Talış üçün hansı daha vacibdir: Milli özünüdərk və milli şüur, yoxsa milli dilini bilmək?

Sirr deyil ki, bir milləti məhv etmək üçün ilkn öncə onun dilini, mədəniyyətini, milli şüurunu, tarixini aradan aparmaq lazımdır. Dil bir millətin qorunub saxlanılmasının ən mühüm amillərindəndir. Talışlar üçün də bu istisna deyil. Talış dili öyrənilməlidir, inkişaf etdirilməlidir, bu dildə əsərlər yazılmalıdır, filmlər çəkilməlidir və s.
Lakin çoxlu sayda misallar gətirmək olar ki, bir talış öz doğma dilini bilməsə də özünü talış hesab edir və bu onu göstərir ki, ən vacib amil milli özünüdərkdir, milli şüurdur. Buna oxşar misallar çoxdur və başqa millətlərdə də bu hallar müşahidə olunur.

Tarixdə bir çox millətlər olub ki, onların nümayəndələri dillərini itiriblər, amma milli kimliklərini, mili özünüdərklərini qoruyub saxlayıblar. Burda bir neçə amil rol oynayıb. Bəzi xalqlarda milli kimliliyin qorunmasında əsas rolu o xalqların dinləri, məzhəbləri, inancları oynayıb. Məsələn, yahudilər və ermənilər belə xalqlardandır ki, bunların formalaşmasında əsas rol onların dinlərində olub. Misal kimi onu gətirmək olar ki, hələ Avropa tarixçiləri qeyd edirdilər ki, Osmanlıda ermənilər hətta evlərində bir – biri ilə türk dilində danışırdılar, erməni dilində az sayda adam danışırdı və bu dil əsasən kilsədə qorunub saxlanılmışdır. Məhz erməni dövlətçiliyi bərpa olunandan sonra erməni dilinin tam bərpası mümkün oldu. Ermənilərin öz dillərindən başqa dilə keçməsi haqqında 10-cu, 11-ci əsrlərdə hələ ərəb tarixçiləri də yazıblar. Amma buna baxmayarq ermənilərin bir qismi İslam dininə keçib assimilləsiya olsa da, əsas kütlə dinlərinə görə özlərini qoruyub saxlaya bilib. Eləcə də, yahudilər, yəni cuhudlar.
Baxın, Azərbaycanda dağ yahudiləri var ki, tat dilində (yəni fars dilində) danışırlar. Onlar da öz milli kimliklərini dinlərinə görə qoruyublar. Amma gündəlik dillləri tat-fars dilidir. Onlardan da bir qismi islam dininə keçdikdən sonra assimilləsiya olublar və indi ya azərbaycanlı, ya da türk adlanırlar. Onlardan bəziləri, ümumiyətlə, pantürkizmə xidmət edib və hazırda da edir. İsrail dövləti qurulmamışdan əvvəl yahudilər evlərində öz doğma dilində yox, yaşadıqları ölkənin əsas dövlət dilində danışırdılar. İndi də belədir.

Bunlardan başqa millətlər də var ki, onlar öz doğma dillərində yox, başqa xalqların dilində danışırlar. Məsələn, Əfqanıstanda Həzara milləti var ki, onlar əslən türk-monqol olsalar da, irandillidirlər və dari dilində danışırlar. Heçkəs onlara fars demir. Hərkəs də bilir ki, onların əsli türk-monqoldur.

Meksikaya və ümumiyyətlə, Cənubi Amerika ölkələrinə baxaq. Orda əhali əslən hindulardan ibarət olsa da, ispan və yaxud portuqal dilində danışır. Milli kimlikləri, adətləri, mədəniyyətləri də yerindədir. Onları ağlı başında olnalardan heçkəs portuqal və yaxud ispan hesab etmir.

Keçək Rusiya ərazisinə. Rusiyada çoxlu sayda millətlər yaşayır ki, onlar əslən rus olmasa da, evlərində artıq rusca danışırlar, amma özlərini rus hesab etmirlər. Məsələn, zahirən ruslardan az fərqlənən mordvinlər belə millətlərdəndir. Onların Rusiya tərkibində öz muxtar respublikaları da var, hər cür şəraitləri də var, milli dilləri də qalmaqla, əsas danışıq dilləri ruscadır. Belə millətlərdən məsələ çuvaşları, tatarları, yamalları, yakutları, hətta dağıstan millətlərini qeyd etmək olar. Tatar türklərinin bəlkə 90% rusca danışır və ruslarla aktiv şəkildə evlənirlər.

Məsələn, ukraynalıların və belorusların müstəqil dövlətləri olsa da, əksər hissəsi rusca danışır, lakin milli kimlikləri də yerindədir.

Daha bir maraqlı misal kimi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını (rəsmi addır) gətirmək olar. Bu krallıqda İngiltərə, Şotlandiya krallıqları, Uels və Şimali İrlandiya əraziləri birləşib bir dövlət təşkil ediblər.

İngiltərə mərkəz olmaqla, Şotlandiya, Uels, Şimali İrlandiya əraziləri hamısı demək olar ki, muxtar dövlətdirlər, bayraqları, himləri, baş nazirləri, parlamnetləri var və onların baş nazirləri İngiltərəyə yox, Britaniya kralına və yaxud kraliçasına tabedirlər. İngilis dili ilə yanaşı, bütün yerli dillər, uels dili, şotland dili, gel dili, korn dili, irland dili dövlət statusuna malikdirlər. Amma maraqlısı budur ki Şotlandiyada yerli dildə çox az adam danışır, amma özlərinin milli kimliklərini qoruyublar. Məsələn, Şotlandiyanın 5,5 milyon əhalisindən şotland dilində ancaq 1,5 milyon adam danışır, gel dilində isə cəmi 100 min. Qalanların hamısı ingiliscə danışır. Amma milli kimlik qorunub saxlanılır.

Burda əlbətdə ki, bir sıra amillər var, biri də budur k,i muxtar dövlətləri var – Şotlandiya. Eləcə də Uelsdə, 3 milyon əhalidən, cəmi 600-700 min adam uelscə danışa bilir, qalanları ingiliscə danışır. Burda da milli kimlik qorunub.
Onu da qeyd edək ki, həm şotlandiyalılar, həm uelslilər ingilislərlə birgə Böyük Britaniya elitalarına daxildirlər. Birləşmiş krallığın Şimali İrlandiya ərazisi isə, ümumiyətlə, bu ittifaqdan çixmaq hüququna da malikdir. Burda əhali üç millətlədn ibarətdir yerli irlandlar, ingilisəsillilər və şotlandəsillilər.

Və nəhatyət, keçək Britaniyadan ayrılmış müstəqil İrlandiya Respublikasına. Mənə görə bu xalqların içində ən maraqlı misal irlandlardı ki, hətta müstəqil dövlətlətri vardır, amma əhalisinin əksəriyyəti ingiliscə danışır. İrlandiya Respublikasının əhalisi təxminən 5 milyondur, onlardan 85% irlandlardır. Və onlardan 1,7 milyonu müxtəlif səviyyədə irland dilini bilir. Lakin bütün əhali ingilisi dilini bilir və danışır. Dünyada irlandların sayı daha çoxdur və әgәr ümumiləşdirsək, bu say 45 milyona çatar. Tәkcә ABŞ-da irlandların sayının 33 milyona çatdığı iddia olunur və bu rəsmi hesablamalın nəticəsidir. İndi hesablayın ki, bu millətin neçə faizi öz doğma dilini bilir, o halda ki, hətta müstəqil İrlandiya Respublikası adlanan dövlətləri da var. İrlandların çox güclü milli şüuru var ki, dilllərini bilməsələr də belə özlərini irland sayırlar. ABŞ-da bir neçə prezident əslən irland olub və bu millət ABŞ-da almanmənşəlilərdən sonra (42 milyon) ikinci yerdə gedir, ingilislər isə 24 milyon sayla afrikalılardan sonra dördüncü yerdədirlər.

Lakin bütün ABŞ ingiliscə danışır. Orda yaşayan almanların da tam əksəriyyəti dillərini bilməsələr də,
özlərini amerikalı alman hesab edirlər. Deməli bu misallardan görürük ki, əsas məsələ milli özünüdərkdir, milli şüurdur. Ona görə də birinci növbədə milli özünüdərk, milli şüur bərpa olunmalıdır ki, sonra dilin bərpasına keçid olsun. Yoxsa bir insan özünü hansısa millətdən hesab etməsə, o həmin dili öyrənməz və onu dəstəkləməz.
Bunların hamısına baxanda talış milləti öz doğma dilini bilməkdə faiz nisbəti ilə daha yaxşı mövqedədir. Talışlarda da irlandlardakı kimi milli özünüdərk hissi, zənnimcə, güclüdür. Dilini bilməsə belə, özünü talış sayan adamlar çoxdur. Buna görə də dili öyrənməklə birgə, əsas üstünlük milli özünüdərkə verilməlidir ki, bu işin fundamenti möhkəm olsun.

Talışlarda milli şüurun bərpası işi daha asan və uğurlu olacaq, çünki bu millət böyük İran mədəniyyətinə və ailəsinə daxildir. Tarixdə bir neçə dəfə İran dövlətinin bərpasında və güclənməsində talışların məxsusi rolları var. Məhz bu tarixi keçmişini, əsl köklərini unutdurmaqla talışların milli kimliyini aradan aparmaq istəyirlər! Talışları, Sovet dövründə ordan-burdan, müxtəlif yerli xalqlardan, oğurluq nəticəsində yaradılan, əldəqayırma bir mədəniyyət içərisində basdırmaq istəyirlər. Buna yol vermək olmaz!

Nəticədə talışlara çatdırmaq istədiyimiz budur ki, milli dilin aradan getməsi hələ millətin aradan getməsi demək deyil, əsas odur ki, milli kimlik, milli özünüdərk aradan getməsin. Sən hətta evdə də başqa dildə də danışa bilərsən, əsas odur ki özünü öz millətindən hesab edәsən və milli kimliyinə bilərkdən xəyanət etmәyәsən. Milli kimlik, milli şüur qorunub saxlandıqda, dil də bərpa olunur, dövlətçilik də!

Seyfəddin Talışıstani

Go to TOP