Aycanda tarixi necə saxztalaşdırırlar

Axır zamanlar bir çoxlarınız Qarabağ ərazilərinin “Azərbaycan tarixi vıı” sinif orta məktəb dərsliyində “Arsax” adı altında qeydləşdirilməsini sərt şəkildə tənqid edən bir xanımın videolarını şəxsi inboxuma göndərirsiniz.İlk öncə , sosial şəbəkələrdəki yeniliklərlə tanış olmağa, zaman məhdudluğu ucbatından o qədər də imkan tapmadığım bu ərəfələrdə məni məlumatlandırdığınız üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. “Arsax” toponimi “Qarabağ” -a nisbətən daha qədimdir, irani xalqların sözükeçən ərazilərə verdikləri addır.Arsax sözündən ancaq pantürkçülər ürkə bilər, çünki, onların “qrafalarında” türklə səsləşməyən bütün adlar əvəzlənməlidir. Sak adı ilə səsləşən yer adları Azərbaycanda kifayət qədərdir.Məsələn, Şəki(Saki) , Astarada Sak(Sərək) kəndi vəs.Görünür, pantürkçüləri əl-ayağa salan sözün əvvəlindəki “ARİ ” hissəsidir. Keçək məsələnin siyasi tərəflərinə.

Toponimlərin qəbul olunmasının beynəlxalq standartları vardır ki, ilk öncə arealda yaşayan yerli xalqın ərazini necə adlandırması nəzərə alınmalıdır. Qarabağ ərazilərinin Ermənistan dövlətinin nəzarətinə keçən ərəfələrdə etnik tərkibi 145,403 erməni; 40,316 azəri olmaqla , təxminən üçdə ikisi ermənilərdən ibarət olmuşdur.Ermənilərin nə vaxt , hansı şəraitdə həmin bölgədə dominant etnosa çevrilməsi o qədər də əhəmiyyət daşımır.Fakt odur ki, ərazidə əhalinin üçdə ikisindən artığı Qarabağ yaxud Arsaxı özünə vətən hesab edən ermənidir və hazırda bəlli regiona nəzarət etməkdədirlər.Belə olunca, Azərbaycan dövləti mütləqdir ki,ərazidə yaşayan ümumi əhalinin çoxluğuna müvafiq onlara daha yaxın olan toponimi alternativ kimi qəbul etsin.

Azərbaycan dövləti əgər həqiqətən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfkliktinin sülh yolu ilə həllində maraqlıdırsa, ilk öncə ərazidə yaşayan erməniləri ,dövlətin onların millət olaraq təhlükəsizliyinə, inkişafına təminat vermək əzmində olduğunu nümayiş etdirməlidir.Bunun üçün Azərbaycan dövlətinin hüdudları daxilində yaşayan digər etnosların diskriminasiya siyasətinə son qoyulmalıdır.Çünki, indiki iqtidarın mövcudluğu şəraitində ermənilərə verilə biləcək ən yüksək statusun belə, gələcəkdə dayanıqlı olması şübhəlidir.Dövlət özü qəbul etdiyi qanunlarının tam gücü ilə ölkədə “etnos problemi” ni kökündən həll etməlidir.

Sual oluna bilər , tutaq ki, ermənilər sülh variantı ilə razılaşdılar.Yaxşı, onlara veriləcək muxtar qurumun adı necə olacaq? Əgər zorla, onlar Arsax dedikləri torpaqları Qarabağ adlandırmağa məcbur ediləcəklərsə , daha bu danışıqların nə perspektivi ola bilər?

Hər halda Təhsil Naziriliyinin bu addımı təqdirəlayiqdir deyə, düşünürəm. Azərbaycan Tarixi dərsliklərində ölkədə yaşayan digər qeyri-türk etnosların tarixlərinin saxtalaşdırılması hallarına son verilməli, bütün millətlərin tarixinə bərabər şəkildə meydan verilməlidir.
Ümumiyyətlə, dərsliklərin hazırlanması pantürkçü şovinistlərin inhisarından çıxarılmalıdır.

Elvin İrşadov (Umar Ali)

Go to TOP