Talış Geosiyasi Araşdırmalar Mərkəzi bəyanat yayıb

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Talış Geosiyasi Araşdırmalar Mərkəzi bu gün bəyanat yayıb.

Son zanamlar müxtəlif səviyyələrdə Talış milli hərəkatını sırf ermənilərlə bağlayıb, onu kiçildərək gözdən salmaq cəhdlərini izləyirik. Ona görə də bu müraciətlə bir sıra mühüm mövzulara toxunaraq, gündəmdə olan vacib məsələlərə aydınlıq gətirmək istərdik.

1.Əvvəla onu qeyd etmək yerinə düşərdi ki Talış milli hərəkatı bir neçə qoldan ibarətdir və hardasa bir yerdə oturan komanda, siyasi partiya və ya diaspora deyil. Heçkəs deyə bilməz ki «Talış milli hərəkatı siz deyilsiniz, bizik». Bu əsassız iddiadır. Talış millətinin, Allahın və beynəlxalq qanunvericiliyin ona verdiyi, azadlıqlar və hüquqlar uğrunda mübarizəsi elə Talış milli hərəkatıdır. Kim bu mübarizəyə hansı formada qoşulsa, o, Talış milli hərəkatına qoşulmuş olur. Bu işin əsas şərti də odur ki, mübarizə Talış xalqının milli hüquq və azadlıqları uğrunda aparılmalıdır. Və bu işdə milli məhdudiyyət yoxdur. Yəni bu işlə talışlardan başqa hər hansı bir ədalət sevər insan məşqul ola bilər. Necə ki, biz bunun nümunələrini Talış milli hərəkatında görürük. Bu hərəkata talışlardan başqa, az da olsa azərbaycanlılar, tatlar, farslar, ruslar, ermənilər də qoşulub.  Talış milli hərəkatının qapıları hər bir millətə açıqdır. Çünki Talış milli hərəkatının əsas hədəfi Allahın razılığıdır və ədalətin qələbəsidir.

  1. Talış milli hərəkatı öz ideoloji yanaşmasına, baxış bucağına görə 4 qrupa (qola) təsnif oluna bilər: 1) bir qrup talış Talışı müstəqil dövlət kimi görür (məsələn Fəxrəddin Abbaszadə və onun tərəfdarları); 2) bir qrup talış talışların bütün problemlərinin yalnız Azərbaycanın daxilində, ölkənin hakimiyyəti ilə müzakirələr əsasında, danışıqlar yolu ilə mümkünlüyünü qəbul edir (məsələn Azərbaycan Talışlarının İctimayi Şurası); 3) bir qrup talış Talışn müqəddəratının yalnız beynəlxalq təşkilatlar və Avropa dövlətlərinin yardımı ilə mümkün olduğunu qəbul edir və bu yöndə mübarizə aparır (məsələn Talış Mühacirət Hökuməti); 4) bir qrup talış da Talışın dövlətçilik haqqının bəprpasını yalnız regional qüdrətlərin köməyi sayəsində mümkünlüyünü qəbul edir və bu yöndə də regional qüdrət kimi İran və Rusiyanın yardımını həlledici və zəruri görür (məsələn Rusiya Talış diaspora təşkilatları və onun rəhbərləri). Bu 4 qrupun hər birinin özünəməxsus zəhməti var. Bu 4 qrupun hər birisi nərticədə Talış dövlətçiliyin bərpasına xidmət edir. Bütün qrupların mübarizəsi əlaqəli şəkildə baş versə, əlbəttə, daha efektiv olar. Bu qruplanın arasında olan ideoloji fərqləri nəzərə alaraq, Azərbaycan hakimiyyəti bunları bir- birinin əleyhinə qoymağa çalışır və tədbirlər görür.
  2. Talışların ilahi və milli mübarizəsinə qarşı çıxanlar tez-tez bir çeynənilmiş ifadəni ortaya atırlar: «Sən talışların adından danışma, siz talışın adından danışa bilməzsiniz, bütün talışların adından danışmayın» və s. Gülünc olan odur ki, bu sözü talış milli fəallarına qeyri talışlar deyir və sanki onlar təyin edir kim talışın adından danışa bilər, kim yox. Belə populist ifadələrə çox rast gəlmək olar. Əslində bu psixoloji manipuyasiyanın bir növüdür. Buna cavab olaraq deyirik: «Hər bir talış Talış millətinin hər hansı problemini dilə gətirib danışa bilər və onun adından etiraz edə bilər». Talışın dövləti yoxdur ki, orda seçki keçirib parlament təşkil edib millət vəkillərinə öz səslərini həvalə etsinlər, ya da prezident seçib ona bu işi həvalə etsinlər. Hər bir talışın və qeyri talışın haqqı var ki, talışların problemləri haqqında danışsın, onun haqlarını tələb etsin. Bu hüquq avtomatik olaraq bu işlə məşqul olmağa öhdəlik götürən adama verilir. Məsələn müsəlmanlar fələstinlilərin haqlarını müdafiə edirlər. O müsəlman hər hansı bir millətdən ola bilər. Ona demirlər ki sən fələstin ərəblərinin işinə qarışma. Və yaxud bir türk də çıxıb talışların problemləri haqqında danışa bilər. Heçkəs deyə bilməz ki «sən türksən, sən Talış millətinin adından danışma». Hər hansı bir talış təşkilatı, diaspora təşkilatı, mühacirətdə olanlar, talış üçün iş görə bilər və onun problemlərini işıqlandıra bilər. Hər talış öz millətini bacardığı və düz bildiyi kimi müdaifə edə bilər. Ədaləti müdafiə etmək üçün kimlərdənsə səlahiyyət almaq lazım deyil.
  3. Milli azadlıq və hüquqlar uğrunda mübarizə iki formada olur:

1.Dinc siyasi mübarizə;

  1. Silahlı mübarizə.

İkinci yol arzuedilməzdir və biz bunun tətəfdarı deyilik. Hesab edirik ki, siyasi yol ilə uğur qazanmaq mümkündür. Ona görə də Talış milli hərəkatı birinci yola üstünlük verir. Bu da əsasən media məkanında çıxış etməklə, məqalələr yazmaqla, siyasi dairələrlə görüşlər keçirməklə, dünya qüdrətlərinin siyasi nüfuzlarından istifadə etməklə, bu qüdrətlərin marağını öz işinə cəlb etməklə yerinə yetirilir. Əlbətdə, burda da talışlara qarşı müxalif olanlar deyəcəklər ki, talışlar separatçılıq edir və bu iş xaricdən idarə olunur, burda xarixi kəşfiyyatın əli var və s. bu kimi ifadələr. Bu təbliğat və qarayaxma kampaniyası əlbətdə ki, Azərbaycan hakimiyyəti, yəni dövləti idarə edənlər və onları müdafiə edənlər tərəfindən elə dəstəklənir ki, guya Azərbaycanı Respublikası vaxtı ilə xarici qüvvələr tərəfindən yaradılmayıb. Bu işdə Türkiyəni və Böyük Britaniyanı ön plana çəkmək olar. Hətta Ermənistan Respublikasının İravən vilayətinin ərazisində yaranmasında Osmanlı Türkiyəsi bir nömrəi rol oynayıb. Və 1918-ci ilin Azərbaycan Cumhuriyyəti Osmanlı Türkiyəsinin təkidi ilə buna razılıq verib. Ümumiyyətlə dünyada çoxlu sayda dövlətlər xaricdən gələn yardımla yaradılıb. Hətta Amerika Birləşmiş Ştatları Fransanın və İspaniyanın hərbi köməyi ilə müstəqilliklərini əldə ediblər. Avropada da bir sıra dövlətlər belə yaranıb. Talış dövlətçiliyinin də xaricdən köməyə ehtiyacı var. Burda qeyd edək ki hal-hazırda söhbət Muxtar Respublikadan gedir, çünki bu da dövlətdir. Məsələn Naxçıvan Muxtar Respublikası Konstitusiyaya görə Azərbaycan tərkibində muxtar dövlət hesab olunur. Qeyd edək ki, Naxçıvan ərazisində Araz-Türk Respublikasının yaranmasında, sonra bu ərazilərin muxtariyyət aslmasında da Türkiyə əsas rolu oynayıb. Muxtariyyət də elə dövlətçilikdir. Məsələn, Rusiya Federasiyasının tərkibində olan respublikalar hamısı muxtar dövlətlərdir.

  1. Digər sual budur ki, Talış milli hərəkatı kimə və nəyə qarşı mübarizə aparır? Azərbaycan dövlətinə qarşı, iqtidarına qarşı, xalqına qarşı, yoxsa bu dövlətin mahiyyətinə qarşı? Əgər desək ki, Talış milli hərəkatı ancaq Əliyev rejimi ilə mübarizə aparır, onda müxaliflərimiz qarşımızda başqa sual da qoyacaq. Məsələn, hər hansı bir talışın öz milli haqlarını tələb etməsinə, etirazına onlar belə deyirlər ki, Azərbaycanda başqaların haqqı tapdlanmır ki? Onlar deyirlər ki, Azərbaycanda hamının haqları tapdalanır, nəyə görə məhz talışlar milli məsələni ortaya atıb etiraz edirlər, separatçılıqla məşğul olurlar, özlərini başqalarından ayırırlar? Belə insanların nəzərində Azərbaycan hakimiyyəti bütün əhaliyə zülm edir, ona görə də milli məsələni qaldırmaq yersizdir.

Gəlin bu suallara da cavab verək.

Əvvəla onu vurğulamaq lazımdır ki Azərbaycanda iki cür problem var:

1) Birincisi sosial-iqtisadi və siyasi hüquqların pozulması problemlәrdir ki, Azərbaycanın bütün əhalisinə aiddir. İşsizlikdir, maaşların, pensiyaların, ümumiyyətlə sosial təminatın çox aşağı olmasıdır, səhiyyənin bərbad vəziyyətdə omasıdır, ümumi iqtisadi vəziyyətin gündən günə pisləşməsidir, rüşvətxorluğun, korrupsiyanın, qohumbazlığın, yerlibazlığın, tayfabazlığın tüğyan etməsidir, seçkilərin saxtalaşdırılması, demokratik təsisatların, ümumiyyətlə qanunların işləməməsidir. Doğrudur ki bu problemlər Azərbaycanın bütün regionlarına aiddir, amma qeyd etdiklərimiz Talış regionunda lap pis formada özünü biruzə verir.

1993-cü ildən sonra 20 il ərzində Talış regionuna gözə görsənən investisiya qoyulmayıb. Hələ indiyə dək yol çəkilişində, əksər yerlərdə qazlaşdırma problemləri qalmaqdadır. Azərbaycanda Talış regionu ən geridə qalmış regionlardan biridir. Bu problemlər Azərbaycanın başqa regionlarında da var. Ona görə də talışlar etiraz edəndə demir ki «biz acıq, işsizik, qazımız yoxdur, yollar çəkilməyib», çünki bu problemlər hamıya aiddir. Talışlar sosial-iqtisadi problemlərə, məmurların özbaşınalığına, elementar insan haqların tapdalanmasına gələndə hamı ilə birgə etiraz edirlər. Lakin ikinci məsələ də var.

2) İkinci məsələ isә milli-mədəni problemlәrdir ki, bu ancaq qeyri-türk xalqlara aiddir. Və daha çox talışlara aiddir. Talışlar yalnız öz milli-mədəni haqlarını tələb edirlər, öz muxtariyyətlərini, milli-siyasi haqlarını tələb edirlər.

Bu ikinci qrupa aid olan problemlәr hakimiyyәtdә kimin olmasından asılı olmayaraq hәmişә dövlәt sәviyyәsindә mövcud olub, Sovet dövründә dә, AXC-Musavat dövründә dә, indiki hakimiyyətdə də. Çünki bu bir dövlәt ideologiyasıdır, dövlət siyasətidir. Bu məsələ Azərbaycanın bütün əhalisinə aid deyil, çünki bu ölkədə baxçalar, məktəblər, universitetlər, televiziyalar, radiolar, qazetlər, kitab nəşriyyatları, dövlət yazışmaları, sənədlər hamısı Azərbaycan dilindədir. Yəni Azərbaycan türkçəsində. Talış, avar, ləzgi, tat dillərində sadalananlar varmı? Yoxdur. Hətta Talış bölgəsində əsas rəhbər vəzifələrin qeyri talışlara və bu bölgəyə kənardan gələnlərə verilməsi də bu qəbildən olan problemlərdəndir. Ona görə milli-siyasi və milli-mədəni problemlər yalnız talışlara, tatlara, ləzgilərə və s. bu kimi haqqı tapdalanmış xalqlara aiddir.

Bir daha qeyd edək ki Azərbaycanda hamıya aid olan sosial-iqtisadi və siyasi problemlərə gəldikdə talışlar hamı ilə birgədir və özlərini ayırmırlar. Lakin milli-mədəni və milli-siyasi problemlərə gəldikdə isə bu yalnız qeyri türklərin problemləridir. Və acınacaqlısı budur ki talışlar milli-mədəni və milli – siyasi məsələlərə toxunanda müxalifətlə hakimiyyət bir mövqedə durur. Milli məsələyə görə etiraz edәn, müqavimәt göstәrәn talışlara «separatçı», «vәtәn xaini», «ermәnilәrә işlәyәn» damğası vurulur.

Qeyd etmək yerinə düşərdi ki Talış milli hərəkatının sadə azərbaycanlılarla heç bir düşmənçiliyi yoxdur. Yəni millətlər arası nifrət, düşmənçilik yolverilməzdir. Qeyd etdimiyimiz kimi, bəzi talış fəlları deyir ki, biz Azərbaycan dövləti ilə yox, Əliyev rejimi ilə mübarizə aparırıq və yaxud aparmalıyıq. Fikirimizcə, bu da bir qədər səhv yanaşmadır. Axı talışın problemləri tək bir rejimlə bağlı deyil. Məgər 1937 ildə talışların mədəni muxtariyyətləri ləğv olunanda, talışların sürgünü başlayanda hakimiyyətdə Əliyev rejimi idi? Bu düşmənçiliyi Mir-Cəfər Bağırov edib və bu hadisələr Sovet dönəmində baş verib. Bundan başqa 1919-cu ildə ruslarla talışların qurduğu Muğan-Sovet Respublikası ləğv olundanda hakimiyyətdə kim idi? Musavatın pantürkçü hakimiyyət deyildi? Yaxşı bəs 1953-cü ildən sonra nə oldu? Talışların sayını 100 nəfərə salan indiki rejim idi? Azərbaycan SSR-da da talışlara qarşı elə eyni indiki siyasət aparılırdı. Talışlar millətlər siyahısında tamamilə silinmişdilər. Yalnız 1989-cu ildə talışların sayını 21 min civarındə göstərmişdilər. İndi gəlin, baxaq görək bu cinayətkar siyasəti bir rejim yürüdüb, yoxsa Azərbaycan dövləti? Bəziləri ictimayi qınaqdan qorxub deyir ki yox bizim, dövlətlə işimiz yoxdur, bizim problemimiz rejimdir. Belə insanlar ya özləri aldanıb, ya özlərini aldadırlar, ya da talış millətini aldadırlar. Onlar necə desələr də, düşmənin heç xoşuna gələ bilməzlər. Ümumiyyətlə düşmənin xoşuna gəlmək məqsədi qoyan talış özünü və millətini alçaldır və elə düşmənə xidmət edir. Talış millətinin düşməni Azərbaycanın müxtəlif dövr hakimiyyətlərindən başqa, həm də Azərbaycan Respublikasının strateji mahiyyətidir ki, bütün iqtidarlar həmişə bu strategiyanı davam etdirəcəklər. Bax, məhz bu mahiyyətə qarşı Talış milli hərəkatı çıxış etməlidir və edir. Ona görə də biz deyirik ki, Azərbaycan dövləti ilə hər hansə bir iqtidarı bir mexanizmdir. Və bu mexanizm sadə azərbaycanlıların şuuruna da təsir göstərərək onları da talışların haqq işinə qarşı qoyur. Beləliklə, azərbaycanlı deyilən toplumla talışların arasında ədavət yaranır və bunun məsuliyyəti bütünlüklə Azərbaycan iqtidarının və dövlətinin üstündədir. Ona görə də talışlar heç çəkinmədən deyə bilərlər ki, azərbaycanlılarla yox, lakin bu dövlətlə, yəni onun mahiyyəti ilə, sistemi ilə, və nəhayət rejimi ilə mübarizə aparırlar. Bununla belə, demək olar ki, Talış milli hərəkatı prinsipçə Azərbaycanın bir dövlət kimi varlığına yox, onun indiki formada varlığına, pantürkimzə, millətçiliyə qulluq edən formasına və mahiyyətinə qarşı çıxır.

  1. Talışlar bu mübarizədə hansısa çərçivələrə girməlidirlərmi? Məsələn, erməni ilə əməkdaşlıq etmək olar, ya olmaz? Ermənistana səfər etməyə olar ya olmaz? Rusiya və İranın siyasi və iqtisadi qüdrətindən istifadə edib dövlətçilik əldə etmək olar, ya olmaz? Bununla talışılar Azərbaycana xəyanət edir, yoxsa yox? Azərbaycan dövlətinin, hakimiyyətinin və talış millətinin talehinə ən yaxşı halda biganə olan azərbaycanlı toplumunun qoyduğu düzgünlük, yaxşılıq, meyyarları talış üçün əhəmiyyət kəsb etməlidir ya yox?

Gəlin, bu suallara da cavab verək. Talış milli hərəkatını ancaq Allahın qoyduğunu qanunlar çərçivəyə sala bilər. Təsəvvür edin ki, müharibə gedir və düşmən tərəfinin hər cür silah-sürsatı olduğu halda sənə deyir: «Mən sənin üstünə tankla gəlirəm, amma sən sahəni minalama, çünki bu kişilikdən deyil, kişisənsə, curətin varsa, mənim tankıma qarşı əlində qoşalülə tüfənglə çıx. Dağda vuruşma, düş səhralığa, burda vuruş, mənə rahat olan yerdə vuruş ki, mən səni dərmədağın edim». Yəni düşmən tərəf talışları özlərinə sərf edən meydana çəkib orda onlara qalib gəlməyə çalışır. Buna imkan vermək olmaz. Məsələn, deyirlər ki, «talışlar Ermənistana gedir, orda konfranslara qoşulur, erməni lobbisi ilə dostluq edir». Sonra deyirlər ki, «Talış milli hərəkatı Rusiya və yaxud İran tərəfindən idarə olunur, bu ölkələrlə əməkdaşlıq edir». Və bunu Azərbaycana xəyanət hesab edirlər. Bütün talış xalqının gözündə düşmən kimi görünməmək üçün də onlar deyirlər: «bu işi görənlər 3-5 nəfərdir, onlar bütün talışları təmsil etmir, onlar talışların adından danışmasın, talışlar hər şeydən razıdırlar, talışlara canımız qurban, talışlar Qarabağda can verib, bunlar isə onlara xəyanət edir» və s. bu kimi sadəlöhv insanlara tuşlanmış ifadələr. Bu şüarlara azərbaycanlı deyilən türk toplumu da qoşulur və təkrar edir. Çünki Qarabağ müharibəsinin nəticəsində zərbə altında qalan milli «azərbaycançılıq» eqosu daha bir Talış problemini görmək istəmir. Qarabağ müharibəsindəki məğlubiyyət «azərbaycançılıq» idelogiyasını sarsıdıb deyə, hər hansı milli məsələ onları vəlvələyə salır. Talışlar isə get-gedə başa düşür ki, xainlik əslində Azərbaycan dövlətindən, dövlət sistemindən, bu dövlətin mahiyyətindən gəlir, çünki Qarabağda can verən talışların bütün milli-siyasi və milli-mədəni hüquqları tapdalanır.Və azərbaycanlı deyilən türk yoplumu, onun müxalifəti də bu siyasətə susur və hətta onu dəstəkləyir. Belə olan halda kimdir xain? Özünü məcburi müdafiə edən talışlar, yoxsa nankor dövlət və onun siyasətinə dəstək verən toplum?

Belə ki, hamı bilməlidir Talış milli hərəkatının imkanları Azərbaycanı idarə edən iqtidarın imkankları ilə müqaisə edilməzdir. Azərbaycan iqtidarı özü müxtəlif dünya qüdrətləri ilə əməkdaşlıq nəticəsində hakimiyyətə gəlib. Elə birinci növbədə ermənilərin özləri ilə. Hakimiyyətlərini Rusiya, ABŞ, İran, İsrail, Böyük Britaniya, Fransa, Vatikan və s. qüdrətlərlə razılaşdırıblar və bu minvalla 27 ildir ki, iqtidardadırlar. Nəyə görə haqları tapdalanmış talışlar da dünya qüdrətləri ilə əməkdaşlıq edib haqlarına yiyələnməsinlər? Məgər Qarabağda xəyanətləri talışlar edib? Yox, əksinə talışlar orda axıra qədər döyüşüb şəhidlər veriblər. İndiki iqtidarın banisi Heydər Əliyev isə elə ermənilərlə separat danışıqlara gedib Naxçıvanı müharibədən uzaqlarşdırıb və ordan müharibəyə heç bir dənə də olsun batalyon göndərməyib və hətta Dağlıq Qarabağ Respublikasını münaqişə tərəfi kimi tanıyıb. H. Əliyevin Azərbaycan ordusunun məğlubiyyətində də şübhəsiz əli var.

Talışılar bu halda hər hansı bir vasitədən yapışıb mübarizələrin gücləndirməlidirlər. Və heç kəs Talış milli hərəkatına çərçivə qoya bilməz, yaxşılıq meyarları təyin edə bilməz. Çünki qarşı tərəf çalışacaq ki, bu siyasətlə Talış milli hərəkatını çərçivəyə salıb məğlub etsin. Azərbaycan iqtidarı və Talış milli hərəkatının müxalifləri başqa yola əl atırlar, onlar bu hərəkatın miqyasını və əhəmiyyətini zərbə altına alırlar, onun gücünü və müttəfiqlərini kiçildirlər. Məsələn, deyirlər ki talışlara dövləçiliyi ermənilərmi verəcək? Bu ifadə ilə onlar çalışır ki talışların mübarizəsini gözdən salsınlar və digər talışları bu mübarizədən uzaqlaşdırsınlar. Guya talış fəallarını və hərəkatını ermənidən başqa heçkəs dəstəkləmir. Bu isə ağ yalandır.

  1. Gəlin bir sıra suallara da cavab verək. Dövlətçiliyi talışa Ermənistanmı verir? Erməni hökuməti talışa nə verə bilər? Ermənilər talışlara qarşı səmimidilərmi, onlar talışları sevirlərmi? Onların məqsədi nədir? Nəyə görə talışlara qarşı belə həssasdırlar? Talış məsələsində erməni faktoru hansı yerdədir? Rusiya, İran, Türkiyə, Avropa və ABŞ burda hansı rol oynayır? Talışlar nə etməlidirlər?

Azərbaycan iqtidarının təbliğat maşını ölkə əhalisini və talışları çaşdıraraq deyir ki, Talış məsələsini məhz ermənilər qızışdırır. Yəni ermənilər olmasaydı, talışlar o qədər əbləh və səfehdilər ki, öz muxtar və yaxud müstəqil dövlətçilikləri haqqında düşünməzlər. Demək istəyirlər ki, Naxçıvan Muxtar Respublikası ola bilər, Dağlıq Qarabağ Muxtar Respublikası ola bilər, ancaq talışların muxtariyyəti ola bilməz. Bir halda ki, Azərbaycanda talışların sayı həm naxçıvanlıların, həm də Qarabağ ermənilərin ümumi sayından üç dəfə çoxdur. Ermənilərə gəldikdə isə, onlar da talış məsələsində, əlbətdə, siyasi, taktiki və strateji maraqlarını güdürlər. Siyasətdə sevgidən danışan kəslər ancaq pantürkçü təbliğatçılardır ki, kütlənin başını qatmaq üçün belə mənasız, əsaszız kateqoriyalara və meyarlara əl atırlar. Siyasətdə sevgi-məhəbbət yox, maraqlar rol oynayır. Sevgi-məhəbbət isə başqa kateqoriyaya aid məfhumlardır. Onu da qeyd edək ki, Ermənistan hökuməti elə təbliğat aparıb ki ermənilər talışları özlərinə düşmən saymırlar. Ermənistan dövləti talışların Qarabağ müharibəsində iştirakına da anlayışlı yanaşır. Onlar düşünürlər ki, o vaxtlar başqa idi, şərait və gözləntilər də başqa idi. Sadəcə ermənilər görürlər ki Talış milli hərəkatı çox güclü siyasi faktordur. Və gələcəyi düşünərək özləri üçün regionda müttəfiq qazanmaq istəyirlər, regional siyasətdə rol oynamaq istəyirlər. Talışlar ermənilər üçün İran xalqıdır. Bir irani talış millətinə yardım etmələri onları regionun ən güclü dövlətlərindən biri olan İran İslam Respublikası ilə daha da yaxınlaşdırır və təhlükələri aradan qaldırır. Müsəlman talışlara yardım etmək onlar üçün elə stateji məsələdir ki, onlar bu vasitə ilə İslam dünyasına, müsəlmanlara düşmən olmadıqlarını göstərirlər. Ermənilər başa düşürlər ki, regionda gələcəkdə mühüm sözə sahib olacaq talışlar daha passionar və mübarizdirlər. Müharibədə talışların necə döyüşkən xalq olduğunu görüblər və bu haqda danışırlar da. Onlar talış əsgərləri haqqında hörmətlə danışırlar və heç vaxt talışlara qarşı alçaldıcı təbliğatlara yol vermirlər, əksinə tərif yağdırırlar. Onlar üçün talış kimi düşmən lazım deyil. Talışlarla düşmən olsan, regionda meydan oxuyan iranlılarla düşmən olursan. Ermənilər isə tarix boyu öz çıxarlarını yaxşı bilən bir xalqdır.

Talış milli hərəkatı da, müstəqil şəkildə öz siyasətini təyin edr və talış millətinin siyasi strateji maraqlarını güdür. Amma ermənilər üzdə olsalar da, əslində Talış məsələsində erməni faktoru heç də birinci yerdə deyil. Talış probleminin qızışmasında Azərbaycan iqtidarı üzdə əsasən erməniləri göstərmək istəsə də, əsas güc Ermənistan deyil. Əsas güc Rusiya və İrandır. Çünki Talış faktoru regionu pantürkizm kimi bir bəladan qurtara bilən və siyasi balans yarada bilən yeganə faktordur. İran və Rusiya Talış məsələsinin əleyhinə olsaydılar, Ermənistana bir sözlə bunu başa salardılar və ermənilər də bu işdən çoxdan əl çəkərdilər. Çünki Ermənistan «Rusiya-Ermənistan-İran» siyasi zəncirinin bir hissəsidir. Azərbaycan isə «İsrail-Türkiyə-Azərbaycan» siyasi zəncirin bir hissəsidir.

Avropa və ABŞ Talış məsələsində hələ ki, o qədər də fəal deyil, çünki hal-hazırda onların siyasi mübarizələri və hədəfləri başqa yerə yönəlib. Bu məsələdə talışlara qarşı çıxan hər bir ölkə Azərbaycanla bir zəncirdə olan ölkələrdir, çünki talışlar əsasən şiədir və iranlıdırlar. Talışlar onların Azərbaycan iqtidarı üzərində, dövləti üzərində hegemonluğuna maneədirlər.

Məsələ artıq o yerə çatıb ki Azərbaycan iqtidarı talışları ölüm-dirim mübarizəsinə sürükləyir, heç bir güzəştə getmir və talışlara düşmən kəsilib. Bu siyasətlə əslinə Azərbaycan öz düşmənləri olan Ermənistanın xeyrinə iş görür. Çünki Azərbaycan dövləti öz xalqlarına qarşı bu cür siyasət sürürsə, deməli, Qarabağ ermənilərinə qarşı da belə edəcək. Ermənistan bundan istifadə edib beynalxalq aləmdə Azəbaycanın siyasi mövqelərini çox zəyiflədir və Qarabağ məsələsində üstün mövqe əldə edir. Bundan başqa Əliyev rejiminin bu siyasəti talışların Azərbaycan dövlətinə qarşı qıcıqlarını çoxaldır və ölkəni daxildən parçalayır. Gerçəkdə Azərbaycanın tərkibində Talış Muxtar Respublikasının yaranması  ermənilərin xeyrinə deyil, çünki talışlar bu yol ilə Azərbaycana bağlanacaqlar. Nəyə görə Azərbaycan iqtidarı israrla vəziyyəti gərginləşdirir və ermənilərə sərf etməyən addıma getmir? Talışlara muxtariyyətin verilməməsi, onların milli hüquqlarının pozulması beynəlxalq aləmdə Azərbaycanın uduzmasına xidmət edir, Ermənistanın mövqelərini gücləndirir və bununla da, Ermənistana xidmət edir. Bunun bir cavabı var, o da budur ki, tayfa hakimiyyəti heç də Azərbaycan maraqları üçün yox, sırf tayfa maraqları üçün və xarici himayədarları üçün çalışır. Talışların sayı avarların, saxurlar, ləzgilərin sayı qədər az olsaydı, bəlkə çoxdan muxtariyyətlətini əldə edərdilər. Adları çəkilən xalqlara da muxtariyyəti ona görə vermirlər ki, talışlara da verməyə məcbur olacaqlar. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanda talışların sayı 112 min deyil, azı 15 dəfə bu rəqəmdən çoxdur. Və Naxçıvan Muxtar Respublikasının statusu talışlarda olsa, bu tayfa hakimiyyəti çox qala bilməz, qısa zamanda Azərbaycan xalqının yaxasını buraxıb getməli olacaq. Talışlar isə digər xalqlardan fərqli olaraq öz milli mənsubiyyətini saxlayaraq ölkə daxilində mühüm rola yiyələnəcəklər.

Talış Milli Hərəkatı da belə olduqda məcburdur ki, hər cür siyasi imkandan istifadə edib mübarizəsini davam etdirsin. Ona görə də talışla düşmənçilik edənlər hansı haqla talış fəllarına deyə bilərlər ki, «siz mənim düşmənim olan Ermənistanla nə üçün düşmən olmursunuz, onlarla nə üçün dostluq edirsiniz, onların yardımlarından nə üçün istifadə edirsiniz”? Bu absurddur. Bunu sadə azərbaycanlı toplumu da deyirsə, bu absurddur. Çünki bu toplum da talışların haqlarını müdafiə etmir, Azərbaycanda heç bir siyasi partiya və yaxud siyasi qrup talışların haqlarını müdafiə etmir, onlar ən yaxşı halda biganədirlər, çünki ürəklərində talışlar “cənubda olmasaydı, yaxşı olardı» düşünürlər. Onlar razıldırlar ki, bir tayfa, bir region onları idarə etsin, talasın, çapsın, əzsin, alçaldsın, həta qoy Azərbaycan müstəqilliyini itirsin, bircə talışlara muxtariyyət, dövlətçilik verilməsin. Azərbaycanlıları öldürən, torpaqlarından qovan ermənilərə təklif elədikləri dünyada analoqu olmayan geniş muxtarriyyəti bu dövlət, bu hakimiyyət və hətta bu qövm, bu azərbaycanlı toplumu, Qarabağda onların tərəfində, onlarla çiyin-çiyinə qardaş kimi döyüşən talışlara rəva bilmir.

Sual yaranır? Bu düşmənçilik deyilmi? Və talış milləti, qeyri talışların rahatlığı üçün, firavan həyatı üçün özlərini qurban verməlidilərmi? Bəziləri sual verirlər ki, Azərbaycanı Ermənistana talışların marağı uğqunda qurban vermək düzgündürmü? Biz də soruşuruq Azərbaycan iqtidarı, dövləti, toplumu talışları öz rahatlıqları üçün, öz yaşamları üçün, istəkləri üçün, ambisiyaları üçün qurban verirsə və talışların məhvinə, bir millət kimi aradan getmələrinə razıdırlarsa, talışlar nə etməlidirlər? Səni öldürmək istəyənlə mübarizə aparmaq xəyanətdirmi? Və kimə xəyanətdir? Talışla öz düşmən və xain siyasəti ilə beyyətini pozan Azərbaycanın dövləti və hakimiyyətləri və bu siyasətə razı olan toplum deyilmi? Bu siyasət 100 ildir davam etmirmi? Bizim də cavabımız budur: Əgər onlara Azərbaycan dövlətinin tərkibində inkişaf edən talış milləti lazım deyilsə, onlara talışlı Azərbaycan lazım deyilsə, deməli belə Azərbaycan dövləti də talış millətinə lazım deyil.

  1. Və nəhayət, daha bir neçə sual ortaya çıxır. Elə bir siyasi şəraitin yaranması mümkündür ki Azərbaycan öz dövlətçiliyini itirsin. Onda talışlar nə etməlidir? Bəllidir ki, Azərbaycan iqtidarı ölkənin müstəqilliyini çoxdan əldən verib və bu Respublika daha çox xarici dövlətlərin və qüdrətlərin marağına çalışır və onlardan asılıdır. Azərbaycan dövləti suveren, müstəqil dövlət deyil. Azərbaycanı Naxçıvan Muxtar Dövləti və bu muxtar quruma söykənən bir tayfa, xarici qüvvələr tərəfindən verilən etibarnamə əsasında idarə edir. Azərbaycan elə özü artıq muxtar respublikadır. Ölkə bütün strateji istiqamətlərdə məğlub olur. İdeoloji, siyasi, hərbi, iqtisadi, mədəni, əhalinin sağlamlığı və ölkə elitalarının müstəqilliyi nöqteyi – nəzərdən tamamilə iflasa uğrayıb. Belə olan halda sabah xarici qüvvələr tərəfindən Azərbaycan bir dövlət kimi dağıdılarsa, onda talışlar nə etməlidir? Məsələn, dünya qüdrətləri, regional qüdrətlər, bir müstəqil Talış Respublikası yaratmaq fikrinə düşsələr, onda necə olacaq? Bu işə nə talışlar, nə də azərbaycanlılar mane ola bilərlər. İstəsələr də, istəməsələr də, talışlar müstəqil dövləti qəbul edib yaşamalı olacaqlar. Kosovo, Abxaziya, Cənubi Osetiya, Krım və s. kimi misalları gətirmək olar. İndi Əliyev rejiminin siyasətinə susanlar, onda da susmalı olacaqlar, susmasalar susdurulacaqlar! Ölkəni bu vəziyyətə gətirib dağıdan talış deyil ki…
Go to TOP