: Şahnişin xan sarayı-18-19-cu əsrin qovşağında tikilmiş Mir Abbas xanın ikimərtəbəli sarayı keçmiş Fizuli küçəsindəki təmir-tikinti idarəsinin yerində olmuşdur. Qocaların söyləməsinə görə sarayın hər mərtəbəsi 20 otaqdan ibarət idi. Tavan, divarlar, pəncərə və qapılar nəfis ornamentli bəzəklərlə, fiqurlu aynalarla bəzədilmişdi. Sarayın pəncərələri lazım gəldikdə qaldırılıb endirilə bilərdi. Yazılı məlumatlara görə sarayı yalnızca Şəki xan sarayı ilə müqayisə etmək olardı.

Əsrin əvvəllərində saray dağıdılmış, bir nişanəsi belə qalmamışdır. Lakin yeraltı bünövrənin qalıqları, forması burada möhtəşəm bir sarayın olduğunu xəbər verir.

Bu saray haqqında 1890-cı ildə Lənkəranda olmuş rus yazıçısı V. Sidorovun təsviri maraqlıdır. Yazıçı yazır <Bizə xoş gələn bu tatar(Azərbaycanlı) Lənkəranında Talışın qədim xanlarının kərpicdən tikilmiş nəhəng yarıuçuq sarayı var. Otaqlar formasında olub divarlardan xeyli irəli çıxan kirəmitli çardaqla örtülən və iri pəncərələrlə deşilən bütün saray nə vaxtsa bağ olmuş çöllüyün ortasında durur…

Binanın bir tərəfini başdan başa əlvan pəncərələr olan qəbul salonu tutur. Onun tavan və karnizləri yuvacıqlar, gözəl medalyonlar və incə rəsmlər əmələ gətirən güzgü şüşəciklərdən tərtib edilmişdir. Qabartmaların ağ salxımları güzgülərdə əks olunub böyük effekt yaradır. Necədə qəmli və atılmış görünür bu iri salon….

Yuvacıqlardan qara deşiklər buraxan güzgü şüşəcikləri sallanır və yavaş yavaş dağılır və nə vaxtsa süstlü olan xan sarayı məhv olur.

Qocaman müəllim Asəf Talışlı deyir:Mirzə İsa müəllim biz şagirdləri 1922-ci ildə həmin sarayın ətrafından təbaşir parçaları yığmağa göndərirdi.

Bu saray Yerevandakı Sərdar, Şəkidə Şəki xanlarının, Şuşada Qarabağ xanlarının sarayı ilə həm planlaşma həm də memarlıq baxımından ümumi xüsusiyyətlərə malikdir. Bu 18-19-cu yüzilliyin qovşağında Azərbaycanın saray memarlığı üçün səciyyəvidir. Yerli Hacı Mir Abbas xan(General xan) şəhərə gələn Rus və İranın dövlət nümayəndələrini, hətta şahı bu sarayda qəbul edirmiş. On görədə bu saraya Şahnişin(şahın oturduğu yer) adı verilmişdir.

Rəzzaq Xansuvarovun tədqiqatına əsasən bu saray Hacı Mir Abbas bəy Mir Mustafa xan oğlunun tikdiyi 19 cü əsrin ortalarına bir saray olmuşdur və bu ulu baba Mir Abbas xana aid deyil. Müəlliflər adları səhv yazaraq səhv məlumat vermişlər. Talış xanlarının Qaraxanın və Mir Mustafa xanın sarayları çoxdan dağıdılmışdır. Bu saray sonrakı tikilidir. Amma hər bir halda Talış ərazisinin tarixi abidələrindən biri olmuşdur.

Rəzzaq Xansuvarovun tədqiqatlarından.

Go to TOP