Xıl kəndinin talış sakini yeni buğda növündən rekord səviyyədə məhsuldarlıq əldə edib

Masallı rayonunun Xıl kəndinin sakini Əlvan Məmmədov üzün illərdir taxılçılıqla məşğuldur. Daim yüksək reproduksiyalı toxumların axtarışında olan təsərrüfat sahibi ötən il xaricdən yeni buğda növü gətizdirib.

Əlvan Məmmədov builki taxıl mövsümündə buğda sahəsindən ölkə üzrə orta statistik rəqəmdən iki dəfə artıq məhsul əldə edib.

Xaricdən aldığı 100 kiloqram toxum üçün 500 manat xərcləyən təsərrüfat sahibinin biçinə tam hazır olan yeni növ buğdası dəmyə şəraitində becərilib.

Yeni növ buğda toxumunun üstünlüklərindən razı qaldığını bildirən Ə.Məmmədov deyib: “Yeni buğda toxumunun özəlliyi ondadır ki, quraqlığa davamlıdır. Yeni buğda növü formasına və məhsuldarlığına görə də yerli sortlardan fərqlənir. Əgər yerli buğda növlərinin sünbülündə buğa dənəciklərinin sayı 70-80 ədədə çatırsa, yeni növdə bu rəqəm 150-180 arasında olur”.

Əlvan Məmmədov seçimində yanılmayıb. O, 0,5 hektar sahədən 35 sentner məhsul əldə edib.

Mexanizator Almas Məmmədov da yeni buğda növünün məhsuldar olduğunu bildirib. O deyib: “Yarım hektar taxıl sahəsinin məhsulunu biçmişəm, 35 sentner məhsul verib. Mən Qazaxıstanda da taxıl biçinində işləmişəm. İlk dəfədir ki, belə məhsuldar buğda biçirəm. Küləşi də boldur”.

Əlvan Məmmədov əldə etdiyi məhsul hesabına payız mövsümündə əkin sahəsini daha da genişləndirmək niyyətindədir. O, gələn mövsümdən isə toxumluq buğdanın satışına başlayacaq.

Mənbə: AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ

Go to TOP